22 Dekabr 2024, Bazar

Futbol üzrə Azərbaycan I divizionunun 18-ci turu çərçivəsində “Araz-Naxçıvan” futbol komandası fevralın 23-də səfərdə “Ağsu”nun qonağı olub. “Araz-Naxçıvan” turnir cədvəlində liderliyini qorumaq və çempionluq yolunda çətin bir səddi aşmaq istəyirdi. Bunun üçün muxtar respublika təmsilçisi mütləq şəkildə qələbə qazanmalı idi. Ağsuya səfər öncəsi baş məşqçi Əsgər Abdullayev açıqlamasında da bu görüşün çətin keçəcəyini vurğulamışdı. Çünki buna kimi Ağsu təmsilçisi iki dəfə Naxçıvanda qonaq olmuş və hər iki matçı eyni hesablı məğlubiyyətlə (1:0) başa vurmuşdu. Odur ki, “Ağsu”nun baş məşqçisi Rüfət Quliyev nəyin bahasına olursa-olsun, “qırmızı-ağlar”ı məğlub etməyi qarşısına məqsəd qoymuşdu.

“Araz-Naxçıvan” bu görüşün əhəmiyyətinin böyük olduğunu öncədən bildiyindən daha ciddi hazırlaşmışdı. Baş məşqçi Əsgər Abdullayev heç kimin gözləmədiyi halda əsas heyətdə bəzi dəyişikliklər etmişdi ki, bu da matçın gedişatına müsbət dərəcədə öz təsirini göstərdi. Müdafiə xətti həmişəkindən fərqli olaraq, iki Ruslana həvalə edilmişdi.

Sol cinahda Əlimirzə Daşzərini mübarizə aparırdısa, sağ cinahda Tural Hümbətov əsas heyətdə meydana çıxmışdı və Mikayıl Rəhimov ehtiyatda qalmışdı. Yarımmüdafiə xəttində isə Cavid-Eşqin-Akif triosu oyun ərəfəsində rəqib üçün əsl başağrısına çevrildi. Hücumun sivri ucunda yer alan Bəxtiyar Soltanov son iki turda qol vurmaqla baş məşqçinin etimadını qazanmışdı. Cinahlar isə İrfan Hüseyn­ov və Elmin Çobanova tapşırılmışdı.
“Ağsu” komandası isə doğma azarkeşləri önündə qələbə qazanıb Naxçıvandakı məğlubiyyətlərin təsadüfü olduğunu sübut etmək niyyətində idi. Görünən o idi ki, ötən turlarda azarkeşləri önündə “Neftçala”nı məğlub edən və bununla özündə əlavə güc tapan ağsulular muxtar respublika təmsilçisini yaxşı analiz etməyiblər.

Gərgin mübarizə, qırmızı vərəqə və növbəti qələbə

Oyunun gedişatına gəlincə, elə ilk hissənin əvvəlindən başlayaraq oyunun gərgin vəziyyətdə keçəcəyi özünü büruzə verdi. Komandamızın heyətində David Canıyevin olmamasına baxmayaraq, Bəxtiyar-İrfan-Elmin üçlüsü ilk anlardan təhlükəli vəziyyətlərlə yadda qaldılar. Əvvəlcə E.Çobanov müdafiəçilərin səhvindən istifadə edərək cərimə meydançasına daxil oldu. Ancaq rəqibin bir qədər kobud oynaması hakim Orxan Məmmədovun diqqətindən yayındı. Bu epizodu artıq unudan Naxçıvan təmsilçisi ilk hissənin 10 dəqiqəsində 3 təhlükəli epizod yaratmağa müvəffəq oldu. Nəhayət, qırmızı-ağlar istəklərinə 18-ci dəqiqədə çatdılar. Belə ki, rəqibini əks-hücumda yaxalayan “Araz-Naxçıvan” tablodakı sıfırlardan birini dəyişdi. Ruslan Abıyevin başladığı hücum sol cinahda İrfan Hüseynovla davam etdi. O, rəqib müdafiəçisini keçərək cərimə meydançasına mükəmməl asma göndərdi. Topa hamıdan tez yetişən R.Abıyev isə başla sərrast oynadı və topu qapıdan keçirdi. Bu epizodda onun vurduğu qolu qapıçı, sadəcə, seyr etdi. Təbii ki, vurulan qol komandamızı daha da ruhlandırdı. Ardıcıl hücumlar təşkil edən “Araz-Naxçıvan” oyunun 1/3 hissəsinin tamamında hesabı artıra bilərdi. İ.Hüseynov komanda yoldaşlarından mükəmməl ötürmə aldı və rəqib müdafiəçiləri arxada qoyaraq qapıçı ilə təkbətək qaldı. Lakin onun topu bir qədər ayağından açması ikinci qola imkan vermədi.
İkinci hissə də komandamızın diqtəsi ilə keçdi. Rəqib də ara-sıra hücumlarla qapıçımız Emil Balayevin sayıqlığını yoxladı. Hətta bir epizodda rəqib cərimə meydançamıza lövbər saldı. Amma müdafiəçilərimiz inamlı oynamaqla topu uzaqlaşdırmağı bacardılar. İkinci hissədə İrfanla əvəzlənən Fərid Quliyev hava mübarizəsindən qalib ayrılaraq B.Soltanova ideal ötürmə etdi. Ancaq sonuncunun başla zərbəsi bir qədər qapıdan aralı keçdi. Bəxtiyar bu məqamı dəyərləndirə bilmədikdən 5 dəqiqə sonra daha bir təhlükəli vəziyyətlə azarkeşləri ayağa qaldırmağa nail oldu. Onun, təxminən, 30 metrdən qüvvətli zərbəsi qapıçını narahat etdi. Az sonra isə Akif Tağıyev uzaqdan şansını yoxladı. Bu dəfə də dəri əlcək sahibi topu künc zərbəsinə yollamaqla təhlükəni sovuşdurdu.
Oyunda daha maraqlı anlar isə son 10 dəqiqədə cərəyan etdi. Əvvəlcə sarı vərəqə ilə cəzalandırılan “Araz-Naxçıvan” komandasının oyunçusu bir dəqiqə sonra qırmızı kartla komandanı meydanda azlıqda qoydu. Oyuna yenicə daxil olmuş Fərman Qəmbərov rəqibə qarşı aqressiv hərəkətinə görə referi Orxan Məmmədovun qəzəbinə tuş gəldi. Azlıqda qalmasına baxmayaraq, komandamız 90-cı dəqiqədə ikinci topu rəqibin qapısından keçirə bilərdi. Uzun reyddən sonra qapıçı ilə üzbəüz qalan Əziz Hüseynov topu qapıçının üzərinə vurdu. Halbuki komanda yoldaşı Azər Məmmədova ötürmə edə bilsəydi... Bu epizodu boşa vermələri belə, komandamıza qələbə qazandırdı.
Bununla, növbəti oyunda da qələbə qazanan “Araz-Naxçıvan” klubu turnir cədvəlindəki mövqeyini qorudu və xallarının sayını 49-a yüksəltdi. İndi qırmızı-ağlar ən yaxın izləyicisi “Qaradağ-Lökbatan”ı 9 xal qabaqlayırlar.
Qeyd edək ki, komandamız növbəti oyununu martın 1-də doğma arenada keçirəcək. Rəqib isə Tovuzun “Turan-T” komandasıdır.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR