Qalib Lənkəranda məlum olacaq
Azərbaycan Kubokunun 1/4 final mərhələsinə çıxmaqla tarix yazan “Araz-Naxçıvan” futbol komandası bu siyahıya daha birini də əlavə etdi. Belə ki, Lənkəranın “Xəzər Lənkəran” klubunu qəbul edən muxtar respublika təmsilçisi mükəmməl oyunu ilə azarkeşlərini sevindirdi.
Hələ kubokun 1/8 final mərhələsində “Simurq”u məğlub edərkən çoxları bunun təsadüfi olduğunu deyirdi. Lakin muxtar respublika təmsilçisi bugünkü oyunu ilə bütün deyilənlərin üstündən xətt çəkdi. Baş məşqçi Əsgər Abdullayevin yetirmələri Premyer-Liqada öz dəst-xətti ilə seçilən güclü “Xəzər Lənkəran” futbol komandası ilə sülhə imza atmaqla hamının təəccübünə səbəb oldu.
Oyuna marağın hədsiz dərəcədə çox olacağı öncədən məlum idi. Matç zamanı isə 8500 azarkeş komandamıza dəstək olmaqla bu heç-heçədə müstəsna rol oynadı. Oyuna gəlincə, ilk dəqiqələrdən hücuma atılan komandamız İrfan Hüseynovun zərbəsi ilə hesabı aça bilərdi. Lakin rəqib qapıçının inamlı oyunu buna imkan vermədi. Az sonra isə referi Elvin Əsgərov qapımıza penalti zərbəsi təyin etdi.
Lakin qapıçımız Emil Balayevin mükəmməl reaksiyası Sadio Tounkaranın fərqlənməsinə imkan vermədi. Bu epizoddan bir dəqiqə sonra isə Mikayıl Rəhimov “Araz-Naxçıvan”ın adının qarşısındakı sıfrı birlə dəyişdirə bilərdi. Müdafiəçimizin zərbəsini qapıçı son anda dəf etdi. İlk hissənin son dəqiqələrində referi komandamızın xeyrinə olan penalti cəriməsini vermədi. Halbuki top açıq şəkildə rəqib müdafiəçi Alvaro Silvanın əlinə dəymişdi.
İkinci hissə isə bir qədər fərqli başladı. Qələbəyə daha çox can atan “Araz-Naxçıvan”ın heyətində dəyişiklik edildi. Fərid Quliyev Tərlan Xəlilovla əvəzləndi. Az sonra yenidən hakim diqqət mərkəzinə düşdü. Elvin Əsgərov yenə də cərimə meydançasında əllə oyunu görməzdən gəldi. Ruhdan düşməyən komandamız rəqib qapısı önündə lövbər salsa da, top qapıdan keçmədi. Bunun əvəzində yaxşı ev tapşırığı yerinə yetirən lənkəranlılar hesabı açdılar. Alvaro Silva çoxgedişli kombinasiyanı qolla tamamladı – 0:1.
Bu qoldan sonra komandamız hücumların kəsərini daha da artırdı. Bəzən hakimlərin qərəzli qərarları etiraza səbəb olsa da, yenə də onlar oyuna davam etdilər. Stadiona toplaşmış tərəfdarlar matçın son dəqiqəsində sevindilər. Belə ki, uzun ötürmədən sonra topu yaxşı ram edən Bəxtiyar Soltanov rəqib müdafiəçisini keçmək istəyərkən hakim ağ nöqtəni göstərdi. Səbəb isə müdafiəçi Alvaro Silvanın əllə oynaması idi. Bu hərəkətinə görə fit sahibi lənkəranlı futbolçuya qırmızı vərəqə göstərdi. Topa yaxınlaşan Tərlan Xəlilov isə komandanı və tərəfdarları sevindirməyi bacardı. Onun zərbəsindən sonra görüş 1:1 hesabı ilə başa çatdı.
Qeyd edək ki, iki rəqib arasındakı növbəti oyun martın 19-da Lənkəranda keçiriləcək.
Fikirlər...
Əsgər ABDULLAYEV (“Araz-Naxçıvan”ın baş məşqçisi): “Oyunun çətin keçəcəyini öncədən bilirdik və hazırlıqlarımızı oyunun gedişinə uyğun davam etdirmişdik. Oyun zamanı bir çox epizodlarımız oldu, lakin bundan yararlana bilmədik. Düzdür, bəzi məqamlarda hakimlərin də səhvləri oldu, ancaq komandamız sonadək mübarizə apardı və istəyinə çatdı. İndi bizi Lənkəranda çətin sınaq gözləyir. Elə bu gündən həmin oyun barədə düşünməyə başlayacağıq”.
Mustafa DƏNİZLİ (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Rəqibin gücünə bələd idik. Buna görə tədbirimizi görmüşdük. Lənkəranda turu keçən tərəfin biz olacağına inanıram”.
Ceyhun MƏMMƏDOV