Cari ilin əvvəlində Naxçıvan idmançıları daha bir mötəbər turnirdə qüvvələrini sınayacaqlar. Uzun fasilədən sonra böyük futbola qayıdan muxtar respublika klubunun yeniyetmələrdən ibarət komandası bu dəfə Azərbaycan kubokunun final mərhələsində çıxış edəcək. Belə ki, tarixdə ilk dəfə olaraq Naxçıvanın 2000-ci il təvəllüdlü futbolçularından ibarət futbol komandası kubok yarışında iştirakçı qismində meydana çıxacaq.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən Bakıda təşkil edilən kubokun final mərhələsində 8 komandanın iştirak edəcəyi gözlənilir. Bu turniri təşkil etməkdə əsas məqsəd isə respublikada futbolun kütləvi hal almasına nail olmaqdır. Yanvarın 27-də start veriləcək turnirdə ancaq regionlarda elit məşqçilərin rəhbərlik etdiyi komandalar mübarizə aparacaqlar. Naxçıvan komandasını bu turnirdə meydana elit məşqçilər Bilal Nağıyev və İntiqam Rəhimov çıxaracaqlar. Reqlamentə əsasən, 2000-ci il təvəllüdlü futbolçularla yanaşı, hər komandadan 2001-ci il təvəllüdlü üç oyunçu da meydana çıxa bilər.
Ceyhun MƏMMƏDOV