15 İyun – Milli Qurtuluş Gününə həsr olunan velosiped yarışı üzrə muxtar respublika açıq birinciliyinə yekun vurulub. Yarış “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi istiqamətinə gedən yolun 8000 metrlik məsafəsini əhatə edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən təşkil olunan birincilikdə 10-dan çox idmançı mübarizə aparıb. Yarış hava və ekstremal idman növlərinin təbliği, inkişafı, bu sahədə kütləviliyə nail olunması, gənclərin velosiped idman növlərinə olan marağının artırılması və asudə vaxtın səmərəli təşkili məqsədilə keçirilib.
Yekun nəticəyə gəlincə, Elvin Mikayılzadə təyin olunan məsafəni hamıdan tez qət edərək qalib adını qazanıb. Qoşunəli Abdullayevlə Əzəmət Hümbətzadə finişə ikinci və üçüncü çatıblar.
Sonda idmançılara diplom, fəxri fərman və hədiyyələr təqdim edilib.
Ceyhun MƏMMƏDOV