22 Dekabr 2024, Bazar

Mayın 4-dən Naxçıvan mötəbər bir şahmat bayramına – Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən “Naxçıvan Open-2014” Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edir. Hakimlərin və iştirakçıların maraqlı fikirlərini oxucularımızla bölüşməyi peşə borcu bildik:

Yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Faiq Həsənov:
– Gənclərin mənəvi tərbiyəsində, zehni inkişafında mühüm vasitə olan şahmat Azərbaycanda yüksək templə inkişaf edən və çox sevilən bir idman növüdür. Ulu öndərimiz Heydər Əliyev Azərbaycan şahmatçılarını daim diqqət və qayğı ilə əhatə etmiş, onların peşəkarlıq səviyyələrinin yüksəlməsi üçün xüsusi sərəncamlar imzalamışdır. Bu prosesi uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin 2009-cu il 5 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı” dünya ölkələri təcrübəsində şahmat idman növünün inkişafına yönəldilən ilk proqram kimi müasir idman tariximizə daxil olmuşdur. Bu qayğının nəticəsi olaraq, şahmatçılarımız dünya miqyaslı yarışlarda qazandıqları uğurlu nəticələrlə xalqımızı sevindirirlər. Azərbaycanın şahmat üzrə yığma komandası dünyanın ən güclü komandaları arasında ön sıralardadır. Bu yarış haqqında isə onu deyə bilərəm ki, blokadada olan muxtar respublikanın belə bir şahmat bayramına  ev sahibliyi etməsi regionun sürətli inkişafından, şahmat idman növünə göstərilən yüksək dövlət qayğısından xəbər verir. Qeyd edim ki, yüksək reytinqli şahmatçıların iştirakına görə builki festival xüsusilə fərqlənir. “A” qrupunda yüksək reytinqli şahmatçılar yarışırlar.

