22 Dekabr 2024, Bazar

“Araz-Naxçıvan” Peşəkar Futbol Komandası I divizionda öz parlaq oyunu ilə futbol həvəskarlarının rəğbətini qazanmışdır. Həmçinin komanda Azərbaycan kuboku uğrunda keçirilən görüşlərdə də əzmkar mübarizə aparır.
Martın 12-də Naxçıvan Muxtar Respublikası Mərkəzi Stadionunda “Araz-Naxçıvan” və “Xəzər Lənkəran” komandaları arasında Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu keçirilmişdir. Ölkənin ən güclü komandalarından biri olan “Xəzər Lənkəran” və I divizionda turnir cədvəlinə başçılıq edən “Araz-Naxçıvan”, sözün əsl mənasında, azarkeşlərə futbol bayramı yaşatmışlar. Gərgin idman mübarizəsi şəraitində keçən görüş 1:1 hesabı ilə başa çatmışdır.

Görüş ölkə mətbuatında geniş işıqlandırılmış, qarşılaşma əsl dostluq və idman mübarizəsi kimi dəyərləndirilmişdir. Həmçinin görüş komanda rəsmiləri, baş məşqçilər, idman şərhçiləri və futbolçular tərəfindən də yüksək qiymətləndirilmişdir. Müxtəlif informasiya agentliklərində dərc olunan həmin mətbuat açıqlamalarını olduğu kimi təqdim edirik.
“Xəzər Lənkəran” futbol komandasının prezidenti Mais Mənsimov: “Kubokda növbəti mərhələyə çıxmaq şansımız 50 faizdir. “Araz-Naxçıvan”la Naxçıvanda dolu tribunalar qarşısında oynamaq asan deyil. Komandamız rəqibi dəyərləndirdiyi üçün Naxçıvana bir neçə gün öncədən getmişdi. Çox təəssüf ki, mən həmin oyunu izləyə bilmədim. Amma Mustafa Dənizli və bütün komanda üzvləri onlara yaradılan şəraitdən, diqqətdən razı qalmışdılar. Naxçıvanlıların qonaqpərvərliyinin cavabını, inşallah, Lənkəranda verməyə çalışacağıq. Meydanda isə güclü olan qalib gəlsin”.
“Xəzər Lənkəran” komandasının baş məşqçisi Mustafa Dənizli: “Kubok oyunlarında hədəf fərqli olur. Səfərdə oynadığımız ilk oyuna görə nəticə yaxşı sayıla bilər. Rəqibimiz I divizionun ən güclü komandasıdır, bir çox Premyer-Liqa klubları ilə eyni gücdədir. Yaxşı oyun oldu, qol epizodları oldu. İlk hissədə 11 metrlik cərimə zərbəsindən istifadə edə bilsəydik, başqa cür ola bilərdi. Hər halda, yarımfinala vəsiqəni ev oyununda həll edəcəyimizə inanıram. Kubokda yolumuzu davam etdirəcəyik. Sürpriz nəticə olmaması üçün cavab oyununda var gücümüzlə oynayacağıq”.
“Xəzər Lənkəran”ın futbolçusu Alvaro Silva: “Favorit olduğumuzu oyunda təsdiqlədik. “Xəzər Lənkəran” duelin taleyini ilk görüşdə həll edə bilərdi. Oyun zamanı üstünlük bizim tərəfimizdə oldu. Son dəqiqələrdə buraxdığımız qol matçın heç-heçə başa çatması ilə nəticələndi... Lənkəranda biz hər bir fürsəti dəyərləndirməyə çalışacağıq. Fikrimiz Azərbaycan kubokunda mümkün qədər irəli getməkdir. Buna görə “Araz-Naxçıvan”la görüşdə yalnız qələbə barədə düşünəcəyik... “Araz-Naxçıvan” I divizionun güclü klublarından biridir. “Xəzər Lənkəran” isə Premyer-Liqanın güclü komandaları sırasındadır. Rəqib futbolçularında gördüyüm əzmkarlıq məni sevindirdi. Onlar sona qədər mübarizə apardı”.
İdman şərhçisi Samir Musayev: “Bəzi klublar var ki, iki yoldan birini seçir. “Xəzər Lənkəran” da belə klublardandır. Onlar sırf kuboku qazanmaq üçün bütün gücünü ortaya qoyacaq. İrəli gedib deyə bilərəm ki, cütün favoriti də “Xəzər Lənkəran”dır. Təbii ki, futbolda hər şey olur. Amma “Araz-Naxçıvan”ın “Xəzər Lənkəran” qarşısında şansı çox aşağıdır. Onu da demək lazımdır ki, “Araz-Naxçıvan”ın bu yerə gəlib çıxması böyük işdir. Cavan komandadır, gələcəkdə həm kubok, həm də çempionluq üçün mübarizə apara bilər”.
“Araz-Naxçıvan” komandasının baş məşqçisi Əsgər Abdullayev: “Rəqibin güclü olduğunu bilirdik. Premyer-Liqada öz sözünü demiş köklü komandadır. Səkkiz ay yarımlıq komanda ilə müqavimət göstərməyə çalışdıq. Qalib gəlmək istəyirdik, amma alınmadı. Lənkərandakı oyun da asan olmayacaq. Rəqib çox güclüdür. Şansımızı dəyərləndirməyə çalışacağıq”.
Qeyd edək ki, növbəti qarşılaşma martın 19-da Lənkəran şəhərində keçiriləcək və hər iki oyunda daha yaxşı nəticə göstərən komanda turu keçəcəkdir. Bu görüşün də dostluq şəraitində keçəcəyinə inanır və komandalara uğurlar arzulayırıq.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR