Ötən gün Naxçıvan Atıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Əlahiddə Ümumqoşun Ordusunun təşkilatçılığı ilə gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi idman oyununun Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra Gənclər və İdman Nazirliyinin əməkdaşı Canməmməd Canməmmədov yarışı açıq elan edib və birincilikdə iştirak edən gənclərə uğurlar arzulayıb.
Muxtar respublika birinciliyində 9 komanda mübarizə aparırdı. “Naxçıvan-1”, “Naxçıvan-2” komandaları ilə yanaşı, Şərur, Babək, Sədərək, Ordubad, Culfa, Şahbuz və Kəngərli komandaları da bu yarışda öz qüvvələrini sınayıblar. Digər mərhələlərdən fərqli olaraq, bu dəfə məktəblilər daha çətin sınaqlardan keçməli olublar. Belə ki, komandalar 8 mərhələdə öz güclərini nümayiş etdiriblər. Əvvəlcə onlar sıra hazırlığında özlərini göstərdilərsə, digər mərhələlərdə darağa patrondoldurma və boşaltma, avtomatı sökmək və yığmaq, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq və maneələrin dəf olunması mərhələlərinin öhdəsindən gəlməyə çalışıblar. Son iki mərhələdə isə məktəbli gənclər münsiflər qarşısında öz bacarıqlarını müdafiə hazırlığı və sanitarların yarışında nümayiş etdiriblər.
Qeyd edək ki, zona birinciliyinin qalibləri olan Ordubad rayonunun və Naxçıvan şəhərinin “Naxçıvan-1” komandaları may ayında Bakıda keçiriləcək ümumrespublika birinciliyinə vəsiqə qazanıblar.
Ceyhun MƏMMƏDOV