Futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinə yüksəlməklə tarix yazan “Araz-Naxçıvan” futbol komandası bu mərhələdə “Xəzər Lənkəran” futbol komandasına rəqib olmuşdu. “Ağsu” və “Simurq” futbol komandalarını mübarizədən kənarlaşdıran muxtar respublika klubunun Lənkəran təmsilçisi önündə mərhələ adlaması ehtimalı az dəyərləndirilirdi. Buna səbəb kimi cənub bölgəsi klubunun yarandığı 10 il müddətində Azərbaycan futbolunda bir çox ilkə imza atması, tanınmış məşqçiləri heyətinə cəlb etməsi, ən bahalı futbolçuların transferini gerçəkləşdirməsi göstərilirdi.
Lənkəranda qarşılanma
İlk görüşdə Naxçıvan Muxtar Respublika Stadionunda “sülh”ə imza atan (1:1) qırmızı-ağlar həmin oyunda nəyə qadir olduqlarını nümayiş etdirmişdilər. Uzun fasilədən sonra futbola qayıdan bir klub üçün bu mərhələyə yüksəlmək heç də asan deyil. Əslində, “Araz-Naxçıvan”ın uğurlarının sürpriz olmadığını komandanın baş məşqçisi Əsgər Abdullayev hamıya göstərib. Odur ki, lənkəranlı azarkeşlər önündə də oynamaq bir daha sübut etdi ki, baş məşqçi Naxçıvana yalnız işləmək üçün gəlib.
“Şuşa” futbol komandası ilə qarşılaşmadan sonra Lənkərana yollanan “Araz-Naxçıvan” yerli komandanın rəhbərliyi tərəfindən xoş münasibətlə qarşılandı. Sonrakı günlərdə Naxçıvan klubu ilə yaxından maraqlanan “Xəzər Lənkəran” rəsmiləri bu dostluğun əsassız olmadığını sübut etdilər.
Oyundan bir gün öncə isə “Araz-Naxçıvan” klubunun rəhbərliyi, məşqçi heyəti və futbolçuları Lənkəranda Şəhidlər Xiyabanını ziyarət etdilər. Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın məzarlarına gül dəstələri düzdülər.
Məlum olduğu kimi, “Araz-Naxçıvan” ilaxır çərşənbəni Lənkəranda keçirməli oldu. Qonaq qaldıqları oteldə bayramı qeyd edən komandamızı yerli klubun rəsmiləri tək buraxmadılar. Belə ki, həmin gün “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu və klubun icraçı direktoru Höccət Hacıyev “Araz-Naxçıvan”ın məskunlaşdığı otelə gələrək futbolçularımızı Lənkəran mətbəxinə məxsus ləvəngi süfrəsinə qonaq etdilər. Cənub klubunun təmsilçiləri ilaxır çərşənbə münasibətilə naxçıvanlıları təbrik etdilər, onlara Novruz təamları təqdim etdilər.
Alınmadı...
Oyuna gəlincə, mükəmməl azarkeş ordusu qarşısına çıxan “Araz-Naxçıvan” futbol komandasının qapısını əvvəlki kimi Emil Balayev qoruyurdu. Müdafiə xəttində Cavid Həsənovun yoxluğunda baş məşqçi iki Ruslanlara və Mikayıl Rəhimova bel bağlamışdı. “Dirijor” funksiyasını yerinə yetirən Eşqin Quliyevə bu mövqedə Tərlan Xəlilov və Azər Məmmədov yardımçı olurdular. Uzun müddət cəza səbəbindən meydanlardan uzaq qalan David Canıyev bu dəfə əsas heyətdə öz yerini almışdı.
Matç olduqca sürətli başladı. Yerli futbolçuların tur keçmək arzusu onların bir qədər sərt oynamasına da səbəb olurdu. Matç lənkəranlıların hücumları ilə başladı. İlk dəqiqələrindən hücuma atılan meydan sahibləri 25-ci dəqiqədə hesabı açdılar. Az sonra komandamız “status-kvo”nu bərpa edə bilərdi. Lakin David Canıyevin ara ötürməsindən sonra qapıçı ilə üzbəüz qalan İrfan Hüseynov topu qapıçının üstünə vurdu. Bir qədər sonra hücumçumuz yenə diqqət mərkəzinə düşdü. Bu dəfə o, topu boş qapıya vurmaqda gecikdi. İkinci hissədə də hücumlarına davam edən qırmızı-ağlar qol epizodlarını dəyərləndirib topu qapı xəttindən keçirə bilməyincə növbəti mərhələyə adlayan rəqib “Xəzər Lənkəran” oldu.
Qeyd edək ki, futbol üzrə Azərbaycan I divizionunun 22-ci turunda “Araz-Naxçıvan” komandası martın 22-də “MOİK”-i qəbul edəcək. Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək oyun saat 1500-də başlayacaq.
Ceyhun MƏMMƏDOV