Yaşa və seçilən idman növünə diqqət yetirmək lazımdır
“İdman sağlamlığın rəhnidir”. Bu deyim artıq bütün dünyada şüar halını alıb. İdmanın istənilən növü ilə məşğul olmaq insan sağlamlığına kifayət qədər xeyir verir, onu gümrah saxlayır və bəzi problemlərdən qoruyur. İstər həkim, istərsə də mütəxəssis rəyinə nəzər yetirsək, idmanın insan həyatında nə qədər önəmli rol oynadığını görərik. Bütün idman növlərinin sağlamlığa xeyirli olduğunu nəzərə alsaq, ortaya maraqlı nüans çıxır: məşğul olmaq üçün idman növü seçərkən nəyə diqqət yetirməliyik və ya hansı yaşda hansı idman növü ilə məşğul olmaq daha faydalıdır?
Yaşa görə idman
İdman insanın sağlam şəkildə böyüməsində, cəmiyyətə faydalı bir fərd kimi yetişməsində müstəsna rol oynayır. Ona görə uşaqların kiçik yaşdan idman növü seçmələrində valideynlər bəzi məsələlərə diqqətlə yanaşmalıdırlar. İlk olaraq, onlar ölkəyə layiqli vətəndaş yetişdirmək və onun gələcəyini parlaq görmək üçün uşaqlarını kiçik yaşda bir qədər əyləncəli idman növləri ilə məşğul olmağa yönəltməyə çalışmalıdırlar. Bəs neçə yaşında hansı idmanla məşğul olmaq uşağa daha çox xeyirlidir?
2-3 yaş. Bu yaşda uşaqlar ancaq qaçma, tutma, tullanma kimi təməl hərəkətləri edə bilərlər. Bu səbəbdən bu yaşda bir idman seçimi etmək yerinə, valideynlər uşaqların ailə fərdləri və yoldaşları ilə oyun oynamalarını təmin etməlidirlər. Bu məqsədlə bağçada əvvəlcə qaçma, rəqsetmə və təcrübəli insanların nəzarəti altında gimnastika seçilə bilər.
4-6 yaş. Bu yaşda sümüyü bərkiyən uşaqlar rəqsetmə, üzmə, gimnastika, ipatlama, əlim səndə, rəng-rəng oynaya bilərlər, həmçinin üçtəkərli velosipeddən istifadə edə bilərlər. Altı yaşdan sonra uşaqlarda etibarlı və idarəli hərəkətetmə qabiliyyəti inkişaf edir və onlarda idman növü seçimi yavaş-yavaş meydana gəlməyə başlayır.
7-10 yaş. Uşaqlar gimnastika, üzmə, futbol, basketbol, voleybol, velosiped, tennis kimi idman növləri ilə məşğul olmağa başlaya bilərlər.
10 yaş və sonra. Uşaqlar əvvəlki yaşlarda başladıqları idman növünə daha mütəşəkkil olaraq davam edərkən atletizm və güləşə başlaya bilərlər. Bir neçə il sonra isə daha çox fiziki güc tələb edən idmanlara – boks, taekvando, karateyə başlamaq uyğundur. Bu idman növlərinə daha erkən yaşlarda da başlanıla bilər, amma yenə birbaşa bu idmanlara deyil, onlara hazırlığı formalaşdıran, elastikliyi, tarazlığı və koordinasiyaları inkişaf etdirəcək təməl hərəkətlər ehtiva edən məşqlərə başlamaq daha uyğun olar.
Bu dövrdə edilən idmanlar daha çox oyuna söykənən idman növü olmalıdır. Uşaqlara ağırlığa meyilli idmanlarla məşğul olmaq zərərlidir, çünki inkişaf mərhələsində olduğu üçün onlar güclü məşğələlərə davam gətirə bilmirlər. Uşaqlıq dövründə sümüklər hələ inkişafa açıqdır, ürək tutumu fərqlidir, karbohidrat ehtiyatı yetkinlərə görə daha azdır.
İdman növlərini aşıladığı keyfiyyətlərə görə bu cür qruplaşdırmaq olar:
-dözümlülük tələb edən idman – belə idman növlərinə üzgüçülük, cokkinq, velosiped daxildir. Bu idman növləri bütün ürək əzələlərinin kardiosunu həyata keçirir. Sağlam ürək güclü olmaq üçün vacib olan əsas komponentdir. Bu komponent olmadan çox uzun müddət hər hansı bir aktiv fəaliyyət mümkün deyil;
-yuxarı bədən üzvləri üçün 30 dəqiqəlik idman – bu zaman müddətində bütün üst əzələlər hərəkətə gətirilir. Bu, ediləcək idmana bədəni hazır vəziyyətə gətirir;
-aşağı bədən üzvləri üçün 30 dəqiqəlik idman – aşağı bədən əzələləri üçün 30 dəqiqəlik məşq edilməlidir. Aşağı bədən əzələləri üçün bir çox təlimlər var və rəngarənglik üçün onları tez-tez dəyişmək olar.
Ən çox xeyir verən idman növü üzgüçülükdür. Üzməyin faydaları: əzələ və oynaq travmalarında bərpaedici müalicə kimi məsləhətlidir; qan dövranını aktivləşdirir, ürəyin fəaliyyətini nizamlayır, durğunluğu aradan qaldırır, bədənin müqavimətini artırır, sinir gərginliyini azaldır, qaməti dik saxlayır, iş qabiliyyətini artırır, ruh yüksəkliyi yaradır. Həmçinin onurğa və bel ağrılarında faydalıdır.
Peyğəmbər məsləhəti
İdman bir mədəniyyətdir. İnsan hansı yaşda idmana başlayarsa, mütləq sağlamlıq müayinəsindən keçməlidir. Bir mütəxəssis tərəfindən müayinə edilən adamın əzələ və skelet sisteminin seçim edilən idmanı etməyə uyğun olub-olmadığına qərar verilməlidir. Çünki uşaqlıq dövründə idmana başlayanlarla irəli yaşda idman etməyə başlayanlar arasında fiziki, sosial, ruhi inkişafına qədər hər sahədə fərqliliklər var.
Hələ Peyğəmbərimiz Həzrəti Məhəmməd “onlara qarşı bacardığınız qədər qüvvə hazırlayın…” (“Ənfal” surəsi, 60) ayəsini oxuduqdan sonra üç dəfə: “Diqqətli olun, qüvvət atmaqdır!” (Müslim, İmarə, 167) – buyuraraq atıcılığa nə qədər önəm verdiyini vurğulamışdır. Bununla yanaşı, Peyğəmbərimiz digər idman növləri haqda da fikirlər söyləmişdir.
Minicilik: Peyğəmbərimiz at yetişdirməyi, at əhliləşdirməyi (öyrətməyi) və at minməyi də israrla təşviq etmişdir. Özü şəxsən yetişdirdiyi atlarla yarışmış, səhabələr arasında da yarışlar keçirmişdir. Əbu Hureyrənin (radiyallahu anh) rəvayət etdiyi bir hədisi-şərifdə Peyğəmbərimiz: “Bu üç şeydə mükafat vardır: dəvə yarışı, at yarışı və ox yarışı”– buyurmuşdur. (Əbu Davud, Cihad, 67) Həzrəti Ənəsin rəvayət etdiyi bir hədisdə də Peyğəmbərimizin Adba adlı dəvəsi ilə yarışdığını öyrənirik. (Buxari, Cihad, 59)
Üzgüçülük: uşaqlıq illərində Mədinədə üzməyi öyrənən Peyğəmbərimiz müsəlmanları bu idman növünə də təşviq etmişdir. Bir hədisində uşaqlara gözəl ad qoymağı, üzgüçülüyü və at çapmağı öyrətməyi valideynlərin vəzifələri arasında sadalamışdır.
Yerimə və qaçış: Peyğəmbərimiz əshabına yeriməyi və qaçmağı da tövsiyə etmişdir. Bir rəvayətdə “İki hədəf arasında qaçan insanın hər addımında bir savab vardır” – buyurmuşdur. Bir başqa rəvayətdə də “Ox yarışı keçirin, (bədəncə) möhkəmlənin, ayaqyalın gəzin”, – deyə əmr və tövsiyə etmişdir.
Güləş: Peyğəmbərimizin nəvələri Həzrəti Həsən və Həzrəti Hüseyn Onun hüzurunda güləşərdilər. Peyğəmbərimiz yaşca böyük olan Həzrəti Həsənin tərəfini saxlayırdı. Bunun səbəbini soruşanlara da: “Cəbrail Hüseynə kömək edir, mən də Həsənə kömək etməyi xoşlayıram” cavabını verirdi.
İbn Hişamın rəvayət etdiyi bir hədisi-şərifdən Peyğəmbərimizin də güləşdiyini öyrənirik. Məkkədə Ruqanə adlı kürəyi yerə gəlməyən adlı-sanlı bir güləşçi vardı. Peyğəmbərimiz bu adamı İslama dəvət edir. O da müsəlman olmaq üçün şərt qoyur ki, Peyğəmbərimiz möcüzə göstərsin, yəni onu güləşdə yıxsın. Peyğəmbərimiz həm çox güclü, həm də fiziki cəhətdən hazırlıqlı olan Ruqanəni dalbadal üç dəfə məğlub edir. Bunun, həqiqətən də, bir möcüzə olduğunu anlayan Ruqanə müsəlman olur.
Bu hədislərdən açıq-aşkar göründüyü kimi, Peyğəmbərimiz atıcılıq, at çapmaq, yeriş və qaçış, güləş kimi idman növlərini tövsiyə və təşviq etmişdir. Bu idman növlərinin hamısı kiçik fərqlərlə bu gün də yaşayır. Ancaq bunlardan başqa, futbol, voleybol, basketbol, tennis, cüdo, taekvando kimi bir çox idman növləri də vardır. İslam alimləri Peyğəmbərimizin hədisi-şərifləri və İslamın əsas prinsiplərindən çıxış edərək bu idman növlərinin çoxunun da mübah olduğu, yəni onlarla məşğul olmaqda heç bir maneə olmaması qənaətinə gəlmişlər.
P.S. Təsadüfi deyil ki, bu gün muxtar respublikamızda güləş, atıcılıq, yüngül atletika, üzgüçülük kimi idman növlərinin inkişafına ciddi önəm verilir.
Ceyhun MƏMMƏDOV