İdmançı və məşqçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və yeni biliklərə yiyələnməsi məqsədilə təcrübəli mütəxəssislərin muxtar respublikaya dəvət olunması məsələsi diqqətdə saxlanılır. Bu məqsədlə Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində sərbəst güləş növü ilə məşğul olan idmançılar üçün taktiki-texniki seminar təşkil olunub. Seminara gənclərdən ibarət milli komandanın məşqçisi, beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi Rövşən Hacıyev rəhbərlik edib. Tədbirdə paytaxt Naxçıvan və bölgələrdən, ümumilikdə, 60-a yaxın idmançı, o cümlədən məşqçilər iştirak ediblər.
Federasiyanın sədr müavini Faiq İsgəndərov idmançıları seminarın məqsəd və əhəmiyyəti barədə məlumatlandırıb. Hacı Əliyev kimi dünya miqyasında tanınan bir idmançının bu sahədə ilk addımlarını məhz Naxçıvan güləş məktəbində atdığını xatırladan Rövşən Hacıyev vurğulayıb ki, bu amil hər biriniz üçün ümid və inam qaynağı olmalıdır.
Çıxışların ardından məşq prosesinə başlanılıb. İsinmə hərəkətlərinin ardınca Rövşən Hacıyev sərbəst güləşçinin oyun zamanı və buna qədər hansı amillərə diqqət yetirəcəyi haqqında danışıb. Məşqçi və idmançıları maraqlandıran suallar təcrübəli mütəxəssis tərəfindən cavablandırılıb.
Qeyd edək ki, seminar Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyası tərəfindən birgə təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti