Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi Naxçıvan Muxtar Respublika çempionatına yekun vurulub. Çempionatda 10 komanda iştirak edib ki, bunların 3-ü Naxçıvan şəhərinin təmsilçiləri olub. Digər 7 komanda isə muxtar respublikanın rayonlarından qatılıb. Ötən ilin sentyabr ayında başlayan uzun marafon bu həftə başa çatıb. Budəfəki çempionluq marafonu bir çox xüsusiyyəti ilə digər mövsümlərdən fərqlənib. İlk olaraq, yenidən Azərbaycan çempionatında iştirak edən “Araz-Naxçıvan”ın əvəzedici heyəti “Araz-2” adı ilə muxtar respublika birinciliyində öz qüvvəsini sınayıb. Digər tərəfdən isə uzun müddətdən sonra çempionun adı dəyişib. Belə ki, 7 illik “DİN FK” hegemonluğuna son qoyulub. Bu uğura Naxçıvan Dövlət Universitetinin “Universitet” komandası imza atıb.
Naxçıvan Muxtar Respublika çempionatının 2013-2014-cü illər mövsümündə feyr-pleyə ən çox riayət edən komanda “Kəngərli” olub. Komandanın futbolçuları cəmi 9 sarı vərəqə ilə cəzalandırılıblar.
Xəbərlər şöbəsi