Azərbaycan yığmasının bir neçə üzvü istisna olmaqla, bütün heyət burada qüvvəsini sınayır. İsveçrə sistemi üzrə keçirilən yarışlarda güclülər ilk turda zəiflərlə yarışırlar. Maraqlı burasıdır ki, ötən il burada keçirilən yarışlarda reytinq əmsalı yüksək olan şahmatçılarla görüşlərdə reytinq əmsalı az olan Azərbaycan şahmatçıları yaxşı nəticə göstəriblər. Əksər görüşlər bərabərliklə başa çatmışdır. Azərbaycan şahmatçısı Gülnar Məmmədova keçmiş dünya çempionu Xalifmanla yarışmışdı. Xalifman özü etiraf etdi ki, o, oyunu rəqibinə təslim etmək belə istəyib. Ancaq sonda Xalifman qalib gəldi. Bu da onu göstərir ki, yarışda təcrübə öz sözünü deyir. Ancaq bütün bunlara baxmayaraq, bu dəfə də gözlənilməz nəticələr ola bilər.
Bu gün burada Azərbaycan və digər ölkələrin ən yaxşı şahmatçıları qələbə uğrunda mübarizəyə başlayıblar. Anton Korobov, Denis Kismatullin, Rauf Məmmədov, Eltac Səfərli,  Aleksandr Simanov, Pavel Smirnov, Qadir Hüseynov, Oleq Korneyev və onlarla təcrübəli şahmatçının bu yarışda iştirakı bir daha onu göstərir ki, bu festivala maraq böyükdür. Ötən illərdə festivala gələn şahmatçılar bu il də yarışlara böyük həvəslə qatılırlar. Builki festivalda Naxçıvan şahmatçılarından Talıb Babayev və Ürfan Sevdimalıyevdən yaxşı nəticələr gözləyirik.  
Muxtar respublikanın bu qəbildən olan yarışların keçirilməsi sahəsində potensialı barədə isə onu deyə bilərəm ki, hələ 2003-cü ildə Naxçıvanda gənc şahmatçıların dünya çempionatı keçirilmişdi. Ötən illərdə keçirilən “Naxçıvan Open-2011”, “Naxçıvan Open-2012”, “Naxçıvan Open-2013” Beynəlxalq Şahmat festivalları muxtar respublikanın beynəlxalq yarışların keçirilməsində hansı imkanlara malik olduğunu bir daha dünyaya nümayiş etdirdi. Festivallar yüksək səviyyədə təşkil edilmişdi. Yarışlar barədə beynəlxalq şahmat aləmində çox yaxşı fikir yaranmışdı və dünya çempionatları içərisində Naxçıvanda keçirilən bu yarışlar ən yaxşılardan biri sayılmışdı. Onu da deyim ki, belə açıq festivallarda çox nadir hallarda tanınmış, yüksək reytinqli şahmatçıları görmək olar. Ancaq Naxçıvan keçirilən bu festivalların yüksək səviyyədə təşkili ilə dünyanın məşhur, tanınmış şahmatçılarını cəlb edə bildi. Səviyyəli idmançılar bu festivallarda yarışıblar. Bu gün isə muxtar respublika “Naxçıvan Open-2014” Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edir. Burada iştirak edən şahmatçılar da deyirlər ki, belə gözəl, hər cür imkanlara malik Şahmat Mərkəzini çox az ölkədə görmək olar. Dünyanın müxtəlif guşələrindən gəlmiş şahmatçıların yüksək səviyyədə qarşılanması, onların asudə vaxtlarının təşkili istiqamətində görülən işlər qonaqlarda xoş təəssüratlar yaradıb. Onlar bir daha görürlər ki, Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevə nə qədər dərin hörmət və ehtiram var, dahi rəhbərin xatirəsinə həsr edilən festivalda hər bir kiçik təfərrüata xüsusi diqqət yetirilib, təşkilatçılıq zərgər dəqiqliyi ilə aparılıb. Məncə, bu, blokadada olan Naxçıvan üçün böyük nailiyyətdir və festivalın əhəmiyyətini son dərəcə artırır. Naxçıvanı dünyadan ayrı salmaq istəyənlərə ən yaxşı cavabı da elə Naxçıvan özü verir: idman, mədəniyyət, incəsənət və digər sahələrdəki uğurları ilə yalnız fiziki blokadada olduğunu bütün dünyaya sübut edir, mənən bütün sərhədləri aşır, inkişaf edən dünyaya inteqrasiya olunur. “Naxçıvan Open-2014” Beynəlxalq Şahmat Festivalı buna əyani sübutdur.
Anton  Korobov qrossmeyster, Ukrayna:
– Mən “Naxçıvan Open-2011” Beynəlxalq Şahmat Festivalının qalibi kimi festivalın kubokunun sahibiyəm və festivalın kubokunu mənə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov təqdim edib. O zaman mən çıxış edərək festivalın ənənəvi olmasını arzulamışdım və yarışın təşkilatçılarına minnətdarlığımı bildirmişdim. Çox şadam ki, arzularım gerçəkləşdi və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə keçirilən bu festivalda yenidən iştirak edirəm. Beynəlxalq festivalın mənim üçün ən böyük əhəmiyyəti bu festivalın müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilməsidir. Naxçıvanı hər zaman xoş xatirələrlə yada salıram və inanıram ki, bu dəfə də belə olacaq. Ona görə ki, burada biz şahmatçılar üçün yaxşı şərait yaradılıb və asudə vaxtımız da səmərəli təşkil edilib. Naxçıvan bir şahmatçı üçün ideal məkandır. Hər yer sakit və təmizdir. İnsan özünü çox rahat hiss edir. Bizə yaradılan şəraitə görə şahmatçı yoldaşlarım adından minnətdarlığımı bildirirəm.
Naxçıvan şəhərinə gəldikdə isə deyə bilərəm ki, şəhər ilbəil dəyişilir və gözəlləşir. Bu, inkişafın göstəricisidir. Mən elə hiss edirəm ki, bu diyara birinci dəfədir, gəlirəm. Onu da deyim ki, bu qədim diyarda şahmata böyük maraq var. Festivalın keçirilməsi üçün hərtərəfli hazırlıq da yüksək səviyyədədir. Bu səbəbdən də dünyanın müxtəlif ölkələrindən buraya öz gücünü sınamağa gəlmiş şahmatçılar razılıq edirlər. Bu dəfə festivala dəvət alanda çox sevindim. Ona görə sevindim ki, köhnə dostlarımı görmək, onlarla ünsiyyətdə olmaq imkanı əldə edirəm. Muxtar respublika bu festivalla dünyanın müxtəlif ölkələrindən gələn insanları bir araya toplayıb. Bu, məncə, böyük nailiyyətdir. Bir də ona görə məmnunam ki, Naxçıvan bizi yenə böyük qonaqpərvərliklə qarşıladı.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR