22 Dekabr 2024, Bazar

İnsan sağlamlığı üçün ən vacib məşğuliyyət sahələrindən biri də idmandır. Uzun illər idmanla məşğul olan insanların cəmiyyət həyatına verdiyi töhfələr də danılmaz faktdır. Eyni zamanda idman insana bir çox müsbət keyfiyyətləri aşılayır, mərdlik, qorxmazlıq, cəsarət, şücaət, Vətənə məhəbbət kimi hisslərin formalaşmasına böyük təsir göstərir. Təsadüfi deyil ki, Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. 

 

Son illərdə muxtar respublikada mühüm idman infrastrukturunun yaradılması, federasiyaların təşkili, idmanın kütləviliyinin artırılması üçün görülən işlər qədim diyarın idman regionu kimi tanınmasına stimul olmuşdur. Bu sahədə yaradılmış şərait muxtar respublikada bir çox beynəlxalq səviyyəli idman yarışlarının təşkilinə də geniş imkanlar açmışdır. İdmanın inkişafı və onun kütləviliyinin artırılması sahəsində görülən işlər uğurlu nəticələrin əldə olunması ilə bərabər, burada fəaliyyət göstərən idman federasiyalarının da üzərinə mühüm məsuliyyət qoyur. İdmanın inkişaf etdirilməsinə töhfə verən Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası da üzərinə düşən vəzifələrin ciddiliyini nəzərə alaraq işini günün tələbləri səviyyəsində qurmuşdur.
Məlumat üçün bildirək ki, 2013-cü il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Atıcılıq Federasiyasının yaradılması qərara alınmışdır. Elə həmin il dekabrın 7-də federasiyanın hərtərəfli fəaliyyətinin təmin olunması məqsədilə beynəlxalq standartlara uyğunlaşdırılan Atıcılıq Mərkəzi istifadəyə verilmişdir.
Mərkəzin açılış mərasimində iştirak edən Ali Məclisin Sədri demişdir: “Muxtar respublikada idman federasiyaları yaradılarkən onların qarşısında gənc idmançıların yetişdirilməsi ilə yanaşı, idmanın kütləviliyinə nail olmaq da əsas vəzifə kimi qoyulmuşdur. Çünki idmanın kütləviliyinin təmin olunması fiziki cəhətdən sağlam gənc nəslin yetişdirilməsində vacib amildir. Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının fəaliyyətə başlaması və onun Atıcılıq Mərkəzinin yaradılması da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Mərkəzdə gənclərin atıcılıq idman növləri ilə məşğul olmaları üçün hər cür şərait vardır. Burada stend və sportinq atıcılığı ilə yanaşı, əyləncəli idman növlərinə də üstünlük verilmiş, tir, peyntbol və digər sahələr istifadəyə verilmişdir. Bu da gənclərin asudə vaxtının səmərəli təşkilinə şərait yaradacaqdır. Eyni zamanda quraşdırılan müasir avadanlıqlar mərkəzdə beynəlxalq yarışların keçirilməsinə, ərazinin düzgün seçilməsi isə təhlükəsizlik qaydalarına tam əməl edilməsinə imkan verəcəkdir”.

Atıcılıq idman növü gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bərabər, onların vətənpərvərlik ruhunda yetişməsinə də böyük təsir göstərir. Xüsusilə atıcılıq idman növü yeniyetmə və gənclərdə silahlarla davranışda, ilkin atıcılıq vərdişlərinin formalaşmasında mühüm rol oynayır. Bu gün federasiyanın Atıcılıq Mərkəzində hərbi-idman oyunlarının və təlimlərinin keçirilməsi üçün lazımi şərait yaradılıb. Burada inzibati bina, iki stend və sportinq meydançası olmaqla, oxatma və tir sahələri, peyntbol meydançası, beynəlxalq standartlara cavab verən idman oyunlarının keçirilməsi üçün ərazi mövcuddur. Mərkəz atıcılığın stend və sportinq növləri ilə məşğul olmaq üçün silahlar, qulaqcıq, gözlük və qoruyucu jiletlərlə təchiz olunub. Burada silahla davranış qaydalarına və təhlükəsizliyin təmin olunmasına xüsusi fikir verilir. Həmçinin iştirakçılar təlimatçılar tərəfindən bu barədə ətraflı məlumatlandırılır, qaydalar onlara izah edilir. Təhlükəsizliyin təmin olunması üçün ərazidə müşahidə kameraları və yanğından mühafizə məntəqələri qurulub. Stend və sportinq atıcılığı meydançaları bütün texniki inventarlarla təchiz olunub. Mərkəzdə altı ayrı istiqamətdən ABCDEF havaya atılan hədəflər üçün aparatlar quraşdırılıb. Yeri gəlmişkən, müxtəlif yarışlarda iştirak edən idmançıların bir çoxu bəzi bölgələrdəki Atıcılıq mərkəzlərinin bəzilərindən fərqli olaraq buradakı mərkəzdə hədəflərin daha dəqiq və professional quraşdırılmasını etiraf edirlər. Elektron sistem vasitəsilə idarə olunan aparatlardan saniyədə 15-42 metr sürətlə atılan hədəflərin atış sürəti idmançıların istəyinə və peşəkarlığına uyğun olaraq nizamlanır.
Atıcılıq Mərkəzinin ərazisində oxatma idman növü ilə məşğul olmaq üçün də hədəflər quraşdırılıb, oxlar və yaylar bura gələnlərin ixtiyarına verilib. Mərkəzdə eni 54, uzunluğu 93 metr olan peyntbol meydançası yaradılıb. İkihissəli tribuna inşa olunub. Tribunanın bir hissəsi peyntbol, digər hissəsi isə stend və sportinq yarışlarının izlənilməsi üçün nəzərdə tutulub. Mərkəzdə təlimlər təşkil edilir, şagird və kursantlara silahdan istifadə qaydaları öyrədilir, onların ilkin hərbi hazırlıq səviyyələrinin yüksəldilməsi diqqətdə saxlanılır.

 

Xatırladaq ki, Naxçıvan şəhərində fəaliyyət göstərən Atıcılıq və əyləncə mərkəzi də atıcılıq idman sahəsində görülən qürurverici uğurların tərkib hissədir. Adıçəkilən mərkəz interaktiv atış-təlim zalı, kafe və oyun salonundan ibarətdir. Oyun salonunda quraşdırılan 6 aparat vasitəsilə gənclər müxtəlif idman növləri ilə virtual məşğul olmaq imkanı əldə ediblər. Qeyd olunduğu kimi bu da gənclərin istirahətinin səmərəli təşkili ilə yanaşı, həm də onların psixoloji hazırlıq səviyyələrinin yüksəldilməsi və əqli inkişafı baxımından əhəmiyyətlidir. İnteraktiv atış-təlim zalında ən müasir avadanlıqlar quraşdırılmış, 5 atış nöqtəsi yaradılmışdır. Pnevmatik tüfəng və tapançadan atəş açmaqla hədəfləri dəqiq vurmaq mümkündür. Atıcılıq mərkəzlərinin fəaliyyəti təkcə Naxçıvan şəhəri ilə məhdudlaşdırılmamış, uğurlu layihə əsasında Şərur şəhərində də Tir Atıcılıq Mərkəzi rayon sakinlərinin ixtiyarına verilmişdir.
Naxçıvan Atıcılıq Federasiyası tərəfindən müxtəlif atıcılıq klublarının yaradılması atıcılıq idman növünün bölgələrdə olan inkişafı üçün geniş imkanlar yaradır. Bir sözlə, mərkəzin düşünülmüş çoxfunksiyalı fəaliyyət istiqamətləri gələcəyin peşəkar idmançılarının yetişdirilməsində mühüm rol oynayır. Elə buna görədir ki, son illərdə yeniyetmə və gənclər arasında bu idman növünə maraq əvvəlki illərlə müqayisədə xeyli artıb.
Bunu da qeyd edək ki, məlum pandemiya səbəbindən ötən il atıcılıq idman növlərində yarışların keçirilməsi müvəqqəti dayandırılsa da, bu ilin mart ayından federasiyanın tədbirlər planında nəzərdə tutulmuş idman yarışlarının bərpa olunmasına başlanılıb. Cari ilin ötən dövründə muxtar respublikanın müxtəlif dövlət qurumlarının kollektivləri, o cümlədən hüquq-mühafizə orqanları əməkdaşlarının, ali və orta ixtisas təhsilin müəssisələri tələbələrinin, həmçinin federasiyalar arasında və digər idmançıların, idmansevərlərin iştirakı ilə müxtəlif vaxtlarda yarışlar təşkil edilib, qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılıb. Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası bundan sonra da idmanın kütləviliyinin təmin olunmasına çalışacaq, qarşıya qoyulmuş vəzifələrin vaxtında və layiqincə yerinə yetirilməsini təmin edəcəkdir.

Vasib ABDULLAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR