22 Dekabr 2024, Bazar

Futbol üzrə Azərbaycan I divizionunun lideri olan “Araz-Naxçıvan” futbol komandası əldə etdiyi nəticələrlə Premyer-Liqaya doğru əmin addımlarla irəliləməkdədir. Ən yaxın izləyicisindən 11 xal irəlidə olan komandamızın elə həmin rəqibə qarşı keçirəcəyi matç maraqla gözlənilirdi. Çünki əldə ediləcək hər hansı uğurlu nəticə çempionluq yolunda mühüm rol oynayacaqdı. Digər tərəfdən, “Qaradağ Lökbatan”ın da birincilik uğrunda mübarizə aparması görüşə marağı daha da artırmışdı.

Stadion niyə dəyişdirildi?

“Araz-Naxçıvan” futbol komandası Bakıda keçirilən görüşdə bir çox təcrübəli futbolçusuna yer verməmişdi. Belə ki, nisbətən yüngül zədəsi olan Akif Tağıyev Naxçıvanda qalmış, Əlimirzə Daşzərini və İrfan Hüseynov isə 18-liyə salınmamışdı. Əvəzində isə komandanın baş məşqçisi Əsgər Abdullayev müdafiə xəttində Mikayıl-Ruslan-Tural-Ruslan kvartetinə şans vermişdi. Elgiz Kərimlinin önündə oynayan Eşqin Quliyev və Cavid Həsənov isə hücumların qurulmasında bilavasitə rol oynayırdı.

David Canıyev isə hücumun sivri ucunda cinahlardan hücuma qoşulan Əziz Hüseynov və Elmin Çobanovdan ideal ötürmələr gözləyirdi.
Rəqib son 3 oyunda xal itirməklə artıq liderdən xeyli uzaqlaşdığını yaxşı anlayırdı. Odur ki, doğma arenada keçiriləcək matçda onlar mütləq qələbə qazanaraq liderdən uzaqlaşmamağa, həmçinin ikincilik uğrunda mübarizədən kənar qalmamağa çalışırdı. Belə olan halda görüşün əhəmiyyəti xeyli artmışdı.
Oyundan öncə baş verənlər isə muxtar respublika klubunun azarkeşləri tərəfindən heç də yaxşı qarşılanmadı. İlk olaraq, görüşün İsmət Qayıbov adına stadionda keçiriləcəyi dəqiqləşsə də, qarşılaşmaya bir gün qalmış matçın oynanılacağı yer dəyişdirildi və Lökbatan Qəsəbə Olimpiya Kompleksinin stadionu olaraq müəyyənləşdirildi. Təbii ki, bu arenada ot örtüyünün bərbad vəziyyətdə olması futbolçuların oyununa təsirsiz ötüşmədi. Arenanın dəyişdirilməsinə isə rəqib komanda müəyyən don geyindirməyə çalışdı. Eyni zamanda rəqibin oyundan öncə bir qədər qonaq komandaya laqeyd yanaşması diqqətdən yayınmadı. Halbuki “Qaradağ Lökbatan” futbol komandası çempionatın birinci hissəsində muxtar respublikaya səfər edərkən bu cür halla üzləşməmişdi.

Hesaba alınmayan qol

“Futbol, sadəcə, futbol demək deyil” devizini yaxşı anlayan və buna hər zaman riayət edən “Araz-Naxçıvan” futbol komandası bu görüşə qələbə əzmi ilə çıxmaqla yanaşı, həm də qaydalara əməl etməyi qarşısına məqsəd qoymuşdu. Çünki oyundan öncə baş məşqçi futbolçulara meydanda, sadəcə, top uğrunda mübarizə aparmağı tapşırmışdı.
Oyun komandamız üçün yaxşı başlamadı. İlk dəqiqələrdən hücuma atılan Lökbatan təmsilçisi küləyin də qapımız tərəfə əsməsindən istifadə edərək ilk 15 dəqiqədə 2 epizodda qapıçımız Emil Balayevin sayıqlığını yoxlamağa imkan tapdı. Kəşfiyyat xarakterli oyun 20 dəqiqədən sonra komandamızın üstünlüyü ilə davam etdi. Artıq topla daha çox oynamağa başlayan və rəqibi əks-hücumlarda yaxalayan qırmızı-ağlar David Canıyevlə qola çox yaxınlaşdılar. Sağ cinahdan edilən ötürməni qəbul edən D.Canıyev cərimə meydançasına daxil oldu. Lakin onun dönərək qapıya zərbəsi zəif alındı. İlk hissənin sonuna yaxın komandamız topu qapıdan keçirməyə nail oldu. Belə ki, cərimə zərbəsi zamanı Eşqin Quliyevin asması rəqib qapısı önündə təhlükə yaratdı. Hamıdan yüksəyə tullanan Mikayıl Rəhimov başla Elmin Çobanova ötürmə etdi. Sonuncuya isə yalnız toxunmaq qaldı. Lakin referi Rauf Cabbarov bu qolu qeydə almadı. Açıqlamasını isə qapıçıya toxunuş kimi əsaslandırdı. Halbuki oyunun təkrar videoyazısını izləyərkən belə bir toxunuşun olmadığının şahidi olduq.
İkinci hissə daha çox qarın yağması ilə yadda qaldı. Matçın artıq 50-ci dəqiqəsindən sonra futbolçular topla mübarizə aparmaqla yanaşı, həmçinin qarın da təsirindən özlərini ayaq üstə saxlamağa çalışırdılar. Bir epizodda rəqibin künc zərbəsindən sonra qapımıza hücumu təhlükəli alındı. Lakin Emil Balayevin mükəmməl reaksiyası torun silkələnməsinə mane oldu. Meydan sahiblərinin son 7 dəqiqədə kobud oyunu onların azlıqda qalması ilə nəticələndi. Belə ki, əks-hücum zamanı Əziz Hüseynova qarşı Taleh Muradovun kobudluğu hakimin diqqətindən yayınmadı. İkinci sarı vərəqə ilə cəzalanan rəqib oyunçu komandasını azlıqda qoydu. Elə həmin epizodun davamında lökbatanlılar qapıları önündə təhlükəni son anda dəf edə bildilər. Davidin uzaqdan zərbəsini qapıçı qapı xəttindən çıxarmağa müvəffəq oldu. Az sonra D.Canıyev yenidən diqqət mərkəzinə düşdü. Bu dəfə sol cinahda topla təmin olunan hücumçumuz mükəmməl zərbə ilə azarkeşlərə həyəcanlı anlar yaşatdı. Rəqibin bundan sonra səylərinə baxmayaraq, hesab dəyişmədi və “Araz-Naxçıvan” cari mövsümdə üçüncü dəfə meydanı “sülh”lə tərk etdi. Bu heç-heçədən sonra qırmızı-ağlar 60 xalla liderliklərini davam etdirirlər və ən yaxın izləyicisini 9 xal qabaqlayırlar.
Qeyd edək ki, “Araz-Naxçıvan” növbəti oyununu məhz 9 xal qabaqladığı “Neftçala” futbol komandasına qarşı keçirəcək. Oyun aprelin 5-i Naxçıvan Muxtar Respublika Stadionunda oynanılacaq.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR