Rumıniyanın Yassı şəhərində qadın şahmatçıların Avropa çempionatı keçirilir.
Qitə turnirində ölkəmizi 10 şahmatçı təmsil edir. Onlardan biri də Naxçıvan Şahmat Federasiyasının idmançısı Nəsrin Babayevadır. Debütdə yerli idmançıya məğlub olan yeniyetmə şahmatçımız növbəti qarşılaşmasında Yunanıstan şahmatçısını məğlub edərək ilk xalı aktivinə yazdırıb. 3-cü, 4-cü oyun günlərini xalsız başa vuran təmsilçimizin növbəti rəqibi Denis Tripolddur.
Azərbaycan şahmatçılarından ən yaxşı göstərici beynəlxalq usta Günay Məmmədzadəyə məxsusdur: 4 görüşdən 3,5 xal. Gövhər Beydullayeva aktivindəki xal sayını 3-ə yüksəldərək mövqeyini yaxşılaşdırıb. Gülnar Məmmədova, Xəyalə Abdulla, Ülviyyə Fətəliyeva və Xanım Balacayeva hərəyə 2,5 xal toplayıblar. Zeynəb və Türkan Məmmədyarovaların hər biri 2, Ayan Allahverdiyeva isə cəmi 1 xal toplaya bilib.
Ümumi mükafat fondu 60 min avro olan Avropa çempionatı avqustun 21-dək davam edəcək. Qalib gələn şahmatçı dünya kuboku turnirində yarışmaq hüququ qazanacaq.
Qeyd edək ki Avropa çempionatında 29 ölkədən 117 şahmatçı mübarizə aparır.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti