22 Dekabr 2024, Bazar

“Sağlam həyat sağlam idmanın nəticəsidir”. Bu deyim idman sahəsində çalışan həkimlərin apardıqları araşdırmalardan sonra özləri üçün seçdikləri devizdir. Hər gün yüksək əhval-ruhiyyədə olmaq, enerjili və sağlam həyat yaşamaq istəyənlərə həkimlərin ilk və əsas məsləhəti idmanla məşğul olmaqdır.

İdmanın xeyri

İdman insanın həyat tərzini müsbət və ya mənfi yöndə dəyişdirə bilən kompleks fəaliyyət sistemidir; onu tanınmış simaya çevirir, yaxud əlil buraxır. Ancaq həkimlər bu sahədən düzgün yararlananların heç vaxt mənfi halla üzləşmədiyini qeyd edirlər. Bəs idmanla məşğul olmağın bizə nə kimi xeyir və ya xeyirləri var? Aparılan araşdırmalardan sonra məlum olub ki, bu sahənin insan orqanizmi üçün aşağıdakı xeyirləri var:

Əhvalı yüksəldir. İdman sayəsində narahatlıq və gərginlik aradan qalxır, əsəb sistemi, belə demək mümkünsə, müalicə olunur. Nəticədə, insan özünü gümrah və əvvəlkindən daha yaxşı hiss edir; idman xroniki xəstəliklərin qarşısını alır. Müntəzəm idmanla məşğul olmaq yüksək qan təzyiqini və qanda xolesterinin miqdarını nizamlayır. Bu, orqanizmi xroniki xəstəliklərə daha dözümlü edir; idman çəkini qorumağa kömək edir. Müntəzəm idmanla məşğul olan zaman insan kalori itirir ki, bu da artıq çəkilərdən xilas olmağa kömək edir; idman ürəyin və ağciyərin funksiyasını gücləndirir. Müntəzəm idman vücudu oksigenlə zənginləşdirir, damarlarda qan dövranını artırır ki, bu da ağciyərin və ürəyin fəaliyyətinin yüksək formada tənzimlənməsi ilə nəticələnir. Bundan başqa, idman edərkən insan beyninə onun fəaliyyəti üçün vacib olan zəngin oksigen daşınmış olur. Bütün bunların sayəsində insanda əmələ gəlmiş yuxusuzluq və təngnəfəslik aradan qalxır.
Məlum olduğu kimi, əsəb pozğunluğu, depressiya, nevroz insanın bütün orqanizminin zəifləməsinə, vücudda bir sıra xəstəliklərin baş qaldırmasına səbəb olur. Həkimlər əsəb pozğunluğu, depressiya, nevrozun qarşısını almaq üçün ən əvvəl insanları idmanla məşğul olmağa çağırırlar. Bir çox xəstəliklər var ki, onları dərman preparatları ilə deyil, idmanın müxtəlif növlərindən yararlanmaqla daha effektli aradan qaldırmaq olur. Məsələn, əsəbsakitləşdirici B1 vitamini əvəzolunmaz həb hesab edilir. Lakin insan üzgüçülüklə məşğul olmaqla bu sarsıntını dəf edə bilər. Həmçinin əsəbləri çəkilmiş tarımdan xilas etməkdə tennis və ya bovlinq oynamaq olduqca effektlidir.
Beyin əqli cəhətdən yorulanda yaddaş pozğunluğu yaranır, əhval-ruhiyyə qəfildən pisləşir. Bu zaman həkimlərin ilk tövsiyəsi B12 vitaminindən faydalanmaq olur. Ancaq insanlar bu vəziyyətdən də idman vasitəsilə qurtula bilərlər. Bunun üçün onların futbol və ya basketbol oynamaları kifayətdir. Eyni zamanda beyində olan qarışıq düşüncələri aydınlaşdırmaq üçün həmin idman növlərində keçirilən görüşləri izləmək də nəticəyə varılmasında xeyirlidir.
Beyinin yaxşı işləməsi və hormonal balansın qorunması üçün həkimlərin məsləhəti dərmanlardan istifadədir. Lakin insanın gördüyü işi beyni ilə düşünüb addım atdığını nəzərə alsaq, o zaman düşündürən idman növlərindən istifadə labüd olacaqdır. Bu problemi aradan qaldırmaq üçün şahmat, stolüstü tennisdən və güləşin yunan-Roma növündən bəhrələnmək vacibdir.
Bəs insanı infarkt və diabetdən qoruyan hansı idman növləridir? Gündəlik 30 dəqiqəlik gimnastika artıq çəkidən xilas olmağa, qan təzyiqinin və şəkərin səviyyəsinin normallaşmasına kifayət edir. Beləliklə, artıq çəkidən qurtulmaq şəkərin, normal qan təzyiqi isə infarktın qabağını almış olur. Ötən il idmanla diabetin və infarktın qarşısını almaq məqsədilə bir qrup mütəxəssis insanlar üzərində maraqlı müşahidələr aparıb. Həmin müşahidələr diqqətçəkici məqamlarla nəticələnib. Belə ki, ürək-damar xəstəliklərinin inkişafı sindromu və diabet xəstə­liyi müşahidə olunan bir qrup insana 8 ay müddətində işə avtobus və ya avtomobillə deyil, piyada getmək məsləhət görülüb. Müşahidələrin sonunda həmin insanların yarısında diabet xəstəliyinin idarəolunan formada tənzimləndiyi və yaranacaq infarkt riskinin kəskin şəkildə azaldığı məlum olub.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR