Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2006-2007-ci il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə keçirilən Azərbaycan birinciliyinə yekun vurulub.
Yarışda 8 komandanın heyətində 100-dən çox atlet birincilik uğrunda mübarizə aparıb. Naxçıvan Muxtar Respublikasını bu yarışda Atletika Federasiyasının idmançısı Miryusif Seyidov təmsil edib. Çempionatda atletlər 100, 200, 400, 800, 1500 və 3000 metr məsafələrə qaçış, 4x100 metr məsafəyə estafet qaçışı, uzunluğa, hündürlüyə və üçtəkanla tullanma, eləcə də nüvəitələmə, lövhəatma, nizəatma yarışlarında qüvvələrini sınayıblar.
1500 metr məsafədə bürünc medal əldə edən təmsilçimiz 3000 metrdə bütün rəqiblərini geridə qoyub. Finiş xəttinə 11 dəqiqə 3,78 saniyə ərzində çatan Miryusif bu göstərici ilə qızıl medal qazanıb.
Sonda idmançımız mükafatlandırılıb.
Ceyhun MƏMMƏDOV