Çempionluq yolunda əmin addımlarla irəliləyən “Araz-Naxçıvan” futbol komandası növbəti qələbəsini bayram edib. Səfərdə “Karvan” futbol komandasının qonağı olan muxtar respublika klubu 1:3 hesablı qələbə qazanmaqla cari mövsümdə qalibiyyət sayını 22-yə yüksəltdi və liderliyini davam etdirdi. Bununla, qırmızı-ağlar Yevlaxda qazandıqları qələbə sayəsində həm turnir cədvəlindəki mövqelərini qorudular, həm də çempion olmaq üçün əla şans əldə etdilər.
Qələbəyə heç nə mane ola bilmədi
Yevlaxda keçirilən oyun böyük əhəmiyyət kəsb edirdi. Ən yaxın izləyicisini 9 xal qabaqlayan “Araz-Naxçıvan”a bu görüşün qalibi olacağı təqdirdə çempionluq üçün yalnız 1 xal kifayət edirdi. Buna görə məhz “Karvan” üzərində mütləq qələbəni qarşısına məqsəd qoyan komandanın baş məşqçisi Əsgər Abdullayev əsas heyəti meydana buraxmışdı. Qapıda Emil Balayevə güvənən Ə.Abdullayev müdafiəni yenə Ruslan-Mikayıl-Cavid-Əlimirzə kvartetinə tapşırmışdı. Yarımmüdafiə xəttində Eşqin-Akif-Elgiz triosu həmişəki mövqeyində qalmışdı. Bu dəfə Tərlan Xəlilov həmişəki mövqeyindən fərqli yerdə çıxış edirdi. Hücumun sol cinahında özünə yer alan T.Xəlilovla yanaşı, Elmin Çobanov və David Canıyev də rəqibin müdafiə xəttini yarmağa çalışırdı.
Muxtar respublika klubu Naxçıvandakı ilk oyunda Yevlax təmsilçisi qarşısında baxımlı oyun sərgiləsə də, qapıya yol tapmaqda çətinlik çəkmişdi. Lakin son 20 dəqiqədə özünə gələn qırmızı-ağlar rəqibini darmadağın etməyə müvəffəq olmuşdular. Yevlaxlılar komandamız üzərində qələbə qazanmaq üçün meydana əsas heyətləri ilə çıxmışdılar. Rəqibin oyundan öncə atdığı addım diqqətdən yayınmadı. Belə ki, bir gün öncə yağışın yağması ilə onsuz da yararsız bir halda olan stadionun ot örtüyü oyundan bir neçə saat əvvəl sulandı. Nəticədə, arenada futbol oynamaq üçün yararsız vəziyyət yarandı. Lakin bu, komandamızın qələbəsinə maneçilik törətmədi.
İkinci oyunda ikinci dubl
Oyunun gərgin şəraitdə keçəcəyini öncədən bilən hər iki rəqib əvvəlcə kəşfiyyat xarakterli oyuna üstünlük verdilər. Daha çox müdafiədən hücuma atılmaq həvəsində olan komandalar ara-sıra müdafiədə boşluqlar buraxdılar. Bundan ilk istifadə edən isə meydan sahibləri oldu. İlk 10 dəqiqənin tamamında heç kimin gözləmədiyi halda “Karvan” tablodakı sıfırları dəyişməyə müvəffəq oldu. Belə ki, sağ cinahdan qapımız önünə şığıyan Əli Bağırov oyunda ilk qola imza atdı. Erkən vurulan qol komandamızı ruhdan salmadı və qırmızı-ağlar əzmkarlıqlarını bir daha meydanda nümayiş etdirdilər. Hücuma atılan komandamız ilk 20 dəqiqədə iki dəfə hesabı dəyişə bilərdi. Hər iki epizodda Tərlan Xəlilovun cərimə zərbəsindən vurduğu toplar təhlükə yaratsa da, rəqib müdafiəçilər sayıqlığı əldən vermədilər. Lakin T.Xəlilov oyunun ilk hissəsinin başa çatmasına 6 dəqiqə qalmış istəyinə nail oldu. Elmin Çobanovun sol cinahdan etdiyi asmadan sonra Tərlan başı ilə toru silkələməyə müvəffəq oldu – 1:1. Qoldan daha da ruhlanan qırmızı-ağlar hücumlarına ara vermədi.
İkinci hissədə meydan sahibləri bir qədər aktivliyini artırdı. Ancaq qapıçı Emil Balayevin inamlı oyunu rəqibin sevinməsinə imkan vermədi. Əvəzində isə rəqibin hücumçusu Ə.Bağırovla bombardirlik cədvəlində yarışan David Canıyev “Karvan”ı ikinci dəfə mərkəzə dəvət etdi. Bu dəfə cərimə zərbəsindən Eşqin Quliyevin asması cərimə meydançasında təhlükəli anlar yaratdı. Qarışıqlıqdan istifadə edən David toru silkələməyə müvəffəq oldu – 1:2. Məğlubiyyəti həzm edə bilməyən meydan sahibləri müdafiədə boşluqlar yaratmağa başladılar. Bundan isə Naxçıvan təmsilçisi maksimum istifadə etdi. Sağ cinahdan ötürmə alan Akif Tağıyev sürətli reydlə cərimə meydançasına daxil oldu və David Canıyevə ideal ötürmə etdi. Hücumçumuz isə, öz növbəsində, toru silkələməkdə çətinlik çəkmədi – 1:3. Bu, Davidin ardıcıl ikinci matçda ikinci dublu oldu. Həmçinin o, cari mövsümdə 18-ci qoluna imza atdı. Oyun barədə maraqlı olan nüans isə cari mövsümdə keçirilən hər iki görüşün eyni hesabla başa çatmasıdır. Hətta hər iki matçda hesabı “Karvan” açsa da, sonradan komandamız 3 qol vuraraq meydanı 3 xalla tərk edib.
Bu qələbədən sonra xalını 70-ə yüksəldən “Araz-Naxçıvan” futbol komandası liderliyini davam etdirdi. İndi komandamızın çempion olmağına mayın 2-də “Şəmkir” futbol komandası ilə keçiriləcək görüşdə bir xal qazanması belə, kifayətdir.
Ceyhun MƏMMƏDOV