02 Oktyabr 2022, Bazar

Naxçıvanda idmanın inkişafı və kütləviliyinin təmin edilməsi üçün görülən məqsədyönlü tədbirlər, göstərilən hərtərəfli dövlət qayğısı nəticəsində gənc və yeniyetmələrin sağlamlığımız üçün vacib olan bu sahənin müxtəlif növlərinə marağı günü-gündən artmaqdadır. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi yaradılan bütün idman federasiyaları ilə birgə fəaliyyət göstərir, bu sahədə dövlət siyasətinin tənzimlənməsini həyata keçirir. Məhz bunun nəticəsidir ki, diyarımızda müasir idman məktəbləri və idman qurğuları tikilib, ayrı-ayrı idman növləri üzrə 12 federasiya yaradılıb. Belə federasiyalardan biri də 2006-cı ildə yaradılan Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və gənclərin bu sahəyə cəlb edilməsi üçün maddi-texniki baza möhkəmləndirilib, bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilib.


Təsdiq edilən Dövlət proqramları

Ümumiyyətlə, sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası, onların reabilitasiyası və sosial adaptasiyasının təmin edilməsində diqqəti cəlb edən vasitələrdən biri məhz idmandır. Muxtar respublikamızda sağlamlıq imkanları məhdud şəxslərin də idmana cəlb olunması geniş mərhələni əhatə edib. Belə ki, Paralimpiya Federasiyasının rəsmi internet saytında paralimpiyaçı idmançıların vahid məlumat bazası formalaşdırılıb, şəhər və rayonlarda olan istedadlı idmançılar daim diqqətdə saxlanılır, onların yarışlarda iştirakı təmin edilir. Federasiya Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın və 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrasını mütəmadi olaraq diqqətdə saxlayır və bu proqramların icrası istiqamətində fəaliyyətini davam etdirir.
Federasiyanın şəhər və rayonlardakı bölmələrində mütəmadi olaraq məşqlər təmin edilir, təsdiq edilən Dövlət proqramına uyğun olaraq işlər görülür. Şərur rayon bölməsində də fiziki imkanları məhdud idmançıların məşğulluq imkanları dəstəklənir. Hazırda bölmənin 65 idmançısı var ki, onlar idmanın 7 – stolüstü tennis, boccia, üzgüçülük, futzal, voleybol, ağırlıqqaldırma və qol güləşi növləri ilə məşğul olurlar. Son zamanlar bölmənin yetirmələri keçirilən şəhər və muxtar respublika birinciliklərində, turnirlərdə uğur qazanmaqda heç də digərlərindən geri qalmırlar. Bu idmançılardan biri də stolüstü tennis üzrə keçirilən yarışların dəfələrlə mükafatçısı və qalibi olan Allahverən Səfərovdur.

İlk turnir, ilk qələbə

Paralimpiyaçı idmançılara “Kumirin hansı idmançıdır?” – sualını yönləndirdikdə, adətən, bir cavab alınır: “İlham Zəkiyev”. Lakin bugünkü qəhrəmanımız bizim zənnimizi yanıltdı. Allahverən Səfərov idmana gec başlamasının səbəbini bir məqamla qeyd edir: “İlk olaraq idman sahəsində hansı sahəni seçəcəyimi götür-qoy etdim. Səbəbi isə bir çox növləri sevməyimdir. Uşaqlıqda futbolçu və ya voleybolçu olmağı arzulayırdım. Lakin sonradan stolüstü tennis marağımı daha çox cəlb etdi və oynamağa başladım. Hobbi olaraq başladığım idmanın əvvəlcə tarixini öyrəndim, kiçik nüansları belə, nəzərdən keçirdim. İlk dəfə 2016-cı ildən başlayaraq bu növdə yarış və turnirlərdə iştirak etdim və əksəriyyətində qalib adını qazandım”.
... Söhbətimizin bu anında məşqçi-müəllim Vüqar Paşayev maraqlı fikir söyləyir: “Stolüstü tennisdə ilk addımı atmaq böyük iradə, cəsarət tələb edir ki, bunun da öhdəsindən Allahverən artıqlaması ilə gəlib”.

Məşqçi nəsihəti

Bu gün 19 yaşında olan Allahverən Səfərov 14 yaşında öz istedadı ilə Vüqar Paşayevin diqqətini cəlb edib: “2016-cı ildə keçirilən yarışda Allahverən birinci oldu və onun soyuqqanlı olması diqqətimi cəlb etdi. Bu barədə federasiyaya məlumat verildi və qısa vaxt kəsiyində o, Paralimpiya Federasiyasının üzvü oldu. Bu müddət ərzində onunla hər gün məşqlər apardıq və bu sahədə püxtələşməsi üçün əlimizdən gələni əsirgəmədik. Demək olar ki, 2017-ci ildən onunla məşğul oluram və bir dəfə də olsun məşqlərə etinasız, məsuliyyətsiz yanaşmayıb. Məhz onun bu özgüvəni bütün yarışları qalib kimi başa vurması ilə nəticələnib. Hər zaman Allahverənə sözümüz o olur ki, “nə vaxtsa, məşqçin dəyişə bilər və yaxud başqa bir yerdə məşq edə bilərsən, amma bir şeyi unutma: məsuliyyət hər zaman idmanda ən önəmli faktordur”.

Məsuliyyətli yanaşma və uğurlar

Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılmasında “İstedadlı gənc” adına layiq görülən Allahverən Səfərovun qazandığı uğurlar çoxdur. Belə ki, dəfələrlə Şərur rayon birinciliyinin qalibi olan Allahverən stolüstü tennis üzrə keçirilən muxtar respublika birinciliyini də 5 dəfə qələbə ilə başa vurub. Naxçıvan Muxtar Respublika spartakiadasının da qalibi olan idmançımız Azərbaycan çempionatında da mübarizə aparıb. İlk dəfə qatıldığı birincilikdə qazandığı 4-cü yeri isə uğursuz nəticə saymaq olmaz. Bu, hələ növbəti yarışlar qabağı rəqiblərinə verilən bir “gözdağı” idi.

Davam edən məşqlər

Vüqar Paşayevin 4 idmançısından biri olan Allahverən Səfərov hazırda ara vermədən məşqlərini davam etdirir. Pandemiya dövründə individual olaraq çalışan idmançının fikrincə, məlum pandemiya onun oyun təcrübəsinə az da olsa, təsir göstərib: “Ötən il federasiyanın keçirəcəyi bir çox yarışlarda iştirak edəcəkdim. Eyni zamanda Azərbaycan birinciliyində də mübarizə aparacaqdım. Lakin məlum pandemiyaya görə bütün yarışlar, turnirlər təxirə salındı. Təbii ki, bu biz idmançılara daha çox təsir etdi. Güclü məşqlərdən sonra yarışlarda iştirak etmək və qələbə qazanmaq istəyirsən, ancaq belə ara olduqda oyun təcrübən azalır. Düzdür, bu dövrdə məşqçilər, federasiya rəsmiləri bizimlə mütəmadi olaraq maraqlanırdı. Hazırda Şərur Rayon Gənclər və İdman İdarəsinin tennis zalında məşqlərimiz davam edir. Məşqlərə ciddi yanaşıb qarşıdakı yarışlarda uğurlarımı yeniləmək istəyirəm”.

İdman, mütaliə və ya Allahverənin ürək sözləri

İdman mənim yeganə işimdir və işimi çox sevirəm. Bununla yanaşı, həm də mütaliə etməyə böyük önəm verirəm. Pandemiya dövründə məşqlərlə yanaşı, daha çox kitab oxuyur, eyni zamanda qəbul imtahanlarına hazırlaşırdım. Nəticə olaraq, yüksək bal toplayıb, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul oldum. İdmana hər zaman muxtar respublikamızda qayğı ilə yanaşırlar. Məhz bunun nəticəsidir ki, biz idmançılar keçirilən bütün yarışlarda uğur qazanıb Naxçıvan idmanına az da olsa, töhfəmizi verməyə çalışırıq. Göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərinə idmançılar adından minnətdar­lığımı bildirirəm.

Nəticə

“İstedadlı gənc” adına layiq görülən 19 yaşlı Allahverən Səfərovu qarşıda uğurlu karyera gözləyir – bunu tam əminliklə deyə bilərik. Bəlkə də, gələcəyin olimpiya çempionu yetişir?! Səbəbi isə çox sadədir: məsuliyyət, ən əsası isə sağlamlıq imkanları məhdud insanların tibbi bərpası, onların reabilitasiyasına şəraitin yaradılması, bədən tərbiyəsi və idmana cəlb edilməsinin muxtar respublika rəhbəri tərəfindən daim diqqətdə saxlanılmasıdır.

Zəruri qeyd və yaxud təklif

Hazırda həyata keçirilən Dövlət proqramları bir daha təsdiq edir ki, sağlamlıq imkanları məhdud insanların cəmiyyətin aktiv üzvünə çevrilmələri üçün muxtar diyarımızda hər bir şərait yaradılıb, bu kateqoriyadan olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülüb. Federasiyalar idmançı bazalarını təkmilləşdirmək, daha təcrübəli idmançıları cəlb etmək üçün bir nüansdan da istifadə edə bilərlər. Bu, daha çox Paralimpiya və Atıcılıq federasiyaları üçün məqsədəuyğun addım ola bilər. Belə ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsində misilsiz rol oynayan igidlərimizi – qazilərimizi federasiyalara dəvət etmək olar. Vətənpərvər ruhda böyüyən və müharibədə böyük şücaət göstərən gənclərimiz – qazilərimiz bundan sonra federasiyaların (xüsusilə atıcılıq) tərkibində idmançı kimi Naxçıvanı ən layiqli şəkildə təmsil edə bilərlər. Bu həm də sağlamlıqlarını Vətən uğrunda, qələbə naminə itirmiş cəsur gənclərin cəmiyyətə inteqrasiyasıdır.

Ceyhun MƏMMƏDOV

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR