Futbol üzrə Azərbaycan I divizionunun lideri “Araz-Naxçıvan” futbol komandası 19-cu turda növbəti qələbəsini bayram edib. Doğma azarkeşlər önündə komandamızın budəfəki qonağı “Turan-T” futbol komandası olub. Tovuz təmsilçisinin son turlar uğurlu çıxışı və turnir cədvəlində üst pillələrdə qərarlaşması matçın gərgin keçəcəyindən xəbər verirdi. Lakin qonaqlardan daha üstün oyun sərgiləyən qırmızı-ağlar 3 xalı bir qolla əldə etdilər.
Canıyevi Quliyev əvəzlədi
Çətin Ağsu səfərindən sonra “ev”də bu görüşün nə qədər böyük əhəmiyyət kəsb etdiyini bütün futbolçular yaxşı dərk edirdilər. Buna görə baş məşqçi Əsgər Abdullayev işini tədbirli görmüşdü və yetirmələrinə oyunun taleyini ilk hissədəcə həll etməyi tapşırmışdı. Komandanın qol ümidi David Canıyevin cəzalı olması Ə.Abdullayevi heyətdə dəyişiklik etməyə məcbur etmişdi. Onu yeni transfer Fərid Quliyevlə əvəzləyən mütəxəssisin yanılmadığı oyun gedişində göründü. Müdafiə xəttində Mikayıl Rəhimov yenə ehtiyatda saxlanmış və meydan Tural-Ruslan-Ruslan-Əlimirzə kvartetinə həvalə edilmişdi. Yarımmüdafiə xəttində “dirijorluq” Tərlan Xəlilova tapşırılmışdısa, ona Akif Tağıyev və Cavid Həsənov da köməklik edirdi. Bəxtiyar Soltanov və Elmin Çobanov isə Fərid Quliyevə sivri ucda yardımçı olurdular.
Tovuz təmsilçisinə gəlincə, Naxçıvana oyun günü təşrif buyuran qonaqlar daha çox müdafiə futbolu oynamağa önəm vermişdilər. “Turan-T” futbolçuları muxtar respublika komandasını əks-hücumlarda tutmaq və uzaqdan zərbələrlə qapını yoxlamağı qarşılarına məqsəd qoymuşdular.
Fəridin ilk qolu
Oyuna maraq həmişəki kimi çox idi. Stadiona toplaşmış azarkeşlər “Araz-Naxçıvan”ın daha bir qələbəsinə şahidlik etmək istəyirdi. Bunu bilən futbolçular ilk dəqiqələrdən rəqib qapısı önündə lövbər salmağa başladılar. Matçın 10 dəqiqəsinin tamamında ilk təhlükəli vəziyyəti də elə qırmızı-ağlar yaratdılar. Sol cinahdan ötürmə alan Elmin Çobanov cərimə meydançasına daxil oldu. Onun qüvvətli zərbəsi topu ilk olaraq qapıçıya, daha sonra isə qapı tirinə tuşladı. Az sonra komandamız istəyinə çatdı. Belə ki, Bəxtiyar Soltanov uzun ötürməni mükəmməl ram edərək qapı önündə top gözləyən Fərid Quliyevə ideal ötürmə verdi. Topa qapıçıdan öncə yetişən hücumçumuz isə muxtar respublika təmsilçisinin heyətində ilk qoluna imza atdı – 1:0. Vurulan qolla kifayətlənmək istəməyən baş məşqçi yetirmələrinə irəli atılmağı və ikinci topu da rəqib qapısından keçirməyi tapşırdı. Lakin bütün hücumları rəqib qapısı önündə boşa verən futbolçular baş məşqçinin də əsəbləşməsinə səbəb oldular. Nəticədə, Ə.Abdullayev heyətdə dəyişiklik etmək məcburiyyətində qaldı və Tərlan Xəlilovu Eşqin Quliyevlə əvəzlədi.
Azarkeşlər digər əvəzləmələri ikinci hissə başlamazdan öncə gördülər. Belə ki, Tural Hümbətov və Elmin Çobanov müvafiq olaraq Elgiz Kərimli və Əziz Hüseynovla əvəzləndilər. Yeni futbolçuların meydana daxil olması bir qədər hücum xəttində sürətliliyi artırdı. Bir epizodda sağ cinahdan irəliləyən B.Soltanov cərimə meydançasına ötürmə etsə də, futbolçularımızdan heç biri buna yetişə bilmədi. Az sonra oyunda ilk qolun müəllifi F.Quliyev qışda komandaya gələn İrfan Hüseynovla əvəzləndi. Görünən o idi ki, baş məşqçi rəqibi daha çox cinahlardan hücum atəşinə tutmağı planlaşdırırdı. Belə də oldu. Cinahların bir qədər aktivliyi rəqib qapısına olan təzyiqlərimizi də artırdı. Akif Tağıyev uzaqdan zərbə ilə qapıçının sayıqlığını yoxladığı halda, bir qədər sonra Əlimirzə Daşzərininin mükəmməl zərbəsindən havalanan top qapıdan azacıq aralı keçdi. Matçın son 15 dəqiqəsi isə komandamızın diktəsi altında oynanıldı. Hücumçularımızın və yarımmüdafiə xəttimizin səylərinə baxmayaraq, tablodakı hesab dəyişməz olaraq qaldı. Bununla, cari mövsümdə 17-ci qələbəsini qazanan “Araz-Naxçıvan” liderliyini davam etdirdi. 52 xalla turnir cədvəlinin zirvəsində qərar tutan komandamız ən yaxın izləyicisini 9 xal qabaqlayır.
Qeyd edək ki, qırmızı-ağların növbəti oyunu martın 8-nə təsadüf edir. Həmin gün Naxçıvan Muxtar Respublika Stadionunda komandamızın rəqibi Gəncənin “Kəpəz” klubu olacaq.
Ceyhun MƏMMƏDOV