22 Dekabr 2024, Bazar

Futbol üzrə Azərbaycan I divizionunun 14-cü turu çərçivəsində keçirilən “Neftçala” – “Araz-Naxçıvan” qarşılaşması, gözlənildiyi kimi, gərgin mübarizə şəraitində keçib. Neftçalaya səfərə saatlar qalmış matçın keçiriləcəyi yeri Bakı şəhərinə dəyişən rəqib komanda eyni zamanda istəyini də reallaşdırmış oldu. “Araz-Naxçıvan” futbol komandasının stadionu təbii ot örtüyünə malikdir və komanda bütün məşqlərini burada keçirir. Təbii ki, gözlənilmədən süni meydançada keçirilən matç futbolçuların da oyununa mənfi təsir göstərdi. İşin inzibati tərəfində üstünlüyü ələ alan “Neftçala” futbol komandası oyun zamanı hakimin də ədalətsiz qərarları əsasında meydanı qalib kimi tərk etdi.

Referi Fariz Yusifovun matç boyu gülünc qərarları “Bayıl Arena”ya toplaşmış azarkeşlərin də diqqətindən yayınmadı. Hadisələrin kulminasiya nöqtəsi isə ikinci hissənin ortalarına təsadüf etdi. Meydan sahiblərinin hesabı açmasından sonra vaxt oğurluğu prinsipi ilə oynamaları, eyni zamanda meydançada kobudluğa daha çox üstünlük vermələri F.Yusifovun fitini “susdurdu”. Son 10 dəqiqədə neftçalalıların 9 nömrəli futbolçusu Aslan Hüseynovun dilinə gətirdiyi nalayiq sözlər sıravi fanatların belə, qulaqlarını cingildətdi. Bu halın baş verdiyini oyunun videoyazısında da görmək mümkündür. Rəqibin kobud sözlərinə futbolçumuz Eşqin Quliyev sakit tərzdə cavab versə də, baş hakim ilk olaraq E.Quliyevi meydandan uzaqlaşdırdı. Ardınca öz səhvini ört-basdır etmək üçün Aslan Hüseynova da eyni aqibəti yaşatdı. Son hücumlarımızın birində isə çox qəribə bir nüans yarandı. “Neftçala”nın futbolçularından biri zədələnərək meydanı xərəkdə tərk etdi. Bu zaman meydan sahibləri əvəzetmədən istifadə edərək 4 nömrəli futbolçu Orxan Məmmədovu meydana buraxdılar. Ancaq onun əvəzlədiyi 7 nömrəli futbolçu Nakim Vəliyev meydanı tərk etmədi. Halbuki əvəzetmə zamanı stadionun radiouzelindən bu dəyişiklik anons edilmişdi. Məşqçilər korpusumuzun etirazlarından sonra baş hakim Fariz Yusifov 4-cü hakim Etibar Həsən­ova yaxınlaşaraq məsələyə aydınlıq gətirdi. Yalnız bundan sonra rəqibin əvəzlənən oyunçusu meydanı tərk etdi.
Bununla yanaşı, Fariz Yusifovun oyunun əsas hissəsinə əlavə etmiş vaxtın az olması diqqətdən yayınmadı. Çünki ikinci hissədə “Neftçala” futbolçularının tez-tez simuliyasiya etməsi ən azından oyunun əsas vaxtının 9 dəqiqəsini almışdı. Buna baxmayaraq, əlavə edilən 5 dəqiqə hakimin matçı necə idarə etdiyinin bariz nümunəsidir. Əgər Fariz Yusifovun səhvlərinə göz yumularsa və o, qarşıdakı ilk 7 turun oyunlarına təyinat alarsa, o zaman bu haqsızlığı “Araz-Naxçıvan”a qarşı təxribat kimi qiymətləndirmək olar.
İntizam Komitəsi dünən oyunda qırmızı vərəqə alan futbolçularla bağlı qərarını açıqlayıb. Belə ki, rəqibin iki futbolçusu – Tanrıverdi Məhərrəmli və Aslan Hüseynova 3 oyunluq cəza verilib. Maraqlısı odur ki, futbolçumuz Eşqin Quliyev də eyni aqibətlə üzləşib. 9 nömrəli yarımmüdafiəçimiz hakimin ədalətsiz qərarından sonra qarşıdakı 3 turu buraxmalı olacaq. Ancaq hakimlərin hansı cəza ilə üzləşəcəyi hələ də məlum deyil.
Məsələ ilə bağlı “Araz-Naxçıvan” futbol komandasının quruma etiraz edəcəyi gözlənilir.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR