Çempionluq yolunda əmin addımlarla irəliləyən “Araz-Naxçıvan” futbol komandası uğurlu çıxışına daha birini əlavə edib. 20-ci turun qarşılaşmasında muxtar respublika təmsilçisinin qonağı Gəncənin “Kəpəz” klubu olub. Adına və qazandığı titullara görə Azərbaycanın sayılıb-seçilən 3 klubundan biri olan qərb təmsilçisi Naxçıvan klubu qarşısında tab gətirə bilməyib.
Əslində, Gəncə təmsilçisinin cari mövsümdən I divizionda çıxış etməsi və nisbətən zəif təsir bağışlaması çoxlarını təəssüfləndirib. Hələ ilk dövrədə “Araz-Naxçıvan”ın ən çətin səfər matçı kimi “Kəpəz”lə qarşılaşma göstərilirdi. Çünki bu komanda xüsusilə doğma azarkeşləri önündə istənilən rəqibə qalib gəlmək gücünə malikdir. Lakin həmin görüşdə qırmızı-ağlar mükəmməl oyun sərgiləyərək 3 xal qazanmağa müvəffəq olmuşdular.
Bu görüşə gəlincə, “Araz-Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayev daim əsas heyətdə yer verdiyi Bəxtiyar Soltanovu ehtiyatda saxlayaraq İrfan Hüseynov və Fərid Quliyevi “döyüşə atmışdı”. Eşqin Quliyevin “dirijorluq etdiyi” görüşdə yarımmüdafiə xətti Əziz Hüseynov və Elgiz Kərimli ilə möhkəmlənmişdi. Milli komandamızın heyətindən qayıdan Emil Balayev isə qapıda öz yerini tutmuşdu.
Rəqibə gəlincə, elə oyun günü Naxçıvana təşrif buyuran Gəncə klubu uğursuzluğa son qoymaq üçün bu matça ciddi hazırlaşmışdı. Baş məşqçi Vidadi Rzayevin komandası liderə qarşı oynayacağını yaxşı bilirdi və bütün imkanlardan istifadə edib Naxçıvandan bir xalla qayıtmağı güman edirdi. Lakin “Araz-Naxçıvan” buna imkan vermədi.
Üç mindən çox azarkeşin seyr etdiyi görüş “Araz-Naxçıvan”ın diqtəsi ilə başladı. İlk dəqiqələrdən hücuma atılan muxtar respublika təmilçisi elə 5-ci dəqiqədə hesabı aça bilərdi. Sağ cinahdan ideal ötürmə alan Elmin Çobanovun cərimə meydançasına sürətli reydi rəqib müdafiəçiləri çaşbaş saldı. Ancaq onun qüvvətli zərbə ilə vurduğu top qapı tirindən qayıdaraq “Kəpəz”ə rahat nəfəs aldırdı. Demək olar ki, ilk hissə komandamızın tam üstünlüyü şəraitində keçdi. 45 dəqiqə ərzində komandamız 4-5 dəfə rəqibi mərkəzə dəvət edə bilərdi. Belə ki, Ruslan Abıyevin baş zərbəsini qapıçı son anda dəf etdi; Mikayıl Rəhimovun künc zərbəsindən sonra başla oyunu dəqiq alınmadı. Bu azmış kimi Fərid Quliyevin 38-ci dəqiqədə mükəmməl reydi və zərbəsi yenə qapıçının üzərinə tuş gəldi.
İlk hissədə hesabın açılmadığını görən və yaranan imkanların boşa getməsinə göz yuma bilməyən baş məşqçi Əsgər Abdullayev dəyişikliyə əl atdı. Eşqin Quliyevi Tərlan Xəlilovla, Əziz Hüseynovu isə Elgün Abbaslı ilə əvəzləyən baş məşqçi hücum gücünü bir qədər artırdı. Ardıcıl hücumlar və rəqib qapısına doğru vurulan zərbələr qeyri-dəqiq alınınca hesab dəyişməz olaraq qalırdı. Nəhayət, Naxçıvan təmsilçisi istəyinə matçın 73-cü dəqiqəsində çatdı. Belə ki, epizodların birində futbolçumuza qarşı edilən kobudluq baş hakim Rəşad Əhmədovun diqqətindən qaçmadı. Cərimə zərbəsi təyin edən referinin bu qərarından muxtar respublika təmsilçisi maksimum istifadə etdi. Tərlan Xəlilovun asmasından sonra cərimə meydançasında qarışıqlıqdan istifadə edən Mikayıl Rəhimov tablodakı hesabı dəyişməyə müvəffəq oldu. Onun başla oyunu rəqib qapıçını məyus etməklə yanaşı, həm də qırmızı-ağlar üçün vacib qələbəni təmin etdi. Bundan sonra komandamız yenə də “Kəpəz”in qapısı önündə lövbər saldı. Beləliklə, komandamız növbəti oyununu da qələbə ilə başa vurdu.
Bu qələbədən sonra aktivinə daha 3 xal yazdıran “Araz-Naxçıvan” 55 xalla liderliyini davam etdirir. Komandamız çempionatda növbəti oyununu səfərdə “Şuşa” futbol komandasına qarşı keçirəcək. Martın 16-da baş tutacaq görüşün keçiriləcəyi yer Bakı şəhərindəki “Şəfa” stadionudur.
Ceyhun MƏMMƏDOV