Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında qız və oğlanlar arasında karate-do üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Babək, Şərur və Sədərək rayonlarının da idmançıları mübarizə aparıblar. Açılış mərasimində çıxış edənlər tədbirin keçirilmə məqsədi və qaydaları haqqında idmançılara məlumat veriblər. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən birincilikdə 50 idmançı 4 yaş qrupu üzrə 7 çəki dərəcəsində tatami üzərinə çıxıb.
Beynəlxalq qaydalar əsasında keçirilən yarışın yekun nəticəsinə əsasən 6-7 yaş qrupunda Xəyyam Məmmədov (+20 kiloqram, Naxçıvan), 8-9 yaş qrupunda Ayxan Musayev (-30 kiloqram, Naxçıvan), Kənan Həsənli (+30 kiloqram, Naxçıvan), 10-11 yaş qrupunda Dəniz Binyətli (-35 kiloqram, Naxçıvan), Rafiq Hüseynli (+35 kiloqram, Naxçıvan), 12-13 yaş qrupunda isə Qafar Hüseynov (-40 kiloqram, Naxçıvan) və Aminə Novruzzadə (-50 kiloqram, Naxçıvan) qalib adını qazanıblar.
Sonda hər yaş qrupunda I, II və III yerləri tutan idmançılara təşkilatçıların diplomları təqdim edilib.
Ceyhun MƏMMƏDOV