Azərbaycan Respublikası gömrük orqanları arasında təşkil olunan futzal üzrə növbəti birincilikdə birinci və ikinci turun oyunları arxada qalıb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 22-ci ildönümünə həsr olunan yarışda Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin komandası “B” qrupunda mübarizə aparıb. Qeyd edək ki, 16 komandanın mübarizə apardığı ənənəvi yarışda bu dəfə “A” qrupunun oyunları Qazaxda, “B” qrupunun oyunları isə bu günlərdə İsmayıllıda baş tutub.
Qrup oyunlarında Bakı Baş Gömrük İdarəsinin komandası ilə (“BBGİ”) bərabərə qalan (3:3) və digər rəqiblərinə böyük üstünlüklə qalib gələn komandamız yarışın dörddəbir final mərhələsində “Astara”nı (Astara Gömrük İdarəsi) mübarizədən kənarlaşdırıb: 8:0.
Qrup oyununda “sülh”ə razılaşan “Naxçıvan” və “BBGİ” komandaları finalın bir addımlığında yenidən üz-üzə gəliblər. Erkən final kimi də dəyərləndirilən qarşılaşmada Naxçıvan gömrükçüləri matçın 10-cu dəqiqəsində Aynar İsmayılovla önə keçib. Birinci hissənin tamamında Kamil Hacıyev və Vilayət Mehralıyev hərəyə bir dəfə fərqlənməklə fərqi üç topa çatdırıblar. Rəqib futzalçıların bütün cəhdləri ikinci hissədə də nəticəsiz qalıb. Əvəzində Asif Eyvazov yekun nəticəni müəyyən edib: 4:0.
Final qarşılaşması ümummilli liderimizin doğum günündə – may ayının 10-da Bakı şəhərindəki ABU ARENAda keçiriləcək. Həlledici oyunda “Naxçıvan” və “HNBGİ” (Hava Nəqliyyatında Baş Gömrük İdarəsi) komandaları üz-üzə gələcəklər.
Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti