Dünən İlham Əliyev adına Olimpiya-İdman Kompleksində daha bir turnirə start verilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının birgə təşkil etdiyi və ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş voleybol üzrə kişilər arasında Naxçıvan Muxtar Respublika çempionatının açılış mərasimi olub.
Açılışda nazirlik və federasiya rəsmiləri çıxış edərək son zamanlar muxtar respublikada voleybolun inkişafından, bu idman növünə göstərilən dövlət qayğısından bəhs ediblər.
Sonra Dövlət himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının sədr müavini Aydın Mirzəyev bizimlə söhbətində yarışın reqlamenti barədə məlumat verdi: “Kişilər arasında voleybol üzrə Naxçıvan Muxtar Respublika çempionatı 3 gün – 20, 21 və 22 dekabr tarixlərində keçiriləcək. Bu çempionatda muxtar respublikanın rayonlarının komandaları, həmçinin Naxçıvan şəhərini təmsil edən bir komanda mübarizə aparacaq. Ümumilikdə, 8 komandanın birincilik uğrunda mübarizə aparacağı çempionat 2 yarımqrupda dairəvi sistemlə keçiriləcək. Qrup mərhələsini ilk iki pillədə başa vuran komandalar yarımfinala yüksələcəklər. Final, eyni zamanda üçüncülük uğrunda oyunlar dekabrın 22-də keçiriləcək. Qaliblər nazirlik tərəfindən diplomlarla, federasiya tərəfindən isə qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar”.
Sədr müavini həmçinin son zamanlar federasiyanın gördüyü işlər barədə də danışdı: “Son zamanlar biz belə yarışların daha tez-tez təşkil olunmasına önəm veririk. Belə turnirlər, çempionatlar Naxçıvan Muxtar Respublikasında voleybolun inkişafına böyük təkan verir, yeni istedadlı gənclərin üzə çıxarılmasında mühüm rol oynayır”.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən çempionatda qrup mərhələsinin liderləri digər qrupda ikinci pilləni tutmuş komandalarla qarşılaşacaq və yalnız bundan sonra finalçıların adlarına aydınlıq gələcək.
Ceyhun MƏMMƏDOV