Futbol üzrə Azərbaycan I divizionunun 14-cü turu çərçivəsində “Araz-Naxçıvan” futbol komandası səfərdə “Neftçala” futbol komandasının qonağı olacaq. Nəriman Nərimanov adına Neftçala Şəhər Stadionunda keçiriləcək matç turun mərkəzi oyunu hesab edilir. Hazırda turnir cədvəlinə liderlik edən Naxçıvan təmsilçisi rəqibindən 11 xal irəlidədir. Neftçala klubu isə son iki mövsümdən fərqli olaraq, uğursuz çıxışı ilə diqqəti cəlb edir.
“Neftçala” futbol komandası son 3 turdur ki, qələbə üzünə həsrətdir. Sonuncu dəfə doğma arenada “Mil-Muğan”ı məğlub edən (1:0) qara-ağlar o vaxtdan bəri çempionatda qələbə qazana bilmirlər. Keçirdiyi 3 oyunda “Qaradağ-Lökbatan” və “Şəmkir”lə heç-heçə edən neftçalalılar öz meydanlarında “Turan-T”yə uduzublar. Ümumiyyətlə, komandanın cari mövsümdəki “ev” oyunlarına baxdıqda maraqlı statistika ilə üzləşirsən. Belə ki, baş məşqçi Bəhram Şahquliyevin komandası doğma arenada keçirdiyi 7 oyunun 3-də məğlub olub ki, bu da onların turnir cədvəlində irəliləməsinə maneçilik törədib.
“Araz-Naxçıvan”la matç öncəsi “Neftçala”nın heyətində olan itkilər diqqətdən qaçmır. Belə ki, komandanın vuran ayağı və hazırda “Araz-Naxçıvan”ın hücumçusu David Canıyevdən sonra bombardirlər siyahısında 9 qolla ikinci olan Ceyhun Abdullayev bu oyunu buraxmalı olacaq. Bir neçə tur öncə zədələnən hücumçunun zədəsi hələ tam olaraq bərpa olunmayıb.
“Araz-Naxçıvan”a gəlincə, Əsgər Abdullayevin yetirmələri Naxçıvana güclü qarın yağmasına baxmayaraq, məşqlərini ara vermədən davam etdirirlər. Gündə bir dəfə məşq edən qırmızı-ağların əsas hədəfi qələbədir. Bu gün günorta saatlarında Neftçalaya yola düşəcək komandamız Salyan Olimpiya İdman Kompleksində qalacaq və oyun öncəsi son məşqinə də elə bu kompleksin meydançasında çıxacaq. “Araz-Naxçıvan”ın heyətində Emin İmaməliyevin zədəli olması məşqçilər korpusunu narahat edir. Kapitanın bu görüşdə meydana çıxıb-çıxmayacağı oyundan öncə həkimlərin son rəyindən sonra bəlli olacaq.
Qeyd edək ki, “Neftçala”-“Araz-Naxçıvan” matçı dekabrın 15-də saat 1400-də keçiriləcək.
Ceyhun MƏMMƏDOV