22 Dekabr 2024, Bazar

Ötən həftə Naxçıvan Muxtar Respublikasının futbol həvəskarları daha bir turnirə şahidlik etdilər. Bu dəfə yaşıl meydanlara peşəkar futbolçular yox, bu yolda əmin addımlarla irəliləmək istəyən yeniyetmə məktəblilər çıxdılar. İlk olaraq qeyd edək ki, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2005-2015-ci illərdə Azərbaycanda futbolun inkişafına dair Dövlət Proqramı”na əsasən, son illərdə muxtar respublikada bu idman növünün inkişafı üçün bir sıra tədbirlər görülüb. Bu günlərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi Azərbaycan çempionatının Naxçıvan üzrə zona birinciliyinə yekun vurulub.

8 komandanın – Şərur, Sədərək, Şahbuz, Kəngərli, Babək, Ordubad, Culfa və Naxçıvan futbolçularının olimpiya sistemi ilə mübarizə apardığı birincilikdə komandalar 4 yaş qrupu üzrə təşkil edilmişdi. 2000, 2001, 2002 və 2003-2004-cü illər təvəllüdlü uşaqlarla yanaşı, yuxarıda adlarını sadaladığımız bölgələrin 7 və 9-cu sinif şagirdlərindən ibarət komandaları da mübarizəyə rəng qatıblar. Ümumilikdə, hər zona 6 komanda ilə birincilikdə mübarizə aparıb.
İlk olaraq, 2000-ci il təvəllüdlü gənc futbolçuların final oyunu daha maraqlı alınıb. Belə ki, Şərur və Şahbuz komandalarının görüşünün əsas və əlavə vaxtı 0:0 başa çatıb və qalib penalti zərbələrində müəyyənləşib. Bu mərhələdə daha dəqiq oynayan şərurlular rəqibini 3:2 hesabı ilə məğlub etməklə yarışı öz yaş qruplarında birinci pillədə başa vurublar. Azarkeşlər 2002-ci il təvəllüdlü futbolçuların final görüşündə Şərur-Naxçıvan qarşılaşmasına şahidlik ediblər. Bu dəfə Naxçıvan şəhərinin komandası şərurlu həmkarlarından daha üstün olub. Oyunun gedişatında Şərur komandası hesabda 2:0 öndə olsa da, bunu sonadək qoruya bilməyib – 2:3. Ümumiyyətlə, turnirə iddialı hazırlaşan Şərur futbolçuları 2001 və 2003-2004-cü il təvəllüdlülərin finalında da oynamağa haqq qazanıblar. 2001-ci il təvəllüdlü gənc şərurlu futbolçular finalda Naxçıvan şəhərinin komandasını 6:1, 2003-2004-cü il təvəllüdlü futbolçular isə həlledici matçda Kəngərlini 5:0 hesabı ilə məğlubiyyətə uğratmaqla yarışın qalibi adını qazanıblar.
Məktəblilər kubokuna gəlincə, VII və IX sinif şagirdlərinin mübarizə apardığı birincilikdə 8 rayon öz komandası ilə gücünü göstərib. VII siniflərin finalında yenə Şərur məktəbliləri üstün olduqlarını nümayiş etdiriblər. Onlar Naxçıvan şəhərinin komandasını 6:2 hesabı ilə məğlub edərək turnirin qalibi olublar. Elə IX sinif şagirdləri də həmyerlilərinin uğurlarını təkrarlayıblar. Şərurlu məktəblilər yenə finalda Naxçıvan şəhərinin məktəblilərini 1:0 hesabı ilə məğlub ediblər.
Qeyd edək ki, turnirin qalibi olan komandalar may ayında Bakıda keçiriləcək Azərbaycan çempionatının final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR