Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Boks Federasiyasının birgə təşkil etdiyi boks üzrə Naxçıvan Muxtar Respublika turnirinə start verilib.
Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsindən sonra çıxış edən federasiyanın sədr müavini Məmmədcəfər Əliyev idmançılara uğurlar arzulayıb. Daha sonra yarışın bədii hissəsi olub. Naxçıvan Dövlət Filarmoniyası kollektivinin bir-birindən rəngarəng çıxışları alqışlarla qarşılanıb.
200-ə yaxın idmançının mübarizə apardığı turnirdə keçirilən görüşlərdən sonra finalçıların adlarına aydınlıq gətirilib. 13 çəki dərəcəsində keçirilən turnirdə ən həyəcanlı qarşılaşma bu gün 60 kiloqram çəki dərəcəsində keçiriləcək final görüşü olacaq. Bu çəki dərəcəsində bir çox beynəlxalq turnirlərin qalibi olmuş Tayfun Əliyev ondan heç də zəif təsir bağışlamayan İbrahim Cəfərzadə ilə qarşılaşacaq. Hər iki boksçu Naxçıvan şəhərini təmsil edir. Digər maraq kəsb edən döyüş isə 69 kiloqram çəki dərəcəsində olacaq. Bu çəki dərəcəsində izləyicilər Elmar Qasımov və Elnur Mustafayev qarşılaşmasına şahidlik edəcəklər.
Qeyd edək ki, bu gün keçiriləcək final qarşılaşmalarından sonra uğur qazanan idmançılara adıçəkilən nazirlik və federasiya tərəfindən diplom, qiymətli hədiyyələr veriləcək.
Xəbərlər şöbəsi