22 Dekabr 2024, Bazar

Futbol üzrə Azərbaycan I divizionunun lideri “Araz-Naxçıvan” futbol klubu növbəti qələbəsini qazanıb. Çempionatın ikinci dövrəsinin ilk “ev” matçında qırmızı-ağlar Qusarın “Şahdağ” komandasını qəbul ediblər. Gərgin mübarizə şəraitində keçən qarşılaşma muxtar respublika təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla, cari mövsümdə 15-ci qələbəsini bayram edən Naxçıvan təmsilçisi ən yaxın rəqibini 7 xal qabaqlamağı bacarıb.

İkinci dövrəyə qələbə ilə başladıq

Əvvəlcə onu qeyd edək ki, I divizionun 16-cı turunda “Araz-Naxçıvan” səfərdə “Bakılı”nın qonağı olmuşdu. Zirə qəsəbəsindəki Olimpiya-İdman Kompleksinin stadionunda keçirilən matç komandamız üçün uğurlu alındı. Belə ki, baş məşqçi Əsgər Abdullayevin meydana buraxdığı futbolçular elə oyunun taleyini ilk hissədəcə vurduqları bir qolla həll etdilər. Bəxtiyar Soltanovun 12-ci dəqiqədə vurduğu mükəmməl qol cari mövsümdə ən baxımlı qollar siyahısına düşməklə yanaşı, həm də komandamıza vacib olan 3 xalı qazandırdı.

Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən “Şahdağ” matçı isə böyük əhəmiyyət kəsb edirdi. Qusar təmsilçisini məğlub etməklə komandamız uzun marafonda daha bir çətin səddi aşmış olacaqdı.
Baş məşqçi Əsgər Abdullayev doğma arenada keçirilən oyunda meydana fərqli heyət çıxarmışdı. Qırmızı-ağların düşərgəsinə yeni qoşulmuş Əziz Hüseynov və Ruslan Zamanov əsas heyətdə meydana çıxmışdısa, Azər Məmmədov, Tərlan Xəlilov və Elvin Ağamalov ehtiyat oyunçular skamyasında əyləşərək oyuna daxil olacaqlarını gözləyirdilər. Ötən turu cəza səbəbindən buraxmalı olan Ruslan Abıyev və David Canıyev bu dəfə əsas heyətdə yerlərini almışdılar. 3-6-1 taktikası ilə meydana çıxan “Araz-Naxçıvan” komandası əsas Davidə güvənməklə yanaşı, həmçinin cinahlarda Elmin Çobanov və Bəxtiyar Soltanovun da sürətli reydlərinə bel bağlamışdı.

90 illiyə hədiyyə

Matç başlamazdan öncə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə əlaqədar olaraq, futbolçularımız əllərində böyük bir pankartla meydana daxil oldular. Həmçinin “Araz-Naxçıvan” “Muxtariyyət ili”ndə forma dəyişikliyi etmişdi. Belə ki, qırmızı olan formanın üzərində “90+” və “Naxçıvan Muxtar Respublikası” sözləri yazılmışdı.
Oyuna hər iki komanda ehtiyatla başladı. İstər Naxçıvan, istərsə də Qusar təmsilçisi oyunun gərgin keçəcəyini öncədən bildiyindən ilk dəqiqələr kəşfiyyat xarakteri daşıdı. Referi Ramil Diniyev oyunun tempini müsbət mənada yaxşı saxlamaq üçün futbolçuları bir qədər ehtiyatla oynamağa çağırdı. Di gəl ki, 12-ci dəqiqədə baş verən hadisə hər iki komandanı pis vəziyyətdə qoydu. Belə ki, rəqibin müdafiəçisi Vüqar Əlibabayev hücumçumuz David Canıyevə qarşı bir neçə dəfə kobudluğa yol versə də, bu, hakimin diqqətindən yayındı. Lakin epizodların birində hər iki futbolçunun bir-birinə qarşı kobud rəftarı referinin səbir kasasını daşırdı və o, futbolçuları meydandan qovdu. Azlıqda qalan komandalar taktiki dəyişikliyə əl atdılar. Əvvəlcə “Araz-Naxçı­van”ın baş məşqçisi müdafiəçi Mikayıl Rəhimovu Fərman Qəmbərovla əvəzlədi. Ardınca isə Tərlan Quliyev Əziz Hüseynovun yerinə meydana daxil oldu. Bundan sonra oyunun gedişatını ələ alan muxtar respublika təmsilçisi 39-cu dəqiqədə stadiona toplaşmış fanatları coşdurmağa müvəffəq oldu. Bəxtiyar Soltanovun qarşısını kobudluqla alan rəqib müdafiəçi sarı vərəqə almaqla yanaşı, eyni zamanda komandasının qapısına cərimə zərbəsi də təyin edilməsinə səbəb oldu. Topa yaxınlaşan T.Xəlilovun asmasından sonra hamıdan yüksəyə tullanan Ruslan Abıyev mükəmməl baş zərbəsi ilə tablodakı sıfırları dəyişdi – 1:0.
İkinci hissə rəqibin aqressiv oyunu ilə başladı. Nəticədə, baş hakim R.Diniyev tez-tez əlini cibinə salmağa məcbur olurdu. Rəqibin hücumlarının qarşısını məharətlə alan qırmızı-ağlar əks hücumlarda qusarlıların qapısı ağzında təhlükəli vəziyyətlər də yaratmaq imkanı əldə edirdilər. Belə epizodların birində rəqibi müdafiə xəttində yaxalayan futbolçularımız hesab arasındakı fərqi artırdılar. Mərkəzdə topu qəbul edən Elmin Çobanov Bəxtiyar Soltanova mükəmməl ötürmə etdi. Qapıçı ilə üzbəüz qalan hücumçumuz isə ardıcıl ikinci matçında ikinci qolunu vurmaqla komandasının vacib xal qazanmasında müstəsna rol oynadı. Artıq bu qoldan sonra rahatlanan Naxçıvan təmsilçisi oyunun tempini aşağı salmağa başladı. Rəqib isə məğlubiyyətdən xilas olmağa çalışırdı. Müdafiə xəttimizin bir epizodda bir qədər qeyri-səlis oynaması qolla nəticələndi. Belə ki, sol cinahdan gələn topa yetişə bilməyən müdafiəçilərimiz “Şahdağ”ın hücumçusu Sərxan Ağayevi gözdən qaçırdılar. Nəticədə, S.Ağayev hesab arasındakı fərqi azaltdı. Bu qol sanki qonaqları ruhlandırdı və onlar daha sərt oynamağa başladılar. Belə olan halda isə referi ardıcıl sarı vərəqə göstərməkdən çəkinmədi. 80-ci dəqiqədə isə Qusar təmsilçisi meydanda azlıqda qaldı. Elmin Çobanovun qarşısını kobudluqla alan rəqib müdafiəçi meydandan qovuldu. Bundan istifadə edən “Araz-Naxçıvan” daha bir dəfə azarkeşləri coşdurmağa nail oldu. Topu müdafiəçilərdən “oğurlayan” B.Soltanov meydana yeni daxil olmuş Elgün Abbaslıya ideal ötürmə etdi. Abbaslı isə, öz növbəsində, qapının uzaq küncünü dəqiq nişan almaqla qələbənin bayram edilməsinə zəmin yaratdı – 3:1.
Bu qələbədən sonra aktivindəki xalların sayını 46-ya yüksəldən muxtar respublika təmsilçisi liderliyini davam etdirir. Komandamız növbəti oyununu səfərdə “Ağsu”ya qarşı keçirəcək.

Oyundan sonra fikirlər

Mikayıl Rəhimov (“Araz-Naxçıvan”ın futbolçusu): “Oyun istədiyimiz kimi başlamadı.  Qırmızı vərəqə almağımız oyunun gedişatının da dəyişməsinə səbəb oldu. Çətin rəqib qarşısında belə əzmkar mübarizə göstərib qələbə qazandığımız üçün bütün futbolçularımızı təbrik edirəm. Sonadək mübarizə aparıb çempionluğu qeyd etmək istəyirik”.
Bəxtiyar Soltanov (“Araz-Naxçıvan”ın futbolçusu): “Ardıcıl iki oyunda qol vurmağım, təbbi ki, sevindirici haldır. Əsas komandada kimin qol vurmağı yox, qələbə qazanmağımızdır ki, bunun da öhdəsindən layiqincə gəldiyimizi düşünürəm. Bundan sonrakı oyunlara daha ciddi hazırlaşmalı və hər oyuna final matçı kimi çıxmalıyıq. Əgər çempion olmaq istəyiriksə, bunu etməliyik. Komanda yoldaşlarımla birgə mövsümün sonunda kuboku başımız üzərinə qaldırmaq istəyirik”.
Elgün Abbaslı (“Araz-Naxçıvan”ın futbolçusu): “Meydana sonradan daxil oldum və komandamın qələbə qazanması üçün əlimdən gələni etdim. Baş məşqçimiz nə vaxt şans verərsə, onu layiqincə dəyərləndirməyə çalışıram və göstərilən etimadı doğrultmaq istəyirəm. Naxçıvan Muxtar Respublikasının 90 illiyində qazandığımız bu qələbəni azarkeşlərimizə ərməğan edirik”.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR