22 Dekabr 2024, Bazar

Onunla görüşəndə “Naxçıvan Muxtar Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı ilə təltif olunduğunu hələ bilmirdi. Təbrik etdim. Sevincindən gözləri doldu. “Mən futbolla vaxtsız vidalaşdım. Amma ondan ayrılmadım. Naxçıvanda futbolun inkişafı üçün əlimdən gələni əsirgəmədim. Mənim bu kiçik xidmətimə dövlətimiz böyük qiymət verib. Məni ən çox sevindirən hadisə böyük futbola yenidən qayıtmaq olar deyə, düşünmüşəm: elə bil, futbola qayıtmışam”, – dedi.

Futbol bəzən ədalətsiz oyun kimi də qiymətləndirilir: oyunçuların zədələnmələri, baş verə biləcək bədbəxt hadisələr, məğlubiyyətlər, uğursuzluqdan sonra oyunçuların komandadan uzaqlaşdırılması və sair. Sadalanan bu “ədalətsizlik”lər bəzən tanınmış simaların karyeralarını vaxtından əvvəl bitirmələrinə səbəb olur. Keçmiş SSRİ dönəmində Naxçıvan futbolu bir yetirməsi ilə öyünməyə başlayırdı ki, “zədə epidemiyası” ondan da yan keçmədi.
İbrahim Rzayev Naxçıvan futbolunun ötən əsrin 80-90-cı illərində yetişdirdiyi ən istedadlı oyunçuların siyahısına başçılıq edirdi. Gənc yaşlarında onun mükəmməl oyunu keçmiş sovet məşqçilərinin diqqətindən yayınmamışdı.

Qısa müddət sonra o, SSRİ-nin gənclərdən ibarət millisinə dəvət edilir. Müdafiədə baxımlı oyunu, sürətli reydləri sayəsində İ.Rzayev əsas heyətin dəyişilməz üzvünə çevrilir. Lakin bir oyunda aldığı zədə onun bütün arzularını puç etdi. O günləri xatırlayarkən İbrahim Rzayev bunları dilə gətirdi:
– 1976-cı ildə “Araz” komandasında məşqçi Əli Əliyevin başçılığı ilə futbolçu karyerama başladım. 1978-ci ildə Ruslan Abdullayevin rəhbərlik etdiyi Naxçıvan klubunun əsas heyətinə dəvət olundum. Bir müddət oynadıqdan sonra Azərbaycanın yeniyetmələrdən ibarət millisinə çağırıldım. Yığmada oyunumu görən Əhməd Ələsgərov məni o zaman ölkənin bir nömrəli komandası olan “Neftçi”yə dəvət etdi. Həmin müddətdə komanda Anatoli Banişevski, Valeri Qryazev və Əhməd Ələsgərovun rəhbərliyi altında uğurlu çıxışları ilə seçilirdi. 1981-ci ildə SSRİ-nin yeniyetmələrdən ibarət millisinə çağırıldım. Bu, Naxçıvan futbol tarixində yeganə hal idi.
“Neftçi”nin heyətində Kiyevdə “Dinamo”ya qarşı oyun mənim heç vaxt yadımdan çıxmaz. 1:1 hesabı ilə başa çatan oyun zədələndiyim görüş idi. Sağ ayağımdan ciddi zədə aldım və oyunu yarımçıq tərk etdim. 4 aya yaxın Mos­kvada müalicə olundum, lakin zədəmi bərpa etmək mümkün olmadı. Naxçıvana qayıtdım, beləcə, böyük futbolla vidalaşdım: özü də 25 yaşımda”.
Təbii ki, bir futbolçu üçün bundan ağır hal ola bilməz. “Neftçi”də oynayarkən İ.Rzayev bir çox tanınmış futbolçularla birlikdə top qovub. O deyir:
– SSRİ millisində oynayarkən dünyanın bir çox tanınmış futbolçusu həmin yığmada çıxış edirdi. Bunlar arasında Mixaliçenko, Protasov, Çerkezov və başqaları var idi. O zaman Azərbaycanın tanınmış futbolçuları İsgəndər Cavadov, Əsgər Abdullayev, Səməd Qurbanov, Maşallah Əhmədov, Rəşid Özbəyov, Vaqif Sadıqov Bakı klubunun heyətində çıxış edirdilər. Belə təcrübəli futbolçularla bir yerdə oynamaq, doğrudan da, olduqca fərəhli və qürurverici hal idi.
İbrahim Rzayev karyerasını bitirməyə məcbur olduqdan sonra futbola olan sevgisinin ölməməsi üçün bu sahədən ayrılmayıb. Naxçıvana qa­yıtdıqdan sonra o, məşqçiliyə başlayıb: “Naxçıvana qayıtdıqdan sonra məşqçi kimi fəaliyyətə başladım. İşlədiyim komandalarda 7 dəfə Naxçıvan Muxtar Respublika çempionu, 6 dəfə “Prezident Kuboku”nun sahibi, 6 dəfə “Naxçıvan Kuboku”nun sahibi, Türkiyədə keçirilən beynəlxalq turnirin qalibi və ən yaxşı məşqçi titullarını qazanmışam. Hazırda məşqçiliklə yanaşı, Naxçıvan Muxtar Respublikası Stadionunun direktoru vəzifəsində çalışıram”.
Veteran futbolçu yeni formalaşan “Araz-Naxçıvan” futbol klubu barədə də fikirlərini bizimlə bölüşdü: “12 il Naxçıvanda böyük futbol olmayıb, futbol üçün çox darıxmışdım. “Araz-Naxçıvan” futbol komandası bərpa olunduqdan sonra bu, məni çox sevindirdi. Doğma komandamı yenidən meydanlarda görmək başqa hissdir. Hazırda komanda I divizionun lideridir. Həmçinin baş məşqçi Əsgər Abdullayevin bu kollektivə rəhbərlik etməsi sevindirici haldır. Uzun illər onunla çiyin-çiyinə futbol oynamışıq və indi də dostluğumuz davam edir. Naxçıvan klubunun yaranmasından sonra gənclərin bu sahəyə marağı daha çox artıb. Deyərdim ki, hər gün yeni uşaqlar gəlir və komandanın müəyyən yaş qruplarında oynamaq arzusunda olduqlarını bildirirlər. Bu da onun göstəricisidir ki, Naxçıvanda əsaslı futbol ənənəsi var. Arzu edirəm ki, sevimli komandam Avropanın yaşıl meydanlarında qələbələr qazansın”.
Sonda İbrahim Rzayev qırmızı-ağların ikinci dövrədəki oyunlarına da toxundu və Naxçıvanda futbolun yenidən dirçəlməsində əməyi olanlara minnətdarlığını bildirdi:
– Komanda ikinci dövrənin hazırlıqlarını Bakıda keçdi. Heyətdə naxçıvanlı məşqçilərin çalışması sevindirici haldır. Həmin məşqçilər bir zamanlar “Araz”ın heyətində çıxış ediblər (Orxan Mirzəyev, Bilal Nağıyev – C.M.). İnanıram ki, “Araz-Naxçıvan” komandası uğurlu çıxışını davam etdirəcək və liderliyini sonadək qoruyacaq. Gələn mövsümdən komandamızı Premyer-Liqada görəcəyik. Komanda hazırkı uğurlarını Naxçıvan Muxtar Respublikasının rəhbərinə borcludur. Muxtar respublika rəhbərinin dəstəyi sayəsində bir çox istedadlı futbolçu “Araz-Naxçıvan”a dəvət olundu. İnanıram ki, komandamız çempion olmaqla onlara göstərilən etimadı doğruldacaq və əməyin hədər yerə getmədiyini göstərəcək”.
İbrahim Rzayev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1 aprel tarixli Sərəncamı ilə ona verilən “Naxçıvan Muxtar Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirdi: “Bu ada layiq görülməyim məni futbola bir qədər də bağladı. Ali Məclisin Sədrinə öz minnətdarlığımı bildirirəm. Çalışacağam ki, mənə göstərilən etimadı doğruldum”.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR