22 Dekabr 2024, Bazar

Futbol üzrə Azərbaycan I divizionunun 22-ci turu çərçivəsində “Araz-Naxçıvan” futbol komandası doğma arenada “MOİK”-i qəbul etdi. Bakı təmsilçisi ilə görüş xüsusi əhəmiyyət kəsb edirdi. Çünki çempionatın ilk dövrəsində paytaxtda keçirilən matçda muxtar respublika klubu hakimin son dəqiqələrdə rəqib qapısına təyin etdiyi penalti cəriməsi ilə minimal hesabla qələbə qazanmışdı. Bu, böyük səs-küyə səbəb olsa da, sonradan Hakimlər Komitəsinin verdiyi qərara əsasən, referinin son dəqiqədə lehimizə verdiyi penalti zərbəsi düzgün qiymətləndirilmişdi. Bu baxımdan muxtar respublika təmsilçisi birinci dövrədəki qələbənin təsadüfi olmadığını sübut etmək niyyətində idi.

Futbolçulara istirahət

Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən görüş böyük marağa səbəb oldu. İlk olaraq baş məşqçi Əsgər Abdullayev “Xəzər Lənkəran”la keçirilən görüşdən sonra bir çox futbolçuya bu oyunda istirahət vermişdi. Başda Tərlan Xəlilov və Ruslan Zamanov olmaqla bir çox oyunçu ilk 18-liyə alınmamışdı. Əvəzində isə baş məşqçi müdafiə xəttində Mikayıl Rəhimov və Ruslan Abıyevə bel bağlamışdı. Hücum xətti isə Elmin Çobanov, David Canıyev və Bəxtiyar Soltanova həvalə edilmişdi.

“MOİK” futbol komandası isə oyundan bir gün əvvəl Naxçıvana gəlsə də, nədənsə muxtar respublika stadionunda məşqə çıxmadı. Maraqlısı odur ki, Bakı təmsilçisi Naxçıvana baş məşqçisiz gəlmişdi. Belə ki, baş məşqçi Namiq Adilov cəzalı duruma düşdüyündən muxtar respublikaya gələ bilməmişdi; komandanı meydana məşqçinin köməkçiləri çıxarmaq məcburiyyətində qaldılar.

Mükəmməl oyun, inamlı qələbə

Oyuna gəlincə, ilk dəqiqələrdən üstünlüyü ələ alan “Araz-Naxçıvan” komandası azarkeşlərə əsl futbol bayramı yaşatdı. Belə ki, 5 dəqiqə ərzində iki dəfə rəqib meydan mərkəzinə dəvət oluna bilərdi. Birinci epizodda David Canıyev Bəxtiyar Soltanovun ötürməsindən sonra qapıya zərbə endirdi, lakin qapıçı sayıqlığı itirmədi. Az sonra isə Elmin Çobanov diqqət mərkəzinə düşdü. 17-ci dəqiqədə azarkeşlər yenidən ayağa qalxdılar. Sol cinahdan hücuma keçən E.Çobanov bir müdafiəçini geridə qoydu. Ancaq cərimə meydançasında rəqibin ona qarşı kobudluğuna hakim Teymur Fərhadov göz yumdu. Üstəlik, referi futbolçumuza simulyasiyaya görə sarı vərəqə göstərdi. 3 dəqiqə sonra isə arenada qol səsi eşidildi. Əlimirzə Daşzərininin cərimə meydançasına etdiyi asma qapı tirinə tuş gəldi. Qayıdan topa hamıdan tez yüksələn Akif Tağıyev başla toru silkələdi – 1:0. Bu qoldan sonra ilk hissənin sonunadək komandamız bir neçə epizodda hesabı daha da artıra bilərdi. Qeyd edək ki, qarşılaşmanın ilk hissəsində rəqib yalnız bir dəfə qapıçımız Emil Balayevi narahat edə bildi.
İkinci hissə də “Araz-Naxçıvan”ın üstünlüyü şəraitində keçdi. Heyətdə dəyişiklik isə özünü qısa vaxtda göstərdi. Oyuna daxil olan Azər Məmmədov və Əziz Hüseynov hücumda sürəti artırdılar. 64-cü dəqiqədə sağ cinahdan hücuma keçən komandamız rəqibi ikinci dəfə mərkəzə dəvət etdi. Azər Məmmədov rəqibini geridə qoyaraq cərimə meydançasına asma etdi. Rəqib müdafiəçi başla topu uzaqlaşdırmaq istəsə də, top Elmin Çobanova gəldi. O isə, öz növbəsində, başla yaxşı oynadı – 2:0. Qolun təsirindən yenicə ayılmağa çalışan “MOİK” futbolçuları daha bir dəfə qapılarından qol buraxa bilərdilər. Lakin David Canıyev qapıçı ilə üzbəüz epizoddan yararlana bilmədi. Onun yerinə daxil olan Fərid Quliyev isə əlinə düşən imkanı boşa vermədi. Son 5 dəqiqədə rəqib müdafiəçilərini çaşbaş salan Fərid topu onlardan “oğurlamağa” müvəffəq oldu. Qapıçının solundan topu tora göndərən hücumçumuz mövsüm ərzində ikinci qoluna imza atdı – 3:0. Bundan sonra hesabı qoruyub saxlayan “Araz-Naxçıvan” mövsümdə 19-cu qələbəsini bayram etdi.
Beləliklə, xalını 59-a yüksəldərək liderliyini qoruyan qırmızı-ağlar ən yaxın rəqiblərinin də xal itirməsi ilə birinciliyini daha da möhkəmlətdi. İndi muxtar respublika təmsilçisini ən yaxın izləyicisindən 11 xal ayırır.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR