22 Dekabr 2024, Bazar

Futbol üzrə Azərbaycan I divizionunun ilk dövrəsini lider kimi başa vuran “Araz-Naxçıvan” futbol komandası ikinci dövrənin hazırlıqlarına start verib. Yanvarın 5-də Bakıda bir araya gələn Əsgər Abdullayevin yetirmələri ilk bir həftəni daha çox bərpa prosesi kimi keçəcək. Bununla yanaşı, komandaya cəlb olunacaq yeni futbolçular sınaqdan keçiriləcək.
Məlum olduğu kimi, “Araz-Naxçıvan” ilk dövrə başa çatdıqdan sonra 5 futbolçu ilə yollarını ayırıb. Elvin Cəbrayıllı, Rəşad Hacızadə, Elnur Soltanlı, Nicat Əliyev və Ozal Əbiyevlə müqaviləyə qarşılıqlı surətdə son qoyan muxtar respublika təmsilçisi indi daha çox gənc futbolçuları sınaqdan keçirir. Baş məşqçi Əsgər Abdullayevin ixtiyarında olan və sınaq müddətində topqovma bacarıqlarını nümayiş etdirməyə çalışan 8 gənc futbolçudan kimlərin komandada qalıb-qalmayacağı bu həftənin sonunadək aydınlaşacaq.

Gündə bir dəfə məşq etməklə hazırlıqlarını davam etdirən “Araz-Naxçıvan”ın qarşıdakı günlər ərzində məşqlərinin sayını ikiyə yüksəldəcəyi gözlənilir. Muxtar respublika təmsilçisi bərpa prosesindən sonra yoldaşlıq oyunları da keçirəcək. Komandanın sparinq rəqibləri sırasında “AZAL”, “Sumqayıt” və “Rəvan” futbol komandalarının adları hallansa da, sonuncu komandanın baş məşqçisinin istefa verməsi oyunun keçirilib-keçirilməyəcəyinə də təsir göstərib. Bu rəqiblərlə hazırlıq matçları yanvarın 12-dən sonra keçiriləcək.
“Araz-Naxçıvan” futbol komandasının müdafiəçisi Mikayıl Rəhim­ov müalicə üçün Türkiyəyə yollanıb. Dayaq müdafiəçisinin dizindəki probleminin müalicəsi üçün 10 gün qardaş ölkədə qalacağı bildirilir. İlk dövrədə zədələnən Emin İmaməliyev isə hələ də həkim nəzarətindədir. Zədəsi tam olaraq sağalmayan kapitanın bir müddət sonra komanda ilə məşqlərə çıxacağı gözlənilir.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR