22 Dekabr 2024, Bazar

Təbii ki, hər bir cəmiyyətin sağlam və fiziki cəhətdən güclü gənclərə ehtiyacı var. Belə bir vacib məsələnin xüsusi diqqət mərkəzində saxlanıldığı muxtar respublikada idmanın inkişafı istiqamətində qarşıya qoyulan vəzifələr uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində ötən müddət ərzində diyarımızın ümumtəhsil məktəblərində müasir standartlara cavab verən idman klubları, hər cür şəraiti olan olimpiya idman kompleksləri, üzgüçülük mərkəzləri, Atıcılıq Mərkəzi, uşaq-gənclər şahmat və idman məktəbləri tikilərək istifadəyə verilib. Bu sahəyə olan qayğının nəticəsidir ki, muxtar respublikada idmanın müxtəlif növləri üzrə peşəkar idmançılar yetişdirilir, qazanılan nailiyyətlər ildən-ilə artır, ölkə və beynəlxalq səviyyəli yarışlarda yüksək nəticələr əldə olunur. 

Muxtar respublikada müvafiq idman sahələri üzrə federasiyalar, o cümlədən Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası yeni tərkibdə fəaliyyətini davam etdirir. Federasiyanın strukturunda edilən dəyişikliklərdən sonra Yüngül Atletika Federasiyasının adı dəyişdirilərək Atletika Federasiyası olmuş və Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur Rayon Ağır Atletika Bölməsi ilə “Xatun” Bədii Gimnastika İdman Klubu da federasiyanın tərkibinə daxil edilmişdir. Federasiya əvvəlki fəaliyyətindən fərqli olaraq əhatə etdiyi idman növləri üzrə muxtar respublikada kütləviliyin təmin olunması məqsədilə mühüm tədbirlərin keçirilməsini diqqətdə saxlayır.

Qeyd etmək yerinə düşər ki, 2020-2021-ci tədris ilinin əvvəlindən federasiyanın şəhər və rayon bölmələrində atletika idman növü üzrə kütləviliyə nail olunması üçün təbliğat yönümlü tədbirlərin bəhrəsidir ki, bölmələrə cəlb edilən idmançıların sayı xeyli artıb. Vaxtilə Yüngül Atletika Federasiyası kimi fəaliyyət göstərən zaman idmançıların sayı 800-ə yaxın idisə, bu gün Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının müxtəlif bölmələrində bu idman növü ilə məşğul olan idmançıların sayı 1800-ə çatır. Həmçinin qeyd edək ki, həmin idmançılardan 700-dən çoxunu qadın atletlər təşkil edir.

İdmanın müxtəlif növlərinin inkişafı, uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin edilməsi, eləcə də istedadlı idmançıların üzə çıxarılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası məqsədilə ötən müddət ərzində Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 12 idman növü üzrə 186 idman klubu yaradılıb. Onlardan 29-u atletika, 3-ü ağır atletika, 5-i isə bədii gimnastika klubudur. Həmin klubların fəaliyyətinin daha da inkişaf etdirilməsi məqsədilə Atletika idman klubu üçün 10 dəst atletika səddi, 14 dəst yadro və 26 ədəd start qəlibləri, Gimnastika idman klubu üçün 108 gimnastika döşəyi, müxtəlif ölçüdə 15 fitnes topu, 20 gimnastika ipi və 10 gimnastika lenti, Ağır atletika idman klubu üçün isə 3 dəst güc trenajoru, 4 trenajor aləti, 8 qrif, 1 velosiped, 1 xizək, 5 dəst ştanq üçün plastik çəki diski ilə təmin olunub.
Federasiya artıq bu ildən başlayaraq atletikanın şəhər və rayon bölmələrində qaçış növləri ilə yanaşı, ilk dəfə olaraq yadro itələmə və nizəatma növləri üzrə də yarışlar, məşğələlər keçirir. Belə ki, “5 mart Bədən Tərbiyəsi və İdman Günüdür”, “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!”, “Mən sağlam böyüyəcəyəm!” devizləri altında şəhər və rayon, muxtar respublika və zona birincilikləri, eləcə də məşqçi müəllimlər üçün ustad dərsləri və IV-VIII sinif şagirdləri arasında əyləncəli idman oyunları keçirilib. Əyləncəli idman oyunlarının Naxçıvan şəhər mərhələsi baş tutub, rayonlarda da keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Respublikası Gimnastika, Atletika və Ağır Atletika federasiyaları ilə Azərbaycan və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirlikləri və Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının birgə əməkdaşlığı çərçivəsində tədbirlərin, eyni zamanda muxtar respublikada məşqçi müəllimlərin təcrübələrinin daha da artırılması məqsədilə gimnastika, ağır atletika və atletika idman növləri üzrə beynəlxalq səviyyəli seminar və kursların keçirilməsi də nəzərdə tutulub.

Atletika Federasiyasının tabeliyində fəaliyyət göstərən “Xatun” Bədii Gimnastika İdman Klubu əvvəllər idman ictimai birliyi kimi bir bölmə ilə fəaliyyət göstərirdisə, bu gün beş bölmə ilə öz fəaliyyətini davam etdirir. Muxtar respublikanın ümumtəhsil məktəblərində yaradılan idman klublarında kadr potensialını formalaşdırmaq məqsədilə ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən və gimnastika müəllimi kimi fəaliyyət göstərən müəllimlər üçün ilk dəfə seminar təşkil olunub. Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan seminarda Şərur və Ordubad rayon təhsil müəssisələrinin, muxtar respublikanın ali və orta ixtisas məktəblərinin, Naxçıvan şəhər 5 və 14 nömrəli tam orta məktəblərin, ümumilikdə, 15 fiziki tərbiyə müəllimi iştirak edib. Azərbaycan Gimnastika Federasiyasının üzvü Humay Qafarovanın apardığı seminarlar Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilir. Seminarlarda müvəffəqiyyət qazanan müəllimlərə sertifikatlar təqdim olunacaq. Sertifikata layiq görüləcək müəllimlər isə ümumtəhsil məktəblərində yaradılan idman klublarında da öz fəaliyyətlərini davam etdirə biləcəklər.
Bundan başqa, muxtar respublikada ilk dəfə olaraq federasiyanın təşkilatçılığı ilə Ordubad və Şərur rayonlarında fəaliyyət göstərən ağır atletika bölmələrinin məşqçi müəllim və idmançı şagirdləri üçün ustad dərsləri keçilib.
Onu da qeyd edək ki, federasiyanın tədbirlər planına əsasən mayın 18-də ümummilli lider Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında 5 kilometr kross qaçışı üzrə muxtar respublika açıq birinciliyi keçirilib.
Bütün bunlar deməyə əsas verir ki, federasiyanın səmərəli fəaliyyəti hesabına idmanın inkişafı istiqamətində daha uğurlu nəticələr əldə olunacaq.

Ülviyyə HACIYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR