Futbol üzrə Azərbaycan I divizionunun 25-ci turu çərçivəsində “Araz-Naxçıvan” futbol komandası azarkeşlərini yenə sevindirdi. Səfərdə “Lokomotiv”in qonağı olan qırmızı-ağlar 3 xalı 3 qolla əldə etdilər. Biləcəridə keçirilən oyundakı qələbədən sonra əldə edilən xallar komandamızı çempionluğa bir addım da yaxınlaşdırdı.
Bakıya yollanarkən “Araz-Naxçıvan” komandasının baş məşqçisi Əsgər Abdullayev 3 xalın vacibliyindən xəbərdar idi və mövsümün son turlarında itiriləcək hər hansı bir xalın nə qədər böyük əhəmiyyəti olduğunu yaxşı bilirdi. Odur ki, yetirmələrinə mütləq şəkildə qələbə qazanmağı tapşıran baş məşqçi heyətə də, necə deyərlər, əl gəzdirməli olmuşdu. Paytaxtda keçiriləcək oyunun ilk 18-liyinə Bəxtiyar Soltanov, Əziz Hüseynov, Elvin Ağamalov və Eşqin Quliyev daxil edilməzkən, Ruslan Zamanov oyunu kənardan izləməli oldu. B.Soltanovun cəzalı olması onun oyunda iştirakına imkan verməmişdi.
E.Quliyev isə özünü yaxşı hiss etmədiyindən meydana çıxa bilmədi. Əvəzində baş məşqçi müdafiə xəttini Ruslan Abıyev-Mikayıl Rəhimov-Tural Hümbətov-Əlimirzə Daşzərini kvartetinə tapşırmışdı. Cavid Həsənov və Akif Tağıyev müdafiənin önündə olduqları halda Tərlan Xəlilov dirijorluq bacarığını nümayiş etdirməyə çalışdı. İrfan Hüseynov və Elmin Çobanov isə, hər zaman olduğu kimi, David Canıyevə hücumda köməklik etməklə məşğul idilər.
Rəqib isə liderlə oyunda baxımlı oyun sərgiləməyi qarşısına əsas məqsəd kimi qoymuşdu. Əslində, “Lokomotiv”in hədəfi mövsümün əvvəlindən bəlli idi: bu komanda ona görə yaradılıb ki, gənc futbolçular burda daha çox oyun təcrübəsi qazansın və “Bakı”ya köməklik etsinlər. Odur ki, baş məşqçi İlqar Hüseynov meydana daha çox gəncləri buraxmışdı. Buna baxmayaraq, Biləcəri təmsilçisi sürətli oyunu və baxımlı futbolu ilə azarkeşlərin alqışını qazandı.
3 xalın vacibliyini dərk edən “Araz-Naxçıvan” futbolçuları ilk dəqiqələrdən üstünlüyü ələ aldılar. Topa daha çox yiyələnən və oyunu rəqibin cərimə meydançasında quran qırmızı-ağlar 6-cı dəqiqədə hesabı aça bilərdilər. Tərlan Xəlilovun cərimə zərbəsindən vurduğu top qapı tirinə tuş gəldi. Az sonra əks-cinahda futbolçumuzun qarşısını rəqib kobudluqla aldı. Bu dəfə Akif Tağıyev qapı önünə mükəmməl asma etdi. Müdafiəçilərdən yayınan Mikayıl Rəhimov başla gözəl oynadı və toru silkələdi – 0:1. Qol vurmalarına baxmayaraq, muxtar respublika təmsilçisi hücumlara ara vermədi. Az sonra İrfan Hüseynov tablodakı rəqəmi dəyişə bilərdi. Elmin Çobanovun uzun reydi və David Canıyevin mükəmməl ötürməsindən sonra İ.Hüseynova yalnız topa toxunmaq qaldı. Lakin hücumçumuz topu boş qapı əvəzinə havaya göndərdi. Bir neçə dəqiqə sonra İrfan yenə diqqət mərkəzinə düşdü. Bu dəfə müdafiəyə yardımçı olmağa gələn hücumçumuz meydan sahiblərinin futbolçusu tərəfindən ciddi qayda pozuntusu ilə üzləşdi. Hakim Vüsal Əliyev isə tərəddüd etmədən Kənan Cəfərova birbaşa qırmızı vərəqə göstərərək onu meydandan uzaqlaşdırdı. Azlıqda qalan “Lokomotiv” qarşısında daha rahat oynayan komandamız ilk hissədə bir neçə dəfə qol imkanı əldə etsə də, bunları boşa verdi.
İkinci hissəyə Əsgər Abdullayev dəyişikliklərlə başladı. İlk olaraq, İrfan Hüseynovun əvəzinə meydana Azər Məmmədovu buraxan baş məşqçi daha çox qol vurulması niyyətində olduğunu, komandanın hücuma atılmasını bir daha nümayiş etdirdi. Dəyişikliklərin bəhrəsi özünü 54-cü dəqiqədə göstərdi. Komanda yoldaşından ideal ötürmə alan Tərlan Xəlilov qüvvətli zərbə ilə rəqib qapıçını ikinci dəfə məyus etdi – 0:2. Artıq rahat bir şəkildə qələbəni bayram etməyə hazırlaşan muxtar respublika təmsilçisi rəqib qapısı önündə yenidən lövbər salmağa başladı. Təbii ki, ardıcıl hücumlar qarşısında bir qədər geri çəkilən meydan sahibləri daha bir dəfə məyus oldular. Uzun ötürməni eyni gözəlliklə ram edən Azər Məmmədov David Canıyevə assistentlik etdi. Hücumçumuz isə əlinə düşən fürsətdən maksimum yararlandı – 0:3. Bu, Davidin cari mövsümdə 14-cü qolu oldu.
68-ci dəqiqədə meydandakı futbolçuların sayı bərabərləşdi. Belə ki, komandamızı əks-hücumda yaxalayan “Lokomotiv”li futbolçular hesab arasındakı fərqi azaltdı. Cərimə meydançasında qapıçını da keçən rəqibin hücumçusu qapıya zərbə endirdi. Lakin Ruslan Abıyev burda əli ilə oynadı. Əvəzində isə referi onu da meydandan uzaqlaşdırdı və qapımıza penalti zərbəsi təyin etdi. Topa yaxınlaşan Ülvi Quliyev isə görüşdə son nöqtəni qoydu. Bununla, “Araz-Naxçıvan” cari mövsümdə 20-ci qələbəsini qazandı.
Qeyd edək ki, komandamız növbəti oyununu aprelin 19-da doğma arenada Qazaxın “Göyəzən” klubuna qarşı keçirəcək.
Ceyhun MƏMMƏDOV