22 Dekabr 2024, Bazar

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş məşqçilik kursunun üçüncü mərhələsi başa çatıb.
Şərur Olimpiya İdman Kompleksində təşkil olunmuş təlimlərdə futbol üzrə Azərbaycan milli komandasının köməkçi məşqçisi Arif Əsədov, AFFA-nın Maarifləndirmə şöbəsinin təlimatçıları İlkin Hüseynov və İlham Əzizzadə iştirak ediblər.

Kursa muxtar respublikanın müxtəlif bölgələrindən 15 məşqçi qatılıb. Məşqçilərin gün ərzində 2 dəfə nəzəri və praktik məşğələləri təmin olunub. Onlardan praktik, şifahi və yazılı imtahan götürülüb.
Qeyd edək ki, imtahanların yekun nəticəsinə əsasən uğur qazanan iştirakçılara “C” kateqoriyalı məşqçi lisenziyası veriləcək.


Kursun yekununda milli komandamızın köməkçi məşqçisi Arif Əsədovun fikirlərini öyrəndik: “Naxçıvana hər gəlişim mənim üçün xoş və sevindiricidir. Uzun illər öncə “Araz” komandasına qarşı futbolçu kimi meydanda olmuşam. Təəssüf ki, klub uzun müddət əsas liqadan kənarda qaldı. Buna rəğmən sevindirici məqam odur ki, klub yenidən formalaşdırılır və ən önəmlisi Naxçıvan futbolundakı əsaslı dəyişikliklərin nəticəsində planlı və strukturlu işlər görülür. Artıq AFFA ilə NFF arasındakı işgüzar əlaqələr davamlı xarakter alıb. Nəticədə, region futbolunun inkişafı baxımından intensiv addımlar atılır. İnanıram ki, birgə fəaliyyətimiz yaxın gələcəkdə öz bəhrəsini verəcək”.

Muxtar respublikamızda uşaq futboluna böyük önəmin verildiyini deyən Arif Əsədov diqqətimizə onu da çatdırdı ki, bu, milli komandamız və ümumilikdə, futbolumuzun gələcəyi üçün olduqca vacib amildir. Düzdür, buna görə uzun illər gözləmək lazım gəlir. Amma əsas məsələ bu illər ərzində futbolçuların fiziki və taktiki inkişafına nail olmaqdır. Bunun üçün lazım olan maddi-texniki baza formalaşdırılmaqdadır. Eyni zamanda “C” kateqoriyalı məşqçilik kursu bu sahədəki məşqçilərin inkişafı və yeni kadrların hazırlanması baxımından əhəmiyyətlidir.
Məşqçilik kursu barədə düşüncələrinə gəlincə, gənc məşqçilər milli komandamızın köməkçi məşqçisinə xoş təəssürat bağışlayıb: “Peşəkar məşqçilik yolunda “C” kateqoriyası ilk pillə hesab olunur. İştirakçıların arasında futbol oynamış və ya futbol sahəsinə sonradan yönələn insanlar olur. Burada isə, demək olar ki, bütün iştirakçıların futbol praktikası var. Onların arasında futbolçu karyerasını yeni bitirən gənclərimizi də görürük. Üzərimizə düşən iş onların məşqçilik bacarıqlarını futbolun müasir tədris metodları vasitəsilə formalaşdırmaqdır. Buraya gəlişimlə həm də Naxçıvan Futbol Federasiyanın tamamlanmaqda olan yeni təlim-məşq kompleksi ilə yerində tanış olmaq imkanı əldə etdim. Ölkəmizdə belə müasir idman bazalarını görmək biz veteran idmançıları çox sevindirir. Kompleks futbolun müxtəlif sahələrinin inkişafı üçün kifayət qədər əlverişlidir. Xeyirli, uğurlu olmasını arzu edirəm”.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR