Futbol üzrə Azərbaycan I divizionunun ilk dövrəsini lider kimi başa vuran “Araz-Naxçıvan” futbol komandası təlim-məşq toplanışını Bakıda davam etdirməkdədir. Hazırlığın necə getdiyini öyrənmək üçün komandanın baş məşqçisi Əsgər Abdullayevlə söhbətləşdik:
– “Araz-Naxçıvan” futbol komandası I divizionun lideridir. Sizin artıq komandanı tam olaraq formalaşdırdığınızı söyləmək olarmı?
– Bir müddət əvvəl “Araz-Naxçıvan”ın I divizionda oynayıb-oynamayacağı sual altında idi. Çətinliklə də olsa, komandanı formalaşdırdıq. Fikirləşdim, komandaya təcrübəli futbolçular lazımdır ki, cavan futbolçular onların təcrübələrindən yararlansınlar. Hal-hazırda liderik, amma bu, qalibik demək deyil. İndi əsas məqsədimiz ilk dövrədəki uğurları ikinci dövrədə təkrarlamaqdır. İlk dövrədə komandanın normal çıxış etdiyini deyə bilərəm.
– İlk dövrədə komandada çatışmayan cəhətlər hansılar oldu?
– Elə bir komanda yoxdur ki, onun hər bir işi qaydasında olsun. Hücumda və orta sahədə futbolçu çatışmazlığının olduğunu deyə bilərəm. Hər hansı bir mövqedə az da olsa, çatışmazlıqlar var. Birinci dövrədə biz komanda yığırdıq, indi isə bir neçə mövqeyə futbolçu almaq istəyirik.
– İndi daha çox hansı mövqeləri gücləndirməyi planlaşdırırsınız?
– Hər bir mövqeyə oyunçu lazımdır. Lakin bəzi mövqelərə daha çox tələb olunur. Komandada nə qədər çox futbolçu olsa, rəqabət də güclü olar. Qapıçı mövqeyini də yaddan çıxarmaq olmaz.
– Bəzi məşqçilər I divizionda komanda çalışdırmaq istəmirlər və bunu özlərinə sığışdırmırlar. Ancaq Əsgər Abdullayev bu fikrə fərqli yanaşıb.
– Mən həmişə demişəm ki, güclülər dəstəsində iddiasız bir klubda işləməkdənsə, I divizionda iddialı bir komandada çalışmaq daha yaxşıdır. Mən komandanın I dəstədə iştirak etməsinə o qədər də əhəmiyyət vermirəm. Mənim üçün harada işləməyimdən asılı olmayaraq, əsas nəticədir. Şəraiti olan bir komandanı bacarığı olan bir məşqçi güclülər dəstəsinə çıxara bilər. Mən bugünkü gündə Naxçıvanda olduğuma görə, qətiyyən təəssüflənmirəm. Burada artıq çempionat da keçirilir. Mən də həmin oyunları izləyirəm ki, heyətə yeni futbolçular qatım.
– Artıq ikinci dövrənin hazırlıqlarına Bakıda başlamısınız. İndi futbolçular sizə necə təsir bağışlayırlar?
– Yanvarın 5-dən etibarən toplaşmışıq və hər gün mütəmadi olaraq məşqlərimizi davam etdiririk. Bununla yanaşı, seleksiya işləri ilə də məşğuluq.
– Bəs komanda kimlərlə yollarını ayıracaq?
– Göndərilən futbolçular nadir hallarda meydana çıxırdı və onlar yeni komandada daha çox şans qazanmaq üçün ayrılmaq istədiklərini bildirdilər. Belə olan halda, həmin futbolçulara hörmətim artır. İndi onların yerini doldurmaq üçün bir neçə futbolçu dəvət etmişik.
– Hazırda I divizionda bir çox komanda arasında kəskin mübarizə var və hər biri Premyer-Liqaya yüksəlməyi qarşılarına məqsəd qoyublar. Sizcə, kimin şansı daha çoxdur?
– Mən məşqçi kimi komandamın hansı komanda ilə oynamağından asılı olmayaraq, oyunlara eyni cür hazırlaşdırıram. Çempion olmaq istəyən komanda hər bir oyuna axırıncı oyun kimi çıxmalıdır. Komandanın vəziyyətini “şişirtmək” lazım deyil. 4-5 komanda arasında rəqabət ola bilər, amma bütün komandalar rəqibdir. Bizim xal itirdiyimiz oyunlara baxın: “Mil-Muğan” və “Neftçala”. Heç kimə yuxarıdan aşağı baxmaq olmaz.
– “Araz-Naxçıvan” qələbə qazandıqca bəzi insanlar Naxçıvan klubunun hakimlərin hesabına lider olduğunu düşünürlər. Bu haqda fikriniz maraqlı olardı…
– Hər bir insanın fikrinə hörmətlə yanaşıram. Əvvəllər də mənə bu sualı veriblər. Sadəcə, onu deyə bilərəm ki, kim bu fikirdədirsə, gəlib oyunlarımıza baxsın.
– Cari mövsümdə “Araz-Naxçıvan” futbol komandası Əsgər Abdullayevin rəhbərliyi altında çempion ola biləcəkmi?
– Hələ bu barədə danışmaq tezdir. İlk dövrəni lider kimi başa vurduq, indi ikinci dövrəyə daha ciddi hazırlaşırıq. Çünki rəqiblər artıq gücümüzə bələddirlər. Qarşıda həmçinin Azərbaycan kubokunun 1/4 final mərhələsində “Xəzər-Lənkəran”la oyunumuz var. İstənilən rəqibi məğlub etmək gücünə qadir bir komanda formalaşdırmalıyıq.
Ceyhun MƏMMƏDOV