Futbol üzrə Azərbaycan I divizionunun 25-ci turu çərçivəsində “Araz-Naxçıvan” futbol komandası səfərdə Biləcərinin “Lokomotiv” komandasının qonağı olacaq.
Ötən turdakı heç-heçədən sonra bu oyuna ciddi şəkildə hazırlaşan Əsgər Abdullayevin yetirmələri gündə iki dəfə olmaqla məşqlərini davam etdirirlər. Komandamız Naxçıvanda son məşqinə bu gün çıxacaq. Muxtar respublika stadionunda keçiriləcək məşqdən sonra futbolçular səfər hazırlıqlarına başlayacaqlar. Sabah isə komandamız Bakıya yola düşəcək və günün ikinci yarısında “Bakı” futbol klubunun (FK) təlim-məşq bazasının stadionunda məşq prosesini davam etdirəcək.
Komandadakı ab-havaya gəlincə, çempionluq yarışında liderliyi qorumaq üçün bütün qüvvələrini səfərbər edən qırmızı-ağlarda əsas məqsəd səfər matçından üç xalla qayıtmaqdır. “Araz-Naxçıvan”ın heyətində yeganə itki isə Bəxtiyar Soltanovdur. Belə ki, “Neftçala” ilə görüşdə qırmızı vərəqə alan futbolçumuza İntizam Komitəsi 4 oyunluq cəza verib.
Qeyd edək ki, “Lokomotiv”-“Araz-Naxçıvan” matçı aprelin 13-ü saat 1500-də “Bakı” FK-nın təlim-məşq bazasının stadionunda oynanılacaq.
Ceyhun MƏMMƏDOV