19 May 2024, Bazar

Futbol üzrə I divizionun ilk dövrəsini lider kimi başa vuran “Araz-Naxçıvan” futbol komandası təlim-məşq toplanışını Bakıda keçirir. Yanvarın 5-də “Neftçi”nin keçmiş bazasında toplanan qırmızı-ağlar ilk olaraq baş məşqçi Əsgər Abdullayevin rəhbərliyi ilə geridə qalan 15 turu müzakirə edib. Baş məşqçi ilk dövrədə buraxılan səhvlərin təkrarlanmaması üçün yetirmələrinə öz tapşırıqlarını verib və liderliyi qorumağın lider olmaqdan çətin olduğunu vurğulayıb.

“Araz-Naxçıvan”ın toplaşdığı ilk məşqdə bəzi futbolçuların olmadığı diqqətdən qaçmayıb. Belə ki, ötən dövrəni daha çox ehtiyat oyunçular skamyasında keçirən Ozal Əbiyev, Nicat Əliyev, Rəşad Hacızadə, Elnur Soltanlı və Elvin Cəbrayıllı qarşılıqlı razılaşma əsasında komandadan ayrılıblar. İlk bir həftəni seleksiyaya həsr edən baş məşqçi yeni gələn oyunçuları sınaqdan keçirib. Onların əksəriyyəti Ə.Abdullayevin etimadını qazana bilməyib və baş məşqçi onları komandada görmək istəmədiyini bildirib.
Bir həftədən sonra toplu məşqlərə başlayan “Araz-Naxçıvan” yanvarın 15-də yoxlama görüşü keçirib. Rəqib Premyer-Liqa təmsilçisi “Sumqayıt” idi. Daha çox gəncləri oynadan və heyəti müəyyənləşdirməyə çalışan baş məşqçi ikinci hissədə əsas heyəti meydana buraxıb. Naxçıvan təmsilçisi son 10 dəqiqədə təzyiqi artırıb və David Canıyevin vurduğu yeganə qol sayəsində meydanı qalib kimi tərk edib. Bu görüşdən sonra baş məşqçi komandanın daha bir üzvünü – Rəhman Musayevi komandadan göndərib. Qələbənin ardınca yetirmələrinə istirahət verməyən Əsgər Abdullayev gündə­lik məşqlərin sayını ikiyə yüksəldib. Səhər və axşam məşq edən futbolçular həm də fiziki gücə üstünlük verməklə, ikinci dövrənin hazırlıqlarını davam etdirirlər.
Komandamız fevralın 9-na kimi təlim-məşq toplanışını Bakıda davam etdirəcək. Azərbaycan I divizionunun oyunları məhz bu tarixdə başlandığından, həmçinin ilk oyun paytaxtda olduğundan qırmızı-ağlar bu tarixə kimi Bakıda qalacaqlar.
Qeyd edək ki, komandamız I divizionun ikinci dövrəsinin ilk matçını Bakıda “Bakılı”ya qarşı keçirəcək. Oyunun başlama saatı hələ dəqiqləşməsə də, fevralın 9-da oynanılacağı dəqiqdir.

Ceyhun MƏMMƏDOV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR