Gənclərin intellektual biliklərinin və dünyagörüşlərinin formalaşdırılması, yaradıcılıq bacarıqlarının təkmilləşdirilməsinə stimul yaradılması, asudə vaxtlarının səmərəli təşkili, muxtar respublikamızın turizm imkanlarının onlar arasında tanıdılması və təbliği məqsədilə ötən ay ərzində bir sıra tədbirlər həyata keçirilib. Belə ki, Ağbulaq İstirahət Mərkəzində təşkil olunan 3 günlük “Yay məktəbi”ndə iştirakçılar üçün təlim, konsert proqramı, müxtəlif idman oyunları, müsabiqələr, intellektual yarışlar təşkil olunub və Azərbaycan filmləri nümayiş etdirilib. “Gənclik” Mərkəzində sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə intellekt yarışı reallaşıb, “İdman və ədalətli oyunlar” mövzusunda respublika rəsm müsabiqəsində Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin şagirdi İrəm Göktaşın iştirakı təmin olunub, təmsilçimizin ədalətli oyun və humanizm prinsiplərini önə çıxardığı əl işi 3-8 yaş qrupu üzrə III yerə layiq görülüb.
“Naxçıvanı tanıyaq!” devizi ilə gerçəkləşən növbəti ekskursiya çərçivəsində gənc partiya üzvləri Xalq şairi Məmməd Arazın ev-muzeyi, Şahbuz Dövlət Təbiət Qoruğu və Batabat Astrofizika Rəsədxanasını, Ağbulaq İstirahət Mərkəzini ziyarət ediblər. Azərbaycanın tarixində müstəsna xidmətləri olmuş şəxslərin, ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli qəhrəmanların gənclər arasında tanıdılması məqsədilə könüllü gənclər tərəfindən “Qəhrəmanlar unudulmur” adlı videoçarxlar hazırlanıb və sosial şəbəkələrdə yerləşdirilib.
Hesabat dövründə bədən tərbiyəsi və idman sahəsində kütləviliyin artırılması, gənc nəslin sağlamlığının qorunması, vətənpərvərlik ruhunda tərbiyə olunması və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası istiqamətində Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunan uşaqlar arasında kikboksinq üzrə muxtar respublika turniri, tir atıcılığı üzrə açıq birincilik, sağlamlıq imkanları məhdud yeniyetmələr arasında stolüstü tennis, “Naxçıvan” və “Culfa” komandaları arasında isə çimərlik voleybolu üzrə yoldaşlıq görüşləri keçirilib.
Ötən ay idmançılarımız uğurlu nəticələrlə yadda qalıblar: 1 Qızıl və 1 Gümüş medal əldə edən yeniyetmə idmançımız Sadiq Kərimov Ukraynada keçirilən universal döyüş növləri üzrə dünya kubokunun qalibi olub, Serbiyada təşkil olunan “Silver Lake - 2021 Open” və “Serbia Chess Open 2021” beynəlxalq şahmat turnirlərində iştirak edən təmsilçilərimizdən Nəsrin Babayeva qadınlar arasında birinci, Sadiq Qarayev 18 yaşadək şahmatçılar arasında ikinci olub, FIDE ustası Pərviz Qasımov uğurlu nəticə əldə edərək beynəlxalq usta normasını doldurub, digər 3 şahmatçımız isə reytinq xallarını yüksəldib. Məşqçi-müəllim Turan Hüseynov və 3 paralimpiyaçımız qolbol idman növü üzrə milli komandamızla birgə təlim-məşq toplanışında iştirak edib, komandamız toplanış çərçivəsində yoldaşlıq görüşünün qalibi olub. Naxçıvan Güləş Federasiyasının yetirməsi Hacı Əliyev və Naxçıvan Boks Federasiyasının yetirməsi Tayfur Əliyev “Tokio-2020” Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmək imkanı əldə ediblər.
Muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları üçün mütəmadi təşkil olunan ekskursiyalar davam etdirilib, qrafikə uyğun olaraq budəfəki gəzintidə Şahmat, Güləş, Boks və Karate federasiyalarının təmsilçiləri müvafiq olaraq Naxçıvan Dövlət Xalça Muzeyində, “Əlincəqala” Tarix-Memarlıq Muzey Kompleksində, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində və Cəmşid Naxçıvanski Muzeyində olublar.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti