22 Dekabr 2024, Bazar

Böyük idmançılar bütün dünyaya məxsusdurlar. Dünyada tanınmış məşhur idmançılar isə onlara aid edilən bu deyimi daim bəşəri düşüncə olaraq yaddaşlara həkk etməyə çalışmışlar. Azarkeş kimi izlədiyimiz idmançıların bizə bəxş etdikləri sevinc hisslərini bəzən heç bir şeyə dəyişmək istəmirik. Və bu sevinc, qazanılan uğur tarixə yazılır. Xüsusilə paralimpiyaçıların əzmkarlıqla əldə etdikləri uğur, bu uğura görə yaşanan sevinc tarixin yaddaşına əbədi həkk olunur.

Uğurlu inkişaf

Müasir idmanda paralimpiya hərəkatı geniş vüsət almışdır. Dünyada bu hərəkatın başlama tarixi Böyük Britaniyanın Elsberri şəhərindəki Stok Man­devil xəstəxanasının neyrocərrahı Lüdviq Qoutmanın təşəbbüsü ilə 1948-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarının açılış mərasimində ilk dəfə kolyaskalı əlillər arasında Böyük Britaniyanın 1-ci milli yarışlarının keçirilməsi ilə hesablanır.
1960-cı ildə Romada ilk dəfə Par­alimpiya Oyunları keçirilmiş və 23 ölkənin 400 idmançısı bu mötəbər yarışda iştirak etmişdir. 1988-ci ildə Seul Yay Oyunları və 1992-ci il Albervil Qış Oyunlarından etibarən Paralimpiya Oyunlarının Olimpiya Oyunları ilə eyni yerdə və eyni ildə keçirilməsi qərara alınmışdır. 2000-ci il Sidney Yay Paralimpiya Oyunlarında 127 ölkədən 4000 idmançı altı əlillik qrupunda, 18 idman növündə təmsil olunmuşdur ki, bu fakt Beynəlxalq Paralimpiya Hərəkatı tarixində rekord göstərici kimi tarixə düşmüşdür.
Azərbaycanda Milli Paralimpiya Komitəsi 1996-cı il fevral ayının    9-da fəaliyyətə başlamış və həmin gün Milli Paralimpiya Komitəsinin təsis konqresi keçirilmişdir. Bundan sonra ulu öndər Heydər Əliyevin diqqət və qayğısı ilə bu hərəkat respublikada təşəkkül tapmağa başlamışdır.
Məhdud fiziki imkanlı insanların idmanla məşğul olması, idman yarışlarında, beynəlxalq turnirlərdə yüksək nailiyyətlər əldə etməsi qürurverici haldır. Bu, onların bir tərəfdən nə qədər iradəli olduqlarını, digər tərəfdən isə məhdud fiziki imkana baxmayaraq, cəmiyyətdə öz fəaliyyətlərini göstərmək üçün nə qədər əzmkar olduqlarını göstərir. Belə insanlar – idmançılar cəmiyyətdə böyük hörmətə, böyük şərəfə layiqdirlər. Azərbaycanda paralimpiyaçılarımızın bu cəsarəti onu göstərir ki, ölkə  gəncləri, idmançıları böyük istedada, potensiala malikdirlər. Və bu gəncliyin, xüsusilə məhdud fiziki imkanlı gənclərin istedadlarının üzə çıxarılmasına ölkəmizdə böyük diqqət və qayğı göstərilir, onların beynəlxalq yarışlarda uğur qazanmalarına stimul olan məqsədyönlü tədbirlər həyata keçirilir.  
Son on ildə ölkə Prezidenti cənab  İlham Əliyevin həyata keçirdiyi uğurlu idman siyasəti nəticəsində paralimpiyaçılarımız xeyli uğurlar qazanmışlar. İlk dəfə 1996-cı ildə Atlanta Paralimpiya Oyunlarında iştirak etmiş paralimpiyaçılarımız 2000-ci ildə  iki medal qazanmışlar. Son on ildə daha uğurlu nəticələr əldə edən idmançılar 2004 Afina olimpiadasında iki qızıl, bir gümüş və bir bürünc medal olmaqla, dörd medala sahib olmuşlar. 2008-ci ildə Pekində təşkil olunan Paralimpiya Oyunlarında Azərbaycan paralimpiyaçıları müsbət ənənəni davam etdirmiş, 18 idmançıdan ikisi qızıl, üçü gümüş və beşi bürünc  olmaqla, 10 medala layiq görülmək kimi böyük nəticə əldə etmişlər. Sonuncu London Paralimpiya Oyunlarında isə 21 idmançı ilə təmsil olunan paralimpiyaçılardan ibarət milli komandamız 4 qızıl, 5 gümüş, 3 bürünc medalla Azərbaycanın adını ölkə sıralamasında 27-ci yerə yazdırmağı bacarmışdır. Beləliklə, cənab İlham Əliyevin ölkəmizə 10 illik rəhbərliyi dövründə əlil idmançılara olan dövlət qayğısının daha da artırılması nəticəsində digər idmançılar kimi, fiziki imkanları məhdud idmançılarımız da beynəlxalq yarışlarda, eləcə də Paralimpiya Oyunlarında uğurla çıxış edərək, bayrağımızı dünyanın idman arenalarında dalğalandıraraq Azərbaycanın idman ölkəsi kimi dünyaya tanıdılmasına öz layiqli töhfələrini vermişlər.

Naxçıvan Muxtar Respublikasında idmançılara göstərilən qayğı

Ölkə başçısının uğurlu idman siyasəti Naxçıvan Muxtar Respublikasında da öz bəhrəsini verməkdədir. Belə ki, 2006-cı ildən muxtar respublikada fəaliyyətə başlayan Paralimpiya Federasiyası 7 il ərzində bir çox nailiyyətlərə imza atmışdır. London Paralimpiya Oyunlarında iştirak edən Naxçıvan idman məktəbinin yetirməsi Hüseyn Həsənov ölkəmizə bürünc medal qazandırmışdır.
Muxtar respublikada məhdud fiziki imkanlı idmançılar üçün hərtərəfli şərait yaradılmış, Paralimpiya Federasiyası müxtəlif idman qurğuları və avadanlıqları ilə təmin edilmişdir. Federasiyanın sədr müavini Elçin Nəzərəliyevlə ötən il keçirilən yarışlar barədə danışdıq: “2013-cü ildə muxtar respublikada fiziki cəhətdən məhdud insanlar üçün müxtəlif idman növləri üzrə yarışlar təşkil edilmişdir. Fevral ayında İlham Əliyev adına Olimpiya-İdman Kompleksində pаr­alimpiyаçılаr аrаsındа 2 çəki dərəcəsində (70 kiloqramadək, 70 kiloqramdan yuxarı) armrestlinq idmаn növü üzrə Nахçıvаn Muxtar Respublika birinciliyi keçirilmişdir. Bu yarışda müхtəlif kаtеqоriyаdаn оlаn 20 məhdud fiziki imkanlı idmаnçı iştirаk еtmiş və fərqlənən idmаnçılаrа hədiyyələr verilmişdir. Bundan başqa, ötən il iyulun 24-də İlham Əliyev adına Olimpiya-İdman Kompleksində paralimpiyaçılar arasında futzal idman növü üzrə muxtar respublika birinciliyi təşkil edilmişdir.
İyul ayında Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası tərəfindən muxtar respublikamızda paralimpiyaçılar arasında qolbol idman növünün formalaşdırılması məqsədilə Azərbaycan Milli Paralimpiya Komitəsinin iki məşqçisi muxtar respublikaya dəvət olunmuşdur”.
“Federasiya tərəfindən təşkil olunan yarışlar təkcə Naxçıvan şəhərində deyil, muxtar respublikanın digər rayonlarında da keçirilmişdir”, – deyən Elçin Nəzərəliyev bildirdi ki, 2013-cü ilin aprel аyında Şərur Olimpiya-İdman Kompleksində pаrаlimpiyаçılаr аrаsındа stolüstü tennis üzrə muхtаr rеspublikа birinciliyi keçirilmişdir. Yаrışdа müхtəlif kаtеqоriyаdаn оlаn 20 sağlamlıq imkanları məhdud idmаnçı iştirаk еtmişdir. May ayında isə elə bu kompleksdə keçirilən və ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilən paralimpiya idman festivalı maraqla qarşılanmışdır. Festivalın keçirilməsi ilə əlaqədar Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasına 77 nəfər dəvət olunmuşdur ki, onlardan 10 nəfəri Milli Paralimpiya Komitəsinin heyət üzvü, 52 nəfəri idmançı, 12 nəfəri məşqçi, 3 nəfəri isə hakim olmuşdur. Belə turnirlər analoji olaraq Babək, Şahbuz və Culfa rayonlarında da təşkil edilmişdir. Bununla yanaşı, 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə də Naxçıvan Muxtar Respublikasında turnir təşkil olunmuşdur.
Federasiya rəsmisi onu da əlavə etdi ki, 24 iyul 2013-cü il tarixdə İlham Əliyev adına Olimpiya-İdman Kompleksində paralimpiyaçılar arasında futzal idman növü üzrə muxtar respublika birinciliyi keçirilmişdir. Birincilikdə hər biri 5 nəfərdən ibarət 8 komanda mübarizə aparmışdır.
16-17 noyabr tarixlərində Ağsu şəhərində keçirilən pauerliftinq üzrə VII açıq Azərbaycan çempionatında muxtar respublikamızın paralimpiyaçılarından ibarət komandası iştirak etmiş, idmançılarımız çempionatdan medallarla qayıtmışlar. Belə ki, ağırlıqqaldırma idman növü üzrə mübarizə aparan təmsilçilərimizdən Telman Şirinov 65 kiloqram çəkidə, Eldar Əliyev isə 88 kiloqram çəkidə üçüncü yerə layiq görülmüşlər.
Bütün bunlar onu göstərir ki, 7 illik fəaliyyəti dövründə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası bir çox uğurlara imza atmışdır. Bu da muxtar respublikada məhdud fiziki imkanlı idmançılar üçün yaradılan hərtərəfli şərait nəticəsində mümkün olmuşdur.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR