22 Dekabr 2024, Bazar

Futbol üzrə Azərbaycan I divizionunun ilk dövrəsini lider kimi başa vuran “Araz-Naxçıvan” futbol komandası ikinci dövrənin hazırlıqlarını Bakıda davam etdirir. Artıq muxtar respublika təmsilçisi paytaxtda yoxlama görüşü də keçirib. Dünən keçirilən yoldaşlıq görüşündə rəqib “Sumqayıt” futbol komandası olub. Premyer-Liqa təmsilçisi ilə matç Sumqayıtda keçirilib və komandamız güclü rəqibi qarşısında minimal hesabla qalib gələrək  daha yaxşı hazırlaşdığını bir daha sübut edib.

“Araz-Naxçıvan” komandası Premyer- Liqa təmsilçisi qarşısına fərqli heyətlə çıxmışdı. Belə ki, baş məşqçi Əsgər Abdullayev qapını Rəşad Heydərov, müdafiə xəttini isə Ruslan Abıyev, Ruslan Zümrüd­ov, Əlimirzə Daşzərini və Cavid Həsənova həvalə etmişdi. Eşqin Quliyevin kapitan kimi çıxdığı matçda yarımmüdafiə xətti onunla yanaşı, Azər Məmmədov və Elmin Çobanova tapşırılmışdı. Bəxtiyar Soltanov və Əziz Hüseynovla cinahlardan hücum quran qırmızı-ağlar sivri ucda İrfan Yuseynova bel bağlamışdılar. “Sumqayıt” isə Premyer-Liqa oyunlarında olduğu kimi, yenə də meydana daha çox gənc və perspektivli oyunçuları buraxmışdı ki, bu futbolçuların da əksəriyyəti hazırda Azərbaycan millisinin şərəfini qoruyurlar.

“Araz-Naxçıvan” oyuna sürətli başladı. Elə ilk təhlükəli vəziyyəti də muxtar respublika təmsilçisi yaratdı. Belə ki, sağ cinahdan edilən asmaya hamıdan tez yetişən İrfan Yuseynovun zərbəsini müdafiəçilər son anda qapıdan uzaqlaşdırdılar. Bir epizodda isə qapıçımız Rəşad Heydərovun inamlı oyunu diqqətdən yayınmadı. Onun mükəmməl reaksiyasından sonra rəqib qola sevinə bilmədi. İlk hissə daha çox kəşfiyyat xarakterli oldu. Buna görə komandalar bir qədər ehtiyatla oynamağa üstünlük verdilər.
İkinci hissəyə “Araz-Naxçıvan” əvəz­etmələrlə başladı. Belə ki, komandanın qol “silahı” David Canıyevlə yanaşı, Tərlan Xəlilov və Fərman Qəmbərov meydana daxil oldular. Həmçinin baş məşqçi oyunun gedişatında taktika dəyişikliyinə də əl atdı. İ. Yuseynovu sol cinaha çəkən Əsgər Abdullayev sivri ucu David Canıyevə həvalə etdi. Daha çox sürəti ilə seçilən İ. Yuseynov sol cinahdan uzun reyd edərək cərimə meydançasına daxil oldu, ancaq onun zərbəsini qapıçı dəf edə bildi. Az sonra İrfan adını tabloya yazdıra bilərdi. Di gəl ki, onun sağ cinahdan qüvvətli zərbə ilə vurduğu top qapıdan aralı keçdi. Ardıcıl hücumlar təşkil edən “Araz-Naxçıvan” istəyinə matçın sonuna 10 dəqiqə qalmış nail oldu. Belə ki, İrfan Yuseynovun ötürməsindən sonra cərimə meydançasına daxil olan David Canıyevə qarşı rəqib müdafiəçilər kobud oynadılar. Bu məqam isə hakimin diqqətindən yayınmadı. 11 metrlik ağ nöqtəni göstərən referinin bu qərarına rəqib futbolçular da etiraz etmədi. Üstəlik, onlar kobudluğa yol verən futbolçularına öz etirazlarını bildirdilər. Topa yaxınlaşan David Canıyev isə 2014-cü ildə komandamızın heyətində ilk qolunu vurdu – 0:1. Bundan sonra rəqibin, həmçinin Naxçıvan təmsilçisinin hücumlar təşkil etməsinə baxmayaraq, tablodakı hesab dəyişməz olaraq qaldı. Bununla da, “Araz-Naxçıvan” cari ildə ilk qələbəsini qazandı.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR