22 Dekabr 2024, Bazar


Ulu öndər Heydər ƏLİYEV: İdman, bədən tərbiyəsi gənclərimizin daha da sağlam olması üçün lazımdır. Bu, müstəqil Azərbaycanın gələcəyi üçün əsasdır. Eyni zamanda gənclərimiz fiziki cəhətdən nə qədər güclü, nə qədər hazırlıqlı və sağlam olsalar, bir o qədər yaxşı işləyəcək, öz vəzifələrinin öhdəsindən bacarıqla gələcəklər və müstəqil Azərbaycanın müstəqilliyinin təmin olunmasında ləyaqətlə iştirak edəcəklər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər il martın 5-i ölkəmizdə “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur.

Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə idmanın inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Ölkə­miz müstəqillik qazandıqdan və ulu öndərin siyasi hakimiyyətə qayıdışından sonra isə idmana qayğı daha kütləvi hal almış, bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsi məqsədilə 1994-cü ildə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Məhz bu dövrdən başlayaraq Azərbaycanda idmanın və olimpiya hərəkatının inkişafı üçün dövlət səviyyəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Ölkəmizdə idmanın inkişafı və gənc­lərin bu sahəyə olan marağının artırılması istiqamətində ardıcıl tədbirlər görülmüş, idmançıların sosial vəziyyəti yaxşılaşdırılmış, veteran idmançılara təqaüdlərin verilməsinə başlanılmışdır. 1997-ci ildə cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra isə Azərbaycanda idmanın və olimpiya hərəkatının inkişafı sürətləndirilmiş, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sahədə beynəlxalq əlaqələrin qurulması diqqət mərkəzində saxlanılmışdır.
“İdman həyatımızın ayrılmaz hissəsidir. İdmanın inkişafı hər bir ölkənin ümumi inkişafını göstərir”, – deyən ölkə Prezidenti cənab İlham Əliyevin diqqəti və qayğısı ilə Azərbaycanda idman özünün ən yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkəmizdə olimpiya hərəkatının genişlənməsi, idmanın və bədən tərbiyəsinin inkişafı, eləcə də Azərbaycanın dünyada idman ölkəsi kimi tanıdılması sahəsində mühüm tədbirlər həyata keçirilir, müasir idman infrastrukturu yaradılır. Bu gün idmana qayğı ilə yanaşılması və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi bütün bölgələri əhatə etmişdir. Ötən dövrdə ölkəmizdə 40 müasir olimpiya-idman kompleksi tikilərək istifadəyə verilmişdir. Bu sahənin qanunvericilik bazasının təkmilləşdirilməsi də daim dövlət başçısının diqqət mərkəzindədir. 2009-cu ildə qəbul edilən “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda idmanın inkişafı sahəsində fəaliyyətin təşkilati-hüquqi əsasları, eləcə də dövlət siyasətinin konkret istiqamətləri öz əksini tapmışdır.
İdman sahəsində həyata keçirilən tədbirlər ölkəmizi mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana, dünyanın idman mərkəzlərindən birinə çevirmişdir. Azərbaycanın qısa müddətdə əldə etdiyi nailiyyətlər Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi tərəfindən yüksək qiymətləndirilmiş, son illər ölkəmizdə onlarla olimpiya lisenziyalı beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilmişdir. 2015-ci ildə I Avropa Olimpiya Oyunlarının ölkəmizdə keçirilməsinin qərara alınması da Azərbaycanın dünya idman arenasında qazandığı ən böyük nailiyyətlərdən biridir.
Naxçıvan Muxtar Respublikasında da idmanın maddi-texniki bazası xeyli gücləndirilmişdir. Son 18 ildə muxtar respublikamızda idman infrastrukturunun yenidən qurulması, yeni-yeni idman obyektlərinin, olimpiya-idman komplekslərinin inşa edilməsi bu sahənin inkişafı ilə bağlı möhkəm təməl yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqəti və qayğısı sayəsində muxtar respublikada 2 Olimpiya-İdman Kompleksi, 2 Üzgüçülük Mərkəzi, 1 Şahmat Mərkəzi, 1 Stend və Sportinq Atıcılıq Mərkəzi, 1 Peyntbol meydançası, rayon mərkəzlərində şahmat və uşaq-gənclər idman məktəbləri, istifadəyə verilən tam orta məktəblərdə müasir idman zalları yaradılmış, yeni olimpiya ağırlıqqaldırma qurğuları və digər sadətipli idman avadanlıqları quraşdırılmışdır. Muxtar respublikada idmanın təşkilati-hüquqi bazasının yaradılması və inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanmış, 2002-ci ildə Boks, Güləş, Karate-do, Şərq döyüşü sənəti, Şahmat, Futbol, Voleybol, Basketbol, 2006-cı ildə Paralimpiya, 2013-cü ildə isə Hava və Ekstremal, Stend və Güllə Atıcılığı federasiyaları yaradılmışdır. Ötən il yenidən formalaşdırılan “Araz-Naxçıvan” Peşəkar Futbol Komandasının Azərbaycan birinci divizionu oyunlarında iştirakı təmin edilmişdir.
Muxtar respublikamızda yaradılan müasir idman infrastrukturu, öz növbəsində, Naxçıvanın müxtəlif beynəlxalq yarışlara ev sahibliyi etməsi üçün geniş imkanlar açmışdır. 2003-cü ildə Naxçıvan şəhərindəki Olimpiya-İdman Kompleksində 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatı, müxtəlif vaxtlarda sərbəst və yunan-Roma güləşi üzrə “Naxçıvan kuboku” uğrunda beynəlxalq turnirlər, “Naxçıvan Open” Beynəlxalq Şahmat festivalları, “Naxçıvan Open” İçigeki beynəlxalq turniri, o cümlədən 2012-ci ildə üzgüçülük üzrə Azərbaycan çempionatı muxtar respublikada keçirilmişdir. Bütün bunlar yaradılan müasir idman infrastrukturu nəticəsində mümkün olmuşdur.
Ötən dövr ərzində idman sahəsində çalışanların əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, 3 nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, 1 nəfərə Azərbaycan Respublikasının “Tərəqqi” medalı verilmiş, 2 nəfər “Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi”, 5 nəfər isə “Naxçıvan Muxtar Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarına layiq görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 25 sen­t­yabr tarixli Sərəncamına əsasən, idman sahəsində fərqlənən iki nəfər gəncin adı “Qızıl kitab”a salınaraq onlara aylıq təqaüdün verilməsi təmin olunmuşdur.
Bu gün muxtar respublikamızda, ümumilikdə, 68 min 437 nəfər yeniyetmə və gənc aktiv şəkildə idmanla məşğul olur. 2013-cü ildə muxtar respublika idmançılarının respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilmiş, idmançılarımız dünya çempionatlarında 6, Avropa çempionatında 4, beynəlxalq turnirdə 6 və Azərbaycan birinciliklərində 52 medal qazanmışlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov gənc nəslin formalaşmasında idmanın əhəmiyyətini qeyd edərək demişdir: “Ölkəmiz müharibə, muxtar respublikamız isə bununla yanaşı, həm də blokada şəraitindədir. Buna baxmayaraq, idmanın inkişafı əvvəllər olduğu kimi, bu gün də, gələcəkdə də prioritet məsələlər sırasındadır. Çünki söhbət yeni nəslin formalaşdırılmasından gedir. Sağlam nəsil sağlam cəmiyyət deməkdir. Bunlarsız heç bir dövlət inkişaf edib möhkəmlənə bilməz. Bizim prinsipimiz ölkəmizin gələcəyini təmin etməkdir. Bizim vəzifəmiz ölkəmizin gələcəyini təmin etmək üçün sağlam, mənəviyyatlı və vətənpərvər gənclər yetişdirməkdir”.
Muxtar respublikamızda yaradılan şərait bədən tərbiyəsi və idmanın bundan sonra da davamlı inkişafına, yeni idmançılar nəslinin yetişməsinə əsas verəcək, idmançılar ölkə və beynəlxalq əhəmiyyətli yarışlarda uğurlu nəticələr qazanacaqlar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR