Dünən 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Naxçıvan Muxtar Respublikasında bir sıra tədbirlər keçirilib.
Tədbirlər planına uyğun olaraq, ilk tədbir Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində olub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının birgə təşkil etdiyi yeniyetmələr arasında cüdo üzrə Naxçıvan Muxtar Respublikası birinciliyinin açılış mərasimində muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov çıxış edərək Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsindən danışmışdır. Qeyd olunmuşdur ki, bu tarix Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında” 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir. 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artmışdır. Ölkəmizdə idmanın inkişafı ildən-ilə geniş vüsət alır.
Bütün bunlara görədir ki, Azərbaycan artıq dünyanın idman mərkəzlərindən birinə çevrilib. Ölkə rəhbərinin idmançılara xüsusi həssaslıqla yanaşması, yeni olimpiya-idman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları bu sahənin inkişaf və tərəqqisinə xidmət edir. Naxçıvanda idmana və idmançılara göstərilən qayğıdan da danışan nazir vurğulayıb ki, son illər muxtar respublikada idmanın maddi-texniki bazası möhkəmləndirilib, 2 Olimpiya-İdman Kompleksi, 2 Üzgüçülük Mərkəzi, 1 Şahmat Mərkəzi, 1 Stend və Sportinq Atıcılıq Mərkəzi, 1 Peyntbol meydançası, rayon mərkəzlərində 6 şahmat məktəbi, rayonlarda stadionlar, süni örtüklü mini-futbol meydançaları, yeni tikilən tam оrta məktəblərdə idman zalları yaradılıb, yeni olimpiya ağırlıqqaldırma qurğuları və sadə tipli idman avadanlıqları istifadəyə verilib.
Güləş Federasiyasının sədr müavini Yaşar Səfərov çıxışında yarış haqqında məlumat verərək mübarizə aparacaq idmançılara uğurlar arzulayıb.
Yarışın reqlamentinə gəlincə, 30, 34, 38, 42, 46, 50, 55, 60 və 66+ kq çəki dərəcələrində mübarizə aparan idmançılar arasında qaliblər olimpiya sisteminə uyğun olaraq müəyyənləşdirilib. Sonda turnirin qaliblərinə federasiya və nazirlik tərəfindən diplom və qiymətli hədiyyələr verilib.
Dünən tədbirlər planına uyğun olaraq, daha bir birincilik Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası tərəfindən keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edilən birincilikdə muxtar respublikanın bütün rayonlarından, ümumilikdə, 120-yə yaxın idmançı öz gücünü yarış zolaqlarında nümayiş etdirib. Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən birincilikdə yeniyetmələr 100, 200, 400, 800 və 1600 metr məsafəni qət etməklə finala birinci çatmağa çalışıblar. Yarışın qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası da muxtar respublika birinciliyi uğrunda yeniyetmə top sehrbazlarını bir araya toplayıb. Naxçıvan Türk Liseyinin idman zalında bu dəfə səbətə kimin daha çox top salacağına Naxçıvan şəhərinin və Babək rayonunun komandaları aydınlıq gətiriblər. Tədbiri giriş sözü ilə açan federasiyanın sədr müavini Ənvər Məmmədov idman bayramı münasibətilə bütün yarış iştirakçılarını təbrik edib və onlara uğurlar arzulayıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edilən görüşdə Naxçıvan komandasının basketbolçuları daha sərrast “atıcılığa” malik olduqlarını sərgiləyiblər. Onlar Babək komandasını 71:63 hesabı ilə məğlub edərək qalib adını qazanıblar. Görüşdən sonra fərqlənən idmançılara diplom və hədiyyələr təqdim olunub.
Ceyhun MƏMMƏDOV