Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə bu gün boks üzrə Naxçıvan Muxtar Respublika turnirinə start veriləcək.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Boks Federasiyasının birgə təşkil etdiyi birincilik 3 gün davam edəcək. Artıq dünən idmançıların hansı çəki dərəcəsində rinqə çıxacaqları müəyyənləşib. 200-ə yaxın idmançının mübarizə aparacağı turnirdə boksçular 13 çəki dərəcəsində – 38, 42, 46, 48, 52, 54, 56, 60, 64, 69, 75, 81 və 91 kiloqramda yumruqlarını “işə” salacaqlar. Bu gündən etibarən start verilən turnirə mayın 2-də yekun vurulacaq.
Qeyd edək ki, turnirdə fərqlənən idmançılara nazirlik və federasiya tərəfindən diplom və qiymətli hədiyyələr veriləcək.
Ceyhun MƏMMƏDOV