Bu gün futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk görüşləri keçiriləcək. Tarixində ilk dəfə kubok uğrunda yarışın bu mərhələsinə adlayan “Araz-Naxçıvan” futbol komandası doğma arenada Premyer-Liqa təmsilçisi “Xəzər Lənkəran”ı qəbul edəcək.
İlk olaraq rəqib barədə. Lənkəran təmsilçisi 10 ildir, Azərbaycan futbolunda öz dəst-xətti ilə seçilən komanda kimi formalaşıb. Futbolumuz tarixində ən bahalı, həmçinin ən tanınmış futbolçuları da elə ağ-yaşıllar transfer edib. Hazırda Premyer-Liqada mübarizə aparan “Xəzər Lənkəran” 31 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Cari mövsümdə Lənkəran baş məşqçi dəyişikliyi edib. Belə ki, mövsümə Con Benjamin Toşakla başlayan lənkəranlılar sonradan uğursuz çıxışa görə uelsli mütəxəssisi istefaya göndərdilər. Əvəzində isə bir vaxtlar Türkiyənin “Fənərbaxça”, “Qalatasaray”, “Beşiktaş” kimi tanınmış futbol komandalarının “sükanı arxasında” əyləşən, həmçinin Türkiyə millisini çalışdıran Mustafa Dənizli Lənkəran futbol komandasına baş məşqçi təyin edildi.
Artıq 3 gündür ki, “Xəzər Lənkəran” Naxçıvana gəlib və komanda iki dəfə oyunun keçiriləcəyi arenada məşqə çıxıb.
“Araz-Naxçıvan” isə I divizionda liderliyinin təsadüfi olmadığını Lənkəran klubu qarşısında sübut etməyə çalışacaq. Artıq komanda bütün məşq proseslərini tamamlayıb və oyunun başlama saatını gözləyir.
Zədəli futbolçuların olmaması baş məşqçi Əsgər Abdullayevin üzünü güldürür. Bu görüşdə hər hansı bir uğurlu nəticə komandamızı növbəti mərhələyə daşıya bilər. Düzdür, qarşıda Lənkəran səfəri də var. Ancaq doğma arenada komandamız oyunun taleyini həll etməyə çalışacaq. Etiraf edək ki, bu heç də asan olmayacaq. Əgər tarixi qələbə qazanılarsa və “Araz-Naxçıvan” yarımfinala yüksələrsə, o zaman bu, Azərbaycanda ilk olacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Xəzər Lənkəran” oyunu bu gün saat 1500-də Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək.
Fikirlər...
Əsgər Abdullayev (“Araz-Naxçıvan”ın baş məşqçisi): “Rəqib öz oyunu, öz oyunçu seçimi ilə fərqlənir. “Xəzər Lənkəran” 10 ilin komandasıdır, öz sözünü demiş bir rəqibdir. Komanda Premyer-Liqada istədiyi kimi çıxış edə bilməsə də, gücü kifayət qədərdir. Belə oyunlarda futbolçular daha yaxşı motivasiya olunurlar. Hər bir futbolçu özünü təsdiq etmək üçün çalışır. Hesab edirəm ki, oyunçularımız azarkeşlər qarşısında özlərini göstərmək üçün var qüvvələri ilə çalışacaqlar”.
Bəxtiyar Soltanov (“Araz-Naxçıvan”ın futbolçusu): “Bu görüş böyük əhəmiyyət kəsb edir. Çalışıb qalib gələcəyik və azarkeşlərimiz önündə nəyə qadir olduğumuzu sübut edəcəyik. Rəqibi heçə almaq fikrində deyiləm, çünki güclü futbolçulara sahib bir komandadır. Lakin bu, futboldur, yaxşı oynayan meydanı da qələbə ilə tərk edər”.
Azər Məmmədov (“Araz-Naxçıvan”ın futbolçusu): “Xəzər Lənkəran”la oyunda meydanda olmağı çox istəyirəm. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirmək üçün əlimdən gələni edəcəyəm. Çalışacağıq ki, onun bizə bəslədiyi ümidi doğruldaq. Görüşün çətin keçəcəyini deyə bilərəm, ancaq meydana qələbə üçün çıxacağıq”.
Mustafa Dənizli (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Biz rəqib haqda məlumat toplayırıq. Azərbaycan Kuboku bizim üçün çox vacibdir. Ən azı finala çıxmaq uğrunda mübarizə aparırıq. Bu, bizə mövsümü yüksək notda bitirməyə kömək edəcək”.
Tural Cəlilov (“Xəzər Lənkəran”ın futbolçusu): “İki gündür, Naxçıvana gəlmişik. Növbəti mərhələyə vəsiqəni burda əldə etməyə çalışacağıq. Qələbə qazanmaqdan başqa yolumuz yoxdur. Amma bu, futboldur, hər şey baş verə bilər. Komandada hər kəs oyunun önəmini anlayır. Zədəli futbolçularımızın olmasına baxmayaraq, onların yerində oynayacaq futbolçularımız da var”.
Ceyhun MƏMMƏDOV