Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Əlahiddə Ümumqoşun Ordusunun təşkilatçılığı ilə “Cəsurlar” hərbi idman və turizm oyununun muxtar respublika zona birinciliyi keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Gənclər və İdman Nazirliyinin əməkdaşı Canməmməd Canməmmədov yarışı açıq elan etdikdən sonra turnirin reqlamenti barədə məlumat verib.
Sonra Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev, Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik-leytenant Mirqiyas Rüstəmov çıxış ediblər.
Muxtar respublika birinciliyində 9 komanda öz gücünü sınayıb. “Naxçıvan-1” və “Naxçıvan-2” komandaları Naxçıvan şəhərini təmsil etdiyi halda, digər 7 komanda muxtar respublikamızın rayonlarını bu yarışda layiqincə təmsil etməyə çalışıb. Komandalar reqlamentə uyğun olaraq, 10 növ üzrə yarışıblar. Belə ki, gənc məktəblilər ilk olaraq sıra hazırlığında öz bacarıqlarını göstəriblərsə, digər mərhələdə onlar daha çətin sınaq qarşısına çıxıblar. Taxta hasarın üstündən keçməklə maneənin dəf olunması, körpünün üstündən keçməklə xəndəyin dəf olunması, kəndir vasitəsilə təhlükəli zolağın qət olunması, kəndir vasitəsilə yüksəkliyə dırmanma, yüksəklikdən enmə və yerdə sürünməklə maneənin dəf olunması mərhələləri məktəbli gənclərə əzmkarlıq nümayiş etdirməyə fürsət verib. Bununla yanaşı, yarış iştirakçıları istehkamdan hədəfə qumbaraatma, zəhərli zonanın dəf olunması, yaralının döyüş zonasından çıxarılması və turist çadırının qurulması mərhələlərində də öz bacarıqlarını nümayiş etdiriblər. Yekun nəticəyə görə, Ordubad şəhərindəki 3 nömrəli tam orta məktəbin komandası birinciliyin qalibi olub. Culfa rayon Saltaq kənd tam orta məktəbinin komandası ilə Naxçıvan şəhərindəki 15 nömrəli tam orta məktəbin komandası ikinci və üçüncü yerləri bölüşüblər.
Qeyd edək ki, zona birinciliyinin qalibləri olan iki komanda may ayında Bakıda keçiriləcək respublika birinciliyinə vəsiqə qazanıblar.
Ceyhun MƏMMƏDOV