Naxçıvan Muxtar Respublikasında idmana göstərilən dövlət qayğısı öz bəhrəsini verməkdədir. Artıq idmanın bir çox sahələrində qazanılan uğurlar bunun bariz nümunəsidir. Son illər Naxçıvan Muxtar Respublikasında Şərq döyüşü sənətinə də maraq artmaqdadır. Buna səbəb muxtar respublikada fəaliyyət göstərən Şərq Döyüşü Sənəti Federasiyasının fəaliyyətinin məqsədyönlü təşkilidir.
Ötən il federasiya tərəfindən Naxçıvana dəvət olunan və burdakı gənc idmançıların püxtələşməsində müstəsna rol oynayan Gündüz Qarayev ona göstərilən etimadı doğruldub. Hazırda federasiyanın nəzdində fəaliyyət göstərən MMA-1 idman növü üzrə istedadlı gənclərə dərs keçən G.Qarayev hələ peşəkar idmandan ayrı düşmədiyini sübut edib.
O, bu yaxınlarda Ukraynanın Xarkov şəhərində keçirilən dünya çempionatında çıxış edib. Naxçıvan Muxtar Respublikasını bu turnirdə təmsil edən idmançı fəxri kürsünün ən yüksək zirvəsinə yüksəlib. Azərbaycan millisinin heyətinə məhz Naxçıvanın təmsilçisi kimi dəvət olunan Gündüz bizimlə söhbətində bu dəvətin onun üçün əlamətdar bir hadisə olduğunu vurğuladı: “Artıq bir ilə yaxındır ki, Naxçıvanda çalışıram və burda çox istedadlı gənc idmançılar var. Mən bu turnirə yollanmazdan öncə yetirmələrimlə birlikdə Azərbaycan çempionatında iştirak etdik və uğurlu çıxışımızla hamıya Naxçıvanda bu idmanın peşəkar formada geniş vüsət aldığını göstərdik. Bu yarışın çətin olacağını bilirdim, buna görə ciddi hazırlaşmışdım. Əməyimin bəhrəsini də gördüm. İlk döyüşümü rusiyalı idmançıya qarşı keçirdim. Hansı ki həmin idmançı bir çox beynəlxalq turnirin qalibi olmuşdu. Qalib gəlib yarımfinala yüksəldim. Burda rəqibim rinqə çıxmaqdan imtina etdi və mən finala yüksəldim. Azərbaycan bayrağını dalğalandırmaq, eyni zamanda himnimizi səsləndirmək üçün qələbə qazanmalı idim. Əsas hədəfim Naxçıvana dünya çempionu kimi qayıtmaq olduğunu turnirə getməmişdən öncə də bildirmişdim. Finalda dağıstanlı idmançını məğlub edib qızıl medala layiq görüldüm”.
Gənc məşqçi yetirmələrinin bu idmana olan marağından da danışdı. O, qarşıdakı illərdə Naxçıvanda yetişən və bu sahəyə meyil edən idmançıların dünya və Avropa çempionatlarında uğur qazanacağına inanır: “Məqsədimiz Naxçıvanda bu sahəyə olan marağı artırmaqdır. Hazırda məşqlərimizdə 100-ə yaxın gənc idmançı çıxış edir və onların içərisində artıq təcrübə qazanmış idmançılar var. İnanıram ki, qarşıdakı illərdə onlar dünya və Avropa çempionatlarında uğurla çıxış edəcəklər.
Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyası bu yaxınlarda mötəbər bir turnir keçirməyi planlaşdırır. Keçiriləcək yarışla bağlı G.Qarayev bunları dedi: “Qarşıdakı günlərdə böyük bir turnir keçirməyi planlaşdırmışıq. İstəyirik ki, Naxçıvanda bu idman növünün geniş yayıldığını ölkənin idman ictimaiyyətinə təqdim edək. Bu yarışda Azərbaycanın bir çox bölgələrindən olan idmançılar iştirak edəcəklər. Belə turnirlərin tez-tez təşkili idmançıların yarış təcrübəsini artırar”.
Ceyhun MƏMMƏDOV