20 May 2024, Bazar ertəsi

Dünən İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə Futbol Veteranları İttifaqının birgə təşkil etdiyi veteran futbolçular arasında turnirin yekun mərhələsinin oyunları keçirilib. Açılış mərasimindən sonra tədbirin bədii hissəsi Naxçıvan Dövlət Filarmoniyası kollektivinin çıxışı ilə yadda qalıb.

Bundan sonra turnirin yekun mərhələsinə start verilib. Tədbirdə veteran futbolçulardan ibarət “Neftçi”, “Qarabağ”, “Kəpəz”, “Sumqayıt” və “Araz-Naxçıvan” komandaları iştirak ediblər. Meydan sahibləri kimi Naxçıvan təmsilçisi yalnız son oyunda meydana çıxacaqdı və komandanın rəqibi digər 4 komandanın birləşmiş kollektivi olacaqdı.

Əvvəlcə meydana “Neftçi” və “Kəpəz”in veteranları çıxdılar. Bu görüşdə daha yaxşı təsir bağışlayan paytaxt klubu 5:2 hesablı qələbə qazanmaqla adını finala yazdıran ilk komanda oldu. Daha sonra meydan “Sumqayıt” və “Qarabağ” veteranlarının ixtiyarına verildi. Futbolçu karyeralarını yenicə başa vurmuş sumqayıtlılar qarabağlı həmkar­larının qapısından 7 top keçirdilər. Əvəzində isə öz qapılarından 4 top çıxarmaq məcburiyyətində qaldılar. “Sumqayıt” bu qələbədən sonra finalda “Neftçi”yə rəqib olub.
Üçüncülük matçında “Kəpəz” “Qarabağ”la qarşılaşıb. Daha aktiv oyun sərgiləyən gəncəlilər 5:4 hesabı ilə qalib gələrək turnirin bürünc mükafatçısı olublar. Final oyunu isə gözlənildiyindən də gərgin keçdi. “Neftçi” və “Sum­qayıt”ın veteran futbolçularının oyunu göz oxşadığı qədər də, çətin alındı. 5:2 hesabı ilə paytaxt klubunu məğlub etməyi bacaran Sumqayıtın eyniadlı komandası turnirin baş mükafatını qazanıb.
Bundan sonra meydana “Araz-Naxçıvan”ın veteran futbolçuları çıxıblar. Muxtar respublika təmsilçisinin yoldaşlıq oyununda rəqibi digər komandaların veteranlardan ibarət kollektivi olub. Hesabda önə keçməsinə baxmayaraq, “Araz-Naxçıvan” meydanı 5:7 hesablı məğlubiyyətlə tərk edib. Sonda turnirin mükafatçıları təşkilatçılar tərəfindən diplom, medal və kubokla təltif ediliblər.  
Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev tədbirdən sonra bizimlə söhbətində belə turnirlərin muxtar respublikada ənənə halı almasının vacibliyini qeyd etdi: “Turnirin yekun mərhələsinin Naxçıvanda təşkilinə yaradılan şəraitə görə minnətdarlığımı bildirirəm. Bu gün Naxçıvan belə bir turnirə layiqli ev sahibliyi etdi. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş bu yarışın yekun mərhələsinə əvvəlki mərhələlərdə fərqlənən komandalar dəvət olunmuşdular. Düşünürəm ki, belə turnirlər təşkil etməklə həm də veteran futbolçularımızı bir araya toplamış oluruq. Gələcəkdə Naxçıvanın belə turnirlərə ev sahibliyi etməsi, həmçinin təşkilatçılığı gənc nəsil futbolunun da inkişafına böyük təkan verəcək”.

Ceyhun MƏMMƏDOV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR