22 Dekabr 2024, Bazar

Futbol üzrə Azərbaycan I divizionunun 21-ci turu “Araz-Naxçıvan” futbol komandası üçün böyük əhəmiyyət kəsb edirdi. Çünki bu görüşdən üç gün öncə doğma arenada Azərbaycan kubokunun 1/4 final mərhələsində “Xəzər Lənkəran”la çətin oyuna çıxan komandamız Bakıya bir qədər yorğun yollanmışdı. Həmçinin kubok uğrunda yarışda əlverişli imkan əldə edən muxtar respublika təmsilçisi, sadəcə, bu görüşü düşünürdü.

Lənkərana hazırlıq

“Araz-Naxçıvan” futbol komandasının baş məşqçisi Əsgər Abdullayev Lənkəran səfərini düşündüyündən bir çox təcrübəli futbolçunu ehtiyatda saxlamışdı. Bəxtiyar Soltanov, Azər Məmmədov, Ruslan Zamanov, İrfan Hüseynov kimi futbolçuları skamyada əyləşdirən baş məşqçi əvəzində hücumun cinahlarını Elmin Çobanov və Əziz Hüseynova həvalə etmişdi. Sivri ucda isə Fərid Quliyev yeganə qol ümidi kimi meydana çıxmışdı. Eşqin Quliyevin “dirijorluq” etdiyi yarımmüdafiə xəttində isə Elgiz Kərimli və Tərlan Xəlilov qərar tutmuşdular. Müdafiənin cinahları isə Əlimirzə Daşzərini və Cavid Həsənovun ixtiyarına verilmişdi. Ə.Abdullayev digər futbolçuları ehtiyatda saxlamaqla kubok oyununa nə dərəcədə böyük əhəmiyyət verdiyini bir daha göstərdi.

Küləkli hava, vurulan iki qol

Havanın xeyli küləkli və stadionun pis vəziyyətdə olması hər iki komanda futbolçularının yaxşı mübarizə aparmasına, əsl mənada, mane olurdu. Etiraf edək ki, oyun meydan sahiblərinin diktəsi ilə başladı. “Araz-Naxçıvan” kəşfiyyat xarakterli oyuna üstünlük versə də, “Şuşa” tez bir zamanda hesabı açmaq naminə irəli atıldı. Düzdür, onlar ilk hissə ərzində 2-3 dəfə buna nail ola bilərdilər. Lakin son anda qapıçımız və müdafiəçilərimizin sayıq oyunu buna imkan vermədi. Birinci hissənin son 5 dəqiqəsində isə muxtar respublika təmsilçisi iki qol imkanını boşa verdi. Əvvəlcə Fərid Quliyev ona ötürülən topu yaxşı ram edə bilmədi və qapı önünə gecikdi. Az sonra isə Əlimirzə Daşzərini sol cinahdan mükəmməl reyd edərək bir müdafiəçini geridə qoydu. Onun aldadıcı fəndlə cərimə meydançasına ötürdüyü topa hamıdan tez yetişən Əziz Hüseynov topu zərbə ilə qapıya yönəltdi. Hamı bu topun qapıdan keçəcəyini gözləyərkən son anda müdafiəçilər topu qapı xəttindən uzaqlaşdıra bildilər.
İkinci hissə isə bizim üçün o qədər də yaxşı başlamadı. Rəqibin ilk hücumu qolla nəticələndi. Belə ki, sağ cinahda müdafiəçilərimizin etdiyi səhvdən sonra topa ayaq qoyan Əhməd Ticanı meydan sahiblərini hesabda önə keçirdi. Bu qoldan sonra hücumların kəsərini artıran muxtar respublika təmsilçisi əvvəlcə heyətdə dəyişiklikləri ilə yadda qaldı. Belə ki, Bəxtiyar Soltanov, İrfan Hüseyn­ov, Ruslan Zamanov, Tural Hümbətov və Elgün Abbaslının meydana daxil olması oyunun gedişatını dəyişdi. Əvvəlcə Elgün Abbaslı, təqribən, 3 metrlik məsafədən qapını dəqiq nişan ala bilmədi. Az sonra isə Tərlan Xəlilovun zərbəsini müdafiəçilər uzaqlaşdırdılar. Lakin komandamız istəyinə matçın 72-ci dəqiqəsində çatdı. Belə ki, sol cinahdan edilən asmadan sonra cərimə meydançasında qarışıqlıq yarandı. Bundan istifadə edən Əlimirzə Daşzərini “status-kvo”nu bərpa etdi – 1:1. Qolun vurulmasının ardınca qırmızı-ağlar bir neçə epizodda rəqib qapısı ağzında təhlükə yaratmaq istəsələr də, yenidən fərqlənməyə müvafiq ola bilmədilər. Bununla, “Araz-Naxçıvan” çempionatda xal itkisi ilə üzləşdi. Lakin ən yaxın izləyicisi “Qaradağ-Lökbatan”ın məğlub olması komandamızı onlardan bir qədər uzaqlaşdırdı. Hazırda “Araz-Naxçıvan” 56 xalla turnir cədvəlindəki liderliyini davam etdirir.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR