Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına daxil olan daha bir turnirə yekun vurulub. 5 mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar yeniyetmə və gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Boks Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi turnirdə 40-dan çox idmançı 12 çəki dərəcəsində qüvvələrini sınayıb.
Yarışın açılış mərasimində çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov son zamanlar muxtar respublikada boksa olan maraqdan, idmançılara göstərilən qayğıdan danışıb. Daha sonra idmançılara uğurlar arzulayan idarə rəisi turniri açıq elan edib. Gərgin mübarizə şəraitində keçən döyüşlərdə yeniyetmələrin rinqdəki şücaətləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonda turnirin qaliblərinə federasiyanın qiymətli hədiyyələri təqdim olunub, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları verilib.
Ceyhun MƏMMƏDOV