Aprel ayının 24-də Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Babək rayonunun ümumtəhsil məktəbləri arasında şahmat yarışının II mərhələsi keçirilmişdir. Babək Rayon İcra Hakimiyyəti və rayon Təhsil Şöbəsinin tədbirlər planına əsasən təşkil olunan yarışda 6 məktəbin komandası iştirak etmişdir.
Yarış başlanmazdan əvvəl rayon Təhsil Şöbəsinin məsləhətçisi Rasim Eyvazov çıxış edərək bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü Babək rayonunda silsilə tədbirlərlə geniş qeyd olunur. Zonalarda start götürən şahmat yarışı da bu tədbirlərin davamıdır.
Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin baş təlimatçısı Zakir Quliyev yarışın qaydaları barədə məlumat vermişdir.
Yarışın nəticələrinə görə, Hacıvar kənd tam orta məktəbinin komandası birinci, Güznüt kənd tam orta məktəbinin komandası ikinci, Yarımca kənd tam orta məktəbinin komandası üçüncü olmuşdur.
Qalib komanda mayın 5-də keçiriləcək final mərhələsində iştirak edəcəkdir.
Həmin gün adıçəkilən tədbirlər planına əsasən, rayonun ümumtəhsil məktəbləri arasında mini-futbol yarışı keçirilmişdir. Kərimbəyli kənd tam orta məktəbinin komandası rəqiblərini məğlub edərək mayın 8-də keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanmışdır.
Xəbərlər şöbəsi